Məhkəmə qərarları › İş №3(001)-2649/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2649/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2649/2025 09.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X3 izahatında bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-923/2019 saylı icra vərəqəsinə əsasən hər ay 120 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin icra sənədi üzrə Şəxs aliment öhdəliyini yerinə yetirməmişdir. Həmçinin borclunun olduğu yer müəyyən edilməmiş, barəsində axtarış elan edilmişdir. Borclu icra şöbəsində ümumiyyətlə olmamış, tələbin könüllü icrası barədə bildiriş borclunun ünvanına göndərilmişdir. Lakin borclunun atası icra şöbəsində olmuş, o, şəxsən borclunun atasına bildirmişdir ki, tələbkar pulunu tələb edir, gedib tələbkarla razılıq əldə etsinlər. Zərərçəkmiş şəxs 2019-cu ilin aprel ayında ölkə ərazisini tərk etmiş, 2021-ci ilin may ayında yenidən ölkəyə qayıtmışdır. Məhkəmə qətnaməsi çıxarılan zaman ölkədə olmamışdır. Hazırda aliment üzrə qalıq borcun nə qədər olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Çünki, həm borclu, həm də tələbkar pul ödənişləri olduğunu təsdiqləmişdir. Lakin ödənişləri təsdiq edən sənədlər icra şöbəsində olmadığı üçün borcu konkretləşdirmək mümkün olmamışdır. Tələbkar şəxs bank hesabından çıxarış edərək qalıq borcu dəqiqləşdirəcəyini qeyd etmişdir. Hazırda tələbkarın həmin çıxarışı icra şöbəsinə təqdim etməyini gözləyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, faktiki olaraq boşanmalarından və aliment ödəməli olduğundan məlumatlı olmuşdur. Lakin bu barədə məhkəmə qətnaməsinin çıxarıldığını yaxud icra sənədinin verildiyini bilməmiş, həmin sənədləri faktiki olaraq almamışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə ölkədən çıxmış, xx.xx.2021-ci il tarixdə qayıtmış, 23.05.202-ci il tarixdən yenidən Rusiya Federasiyasına getmiş, xx.xx.2025-ci il tarixdə ölkəyə qayıdarkən hava limanında saxlanılmışdır. Hava limanında saxlanılarkən barəsində axtarışın olmasını öyrənmişdir. Rusiyada olduğu müddətdə fəflə kimi tikintidə işləmiş, uzun müddət işləsə də ona ödənilməli məbləğ tam olaraq ödənilməmişdir. Azaərbaycana qayıtmaq üçün təyyarə biletini belə onun üçün dayısı almışdır. Ona rəsmi qaydada məhkəmə qətnaməsi və icra vərəqi verilməsə də boşandıqları üçün uşağa aliment verməli olduğunu bilmişdir. Buna görə də hər ay mütəmadi olaraq 50-70 manat arası aliment ödəmişdir. Son 9 ayda isə mütəmadi olaraq 100 manat ödəniş edilmişdir. Hazırda tələbkar Zərərçəkmiş şəxs ilə razılıq əldə etmiş və bundan sonra mütəmadi olaraq aliment məbləğini tam olaraq ödəyəcək və eyni zamanda əbvvəlki borclarını da bağlayacaqdır. Qeyd edilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, o, aliment ödənişinin ona ödənilməsini tələb edir. Son 9 ay ərzində hər ay 100 manat olmaqla mütəmadi olaraq ödəniş edilmişdir. Lakin ondan əvvəlki aylarda ödənişlər tam şəkildə olmamaqla müxtəlif məbləğlərdə ödənilmişdir. Belə ki, ona hər ay gah 50 manat, gah 70 manat məbləğlərində ödənişlər edilmişdir. Hazırda tələbi qalıq aliment borcunun müəyyən edilməsi və həmin borcun hamısının ona ödənilməsindən ibarətdir. Bunun üçün Şəxs ilə razılıq əldə etmişlər və o 2 aya borcunu ödəyəcəyini bildirmişdir. Odur ki, hazırda şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-923/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs 22 mart 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq uşağın anası iddiaçı X2 verilməlidir. Aliment xx.xx.2019-cu il tarixdən tutulmalıdır. xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-923/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilərək qərar icra edilməsi üçün Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdə ölkə ərazisinindən çıxmış, xx.xx.2021-ci il tarixdə geri qayıtmış, 23.05.202-ci il tarixdən yenidən Rusiya Federasiyasına getmiş, xx.xx.2025-ci il tarixdə ölkəyə ərazsinə qayıtmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, Şəxs ilə aralarında razılıq ələd edilmişdir. Razılığa görə qalan aliment borcunu dəqiqləşdirib və həmin borcu 2 ay müddətinə ödəyəcəkdir. Odur ki, hazırda şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-923/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 22 mart 2016cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. xx.xx.2019-cu il tarixdə qeyd edilən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə onun ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Şəxs axtarışı barədə qərar qəbul edilmişdir. Lakin Şəxs xx.xx.2019-cu il tarixdə ölkə ərazisinindən çıxmış, xx.xx.2021-ci il tarixdə geri qayıtmış, 23.05.202-ci il tarixdən yenidən Rusiya Federasiyasına getmiş, xx.xx.2025-ci il tarixdə ölkəyə ərazsinə qayıdarkən hava limanında saxlanılmışdır. Göründüyü kimi Şəxs barəsində icraata başlanılan zaman o ölkə ərazisində olmamış, tələbin könüllü icrası barədə bildirişi ölkə ərazisində olmadığından faktiki olaraq almamış, onun barəsində axtarış qərarı ölkə ərazisini tərk edikdən təxminən 2 il sonra qəbul edilmişdir. Həmçinin Şəxs tələbin könüllü icrası barədə bildirişi faktiki olaraq almasa da ödəməli olduğu aliment borcu üzrə son 9 aya qədər mütəmadi olaraq 50-70 manat arası ödəniş etmiş, son 9 ay ərzində isə mütəmadi olaraq 100 manat ödəniş etmişdir. Lakin icra məmuru tərtib etdiyi protokolda onun ödəməli olduğu aliment borcunu 8520 manat olaraq göstərsə də, məhkəmə iclasında tərəflərin izahatı ilə həmin məbləğin düzgün olmadığı, icra məmuru icra vərəqəsində göstərilmiş xx.xx.2019-cu il tarixdən protokol tərtib etdiyi tarixədək olan bütün aylar üzrə, faktiki ödənilmiş məbləğləri dəqiqləşdirmədən və nəzərə almadan 8520 manat məbləğdə aliment ödənişi ödəmədiyi qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs da Şəxs bildirdiklərini təsdiq edərək son 9 ay ərzində mütəmadi olaraq 100 manat məbləğində aliment ödənişinin edildiyini, ondan əvvəlki aylar üzrə isə hər ay 50-70 manat arasında aliment ödənişinin edildiyini təsdiq edərək, hazırda aralarında qalan borcun ödənilməsi barədə razılıq əldə edildiyini, hazırda hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Göründüyü kimi Şəxs icra sənədindən xəbərdar olmamış və sonuncu ölkə ərazsindi daha əvvəl tərk etdiyindən tələbin könüllü icrası barədə bildirişi faktiki olaraq əldə etməsə də 9 ay ərzində mütəmadi olaraq 100 manat, əvvəlki aylarda isə 50, 60, 70 manat kimi müxtəlif məbləğlərdə aliment ödənişi etmişdir. Şəxs tərəfindən tam məbləğdə olmasa da, mürəmadi olaraq aliment ödənişini etməsi onun məhkəmə qərarının icrasına etinasız davranışını, aliment öhdəliyinə və uşağın mənafeyinə laqeyd yanaşmasını istisna edir. Bundan başqa Şəxs ödəməli olduğu alimenti tam məbləğdə ödəyə bilməməsini fəhləliklə məşğul olması, maddi imkanının aşağı olması ilə əlaqələndirmşdir ki, icra məmuru bunun əksini sübut edəcək onun faktiki olaraq aliment məbləğini tam şəkildə ödəməyə imkanının olmasını təsdiq edən hər hansı sübutu iş materiallarına əlavə etməmiş, qeyd edilən hallar məhkəmə iclası zamanı da müəyyən edilməmişdir. Bununla yanaşı, borclu mövcudluğundan xəbəri olmadığı, tələbin könüllü icrası barədə bildirişi almadığı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyətə cəlb edilə bilməz. Çünki şəxsin əməlində həmin inzibati xətanın tərkib əlamətlərinin yaranması üçün şəxs icra sənədindən məlumatlı olmalı, ona tələbin icrasası barədə bildiriş verilməli, şəxs həmin icra sənədini icra etmək qabiliyyətinə malik olmalı, lakin qərəzli olaraq həmin icra sənədini icra etməməlidir. Yəni hər hansı şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun qərəzli olaraq icra sənədinin icrasından yayınmasını təsdiq edən sübutlar toplanaraq iş materiallarına əlavə edilməldir. İndiki vəziyyətdə isə Şəxs barəsində olan icra sənədini qərəzli olaraq icra etməməsi təsdiqini tapmamış, borclu Azərbaycan Respublikası ərazisinə daxil olduqdan sonra saxlanılmış və növbəti gün barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, onun ödəməli olduğu aliment borcunun məbləği belə dəqiqləşdirilməmişıdir. İcra orqanı tərəfindən qalıq aliment borcunun müəyyən edilməməsi də özlüyündə inzibati xəta haqqında protokol kifayət qədər əsas olmadan tərtib edildiyini bir daha təsdiq edir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs icra sənədindən ümumiyyətlə məlumatsız olması, həmçinin icra tələbi barədə məlumatlı olmasa da və uşağa tam məbləğdə olmasa belə mütəmadi olaraq aliment ödəməsi icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna etdiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar