Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2644/2021 30.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Kaspos MMC-in Nəsimi filialının müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Baş Polis İdarəsi X4 İdarəsinin Yol patrul xidməti baş inspektor, polis leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi tərtib edilmiş 13.03.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə X3 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, barəsində Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin polis əməkdaşı tərəfindən 13.03.2021-ci il tarixdə, səhər saatlarında sərxoş halda avtomobil idarə etməsi ilə əlaqədar protokol tərtib edilmişdir. O, həmin gün spirtli içki qəbul etməmiş və sərxoş vəziyyətdə olmamışdır. 12.03.2021-ci il tarixdə, gecə saatlarında bir qədər içki qəbul edib yatmış və səhər avtomobili idarə edərkən onda sərxoşluq halı olmamışdır. Lakin polis əməkdaşları sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün köhnə xüsusi texniki vasitədən istifadə etməklə ölçmə aparmış, 0,418 promil çıxmışdır. Ona görə də, məhkəmədən deyilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: 13.03.2021-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol və ona əlavə edilmiş qəbzdən görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müayinəsi məqsədi ilə saat 08:30-da xüsusi texniki vasitədən istifadə edilmiş və onun bədənində 0,418 promil miqdarında alkoqol aşkar edilmişdir. Həmçinin həmin protokoldan müəyyən edilmişdir ki, Şəxs qeyd olunan protokolun izahat hissəsinə müayinə məqsədi ilə həkimə ehtiyacının olmadığını və spirtli içki qəbul etdiyini etiraf etməsinə dair qeyd əlavə etmişdir. 13.03.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13.03.2021-ci il tarixdə sərxoş halda nəqliyyat vasitəsini idarə etmiş, nəticədə İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 13.03.2021-ci il tarixdə, 09:15-də müayinədən keçmişdir və Şəxs ayıq vəziyyətdə olması müəyyən olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarından da göründüyü kimi, Şəxs 13.03.2021-ci il tarixdə nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi faktı sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol ilə yanaşı ona əlavə edilmiş qəbzlə sübuta yetirilmişdir. Həmçinin sözügedən müayinə protokolunun qeyd hissəsində Şəxs spirtli içki qəbul etməsini etiraf etmişdir. Beləliklə, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu polis əməkdaşları tərəfindən aparılmış ölçmə tədbirlərindən 45 dəqiqə sonra tərtib edildiyi üçün 13.03.2021-ci il tarixli, 2/3205 saylı protokol Şəxs təqsirsizliyini sübut etmək üçün yetərli hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 333.1-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2644/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2644/2021
30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver