Məhkəmə qərarları › İş №3(001)-2625/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2625/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2625/2022 30.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X7 katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Şakir Bahadırovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Naftalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru Şakir Bahadırov izahat verərək bildirmişdir ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-1347/2015 nömrəli icra sənədində iddiaçı "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli 03-MK/0330 nömrəli kredit müqaviləsi ləğv edilmişdir. Həmçinin, həmin icra sənədinə əsasən, iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehlər X4, X5, X1, X3 və Şəxs müştərək qaydada 10607 ABŞ dolları əsas borc, 4912 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 15719 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 29,08 manat məbləğində pul vəsaiti tutulması göstərilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilərək borcluya göndərilmişdir. Şəxs bu günədək icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, borclu Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, o, həmin kredit müqaviləsi üzrə borclu deyil, zamin qismində çıxış etmişdir. Bu səbəbdən də, icra sənədi üzrə tək borclu kimi yox, müştərək borclu hesab olunmuşdur. Bir neçə dəfə borcun ödənilməsi ilə bağlı əsas borclu X2 müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-1347/2015 nömrəli icra sənədindən görünür ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli 03-MK/0330 nömrəli kredit müqaviləsi ləğv edilmişdir. İddiaçı "xxxx" ASCnin xeyrinə cavabdehlər X4, X5, X1, X3 və Şəxs müştərək qaydada 10607 ABŞ dolları əsas borc, 4912 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 15719 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 29,08 manat məbləğində pul vəsaiti tutulması qərara alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. 233632/2017-14-31 nömrəli icra işi üzrə şəxsin kartoçkasından görünür ki, Şəxs barəsində tələbin yönəldilə biləcəyi daşınar, daşınmaz əmlak, əmək müqaviləsi, pensiya məlumatları qeydə alınmamışdır. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-1347/2015 nömrəli icra sənədi üzrə yaranmış borc məbləği ödənilməyərək icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)- 1347/2015 nömrəli icra sənədi üzrə Şəxs yaranmış borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmədə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-1347/2015 nömrəli icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə icra məmuru tərəfindən icra işi üzrə icraata başlanılmışdır. Lakin, keçən dövr ərzində icra məmuru tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra olunmamağı ilə bağlı digər tədbir görülməmişdir. Belə ki, iş materialları və tərəflərin izahatından da görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə tək borclu deyildir. Həmçinin, icra sənədi ilə müəyyən edilir ki, zərərçəkmiş şəxs "xxxx" ASC ilə kredit müqaviləsi X4 arasında bağlanmışdır. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs isə zamin qismində çıxış etmiş, məhkəmə qətnaməsi üzrə isə müştərək cavabdehlərdən biridir. Lakin, qeyd edilməlidir ki, icra sənədi üzrə icraata 2017-ci ildə başlanılsa da, sonuncu dəfə 2019-cu il tarixdə icra məmuru tərəfindən icra vərəqinin icra edilməsi ilə bağlı Binəqədi Rayon Əmək və Məşğulluq mərkəzinə sorğu verilmiş, Binəqədi rayon Məşğulluq Mərkəzi 13 mart 2019cu il tarixdə Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə məktub ünvanlayaraq Şəxs mərkəzdə işaxtaran kimi qeydə alındığını, təcrübəsinin olmamasına görə ixtisası üzrə ona təklif edilmiş işdən imtina etdiyi bildirilmişdir. 2019-cu ildən hazırki vaxta qədər isə icra sənədinin icra edilməsi ilə bağlı icra məmuru tərəfindən hər hansı icra tədbirləri həyata keçirilməmişdir. İcra sənədinin icra edilməsi ilə bağlı sonuncu icra tədbirinin həyata keçirilməsindən 3 ildən çox müddət keçməsinə baxmayaraq, borcluya yenidən borcunu ödəməsi barədə xəbərdarlıq edilmədən, icra sənədinin icra edilməməsi ilə bağlı izahatı alınmadan 30 avqust 2022-ci il tarixdə borclu Şəxs əmlak və gəlir məlumatları barədə elektron informasiya sistemi vasitəsi ilə sorğu verilmiş, alınmış sorğuya cavaba əsasən şəxsin barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki inzibati xəta haqqında işə baxılan zaman isə borclu Şəxs əməlində icra məmurunun qanuni tələblərininin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı müəyyən edilmədi. Bu səbəbdən məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar