Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2644/2022 19.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, «X4» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, «X4» Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin DYPŞ tərəfindən «X4» Açıq Səhmdar Cəmiyyətinin İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X4» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 bildirmişdir ki, cəmiyyət barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasızdır. Çünki polis idarəsi tərəfindən ünvanlanmış sorğu cəmiyyətin ünvanına daxil olmadığından həmin sorğuya cavab verilməmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokoldan məhkəmənin bildiri əsasında məlumatları olmuşdur. Belə olan halda cəmiyyət tərəfindən sözü gedən sorğuya cavab verilməsi mümkün deyildir. Ona görə də, məhkəmədən sözügedən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: DİN-nin DYP portal çıxarışından və SS780284223AZ AZ kodlu Bakı şəhər Nəsimi rayon Polis İdarəsi DYPŞ tərəfindən «X4» Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, «X4» Açıq Səhmdar Cəmiyyətinin ünvan 1 ünvanına onun mülkiyyətində olan “Mercedes S350” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair Bakı şəhər Nəsimi RPİ-nin DYPŞ tərəfindən sorğu verilmiş və həmin sorğu xx.xx.2022-ci il tarixdə İbrahimova soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən «X4» Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat verilmədiyindən barəsində İXM-in 347ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-2814/2022 nömrəli qərardadından görünür ki, «X4» Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 3 Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, «X4» Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətanı yalnız səlahiyyətli orqanın sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində vəzifəli şəxs tərəfindən sorğu verənə göndərilməməsinə görə nəzərdə tutmuşdur. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin DYPŞ tərəfindən sözügedən sorğu «X4» Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı olan ünvan 4 göndərilməmiş və qeyd olunan sorğunun hansı ünvana göndərilməsinə dair iş materiallarında heç bir sübut aşkar edilməmişdir. Belə ki, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin DYPŞ tərəfindən göndərilmiş sorğunun «X4» Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmasını təsdiqləyəcək xəbərnamə əsas götürülərək iş materiallarına əlavə edilsə də, iş materiallarından müəyyən edilmişdir ki, sözügedən sorğu cəmiyyətin hüquqi ünvanına deyil, onun ünvanı kimi göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Digər tərəfdən məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Bununla yanaşı, iş materiallarında olan poçt xəbərnaməsinin «X4» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən qəbul edilməsi təsdiq olunmur. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə «X4» Açıq Səhmdar Cəmiyyətinin əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair «X4» Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair «X4» Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-2644/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2644/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver