Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2632/2022 28.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Şəxs Firmasının qanuni təmsilçisi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Firması barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs Firması 3450000.00 Rusiya rublu məbləğində vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 3450000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Firmasının inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs Firmasının qanuni təmsilçisi X2 izahat verərək bildirmişdir ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, 3450000.00 Rusiya rublu məbləğində vəsaiti "xxxx" ASC-də olan bank hesabından xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasına köçürülmüşdür. Pulu köçürdüyü Rusiya Federasiyasında fəaliyyət göstərən şirkət tərəfindən dələduzluq yolu ilə həmin pul vəsaiti mənimsənilmişdir, belə ki, pulun köçürüldüyü şirkət tərəfindən alınacaq olan mallar onlara göndərilməmişdir. Həmin pul vəsaitini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onlar "xxxx" ASC-dən illik 13 faizlə kredit almışlar. Bununla bağlı Rusiya Fedrasiyasında istintaq orqanları tərəfindən cinayət işi başlanılmış, istintaq aparılmış, onun müraciəti əsasında Krasnadar Arbitraj məhkəməsi tərəfindən yekun məhkəmə aktı çıxarılmışdır. Krasnodar diyarı Abitraj məhkəməsi tərəfindən qəbul edilmiş A-32-21780/2021 saylı 29 oktyabr 2021ci il tarixli qərarın notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim edərək, Şəxs Firması barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli “Köçürmə haqqında ərizə”dən görünür ki, Şəxs Firması tərəfindən "xxxx" ASC-də olan hesabdan 3450000.00 Rusiya rublu məbləğində pul vəsaiti «OOO ДВИЖЕНИЕ» şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş KB 253-2-2022-77 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədləri təqdim etməyən müştərilərdən biri də Şəxs Firmasıdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şəxs Firması xx.xx.2020-ci il tarixli, 154 nömrəli köçürmə ərizəsi üzrə “OOO ДВИЖЕНИЕ" firmasına köçürülmüş 3 450 000 Rusiya rublu məbləğində vəsaitin bir qismi bankla xx.xx.2019-cu il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən illik 13 % ilə açılmış 500 000 AZN məbləğində kredit xəttindən istifadə edilməklə icra edilmişdir. Rusiya Federasiyası Krasnadar Arbitraj Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, A32- 21780/2021 nömrəli qərarının notarial təsdiq edilmiş, tərcümə olunmuş qərarından görünür ki, "xxxx" MMC-dən Şəxs Firmasının xeyrinə xx.xx.2020-ci il tarixli KP 1189 saylı müqavilə üzrə ******* rubl borc, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər olan dövr üçün 65550 rubl peni, eləcə də dövlət rüsumunun ödənilməsi üzrə 40578 rubl xərclər, nümayəndənin xidmətlərinin ödənilməsi üzrə 19000 rubl xərclər tutulması qərara alınmışdır. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Firmasının əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Firması tərəfindən 3450000.00 Rusiya rublu məbləğində vəsaiti "xxxx" ASC-də olan bank hesabından xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasına köçürülmüşdür. Pulun köçürüldüyü Rusiya Federasiyasında fəaliyyət göstərən “OOO ДВИЖЕНИЕ" firması Şəxs firması ilə aralarında bağlanmış olan müqaviləyə əsasən malın tədarük edilməsi üzrə öhdəliyini tam həcmdə və vaxtında yerinə yetirməmiş, nəticədə Şəxs firmasına ******* rubl həcminə borcu yaranmışdır. İş materiallarında olan Rusiya Federasiyası Krasnadar Arbitraj Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, A32-21780/2021 nömrəli qərarının notarial təsdiqli, tərcümə olunmuş surətindən də görünür ki, köçürülən pul məbləğinin Şəxs firmasının xeyrinə ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, qabaqcadan ödəniş müqabilində mal və xidmətlərin ölkəyə idxalını təsdiq edən və ya vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin təqdim edilməməsində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Firmasının təqsiri olmamışdır. Bu isə onu göstərir ki, Şəxs Firması barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, məhkəmə Şəxs Firmasının əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Firmasının əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Firmasının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2632/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2632/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver