Məhkəmə qərarları › İş №3(001)-2650/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2650/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2650/2021 16.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Binəqədi rayonu, H.Babaşov küçəsi 11a ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs oğlu barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB tərəfindən İXM-in 206-cı maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs oğlu 15.07.2021-ci il tarixdə Həmzə Babayev küçəsi 11 A ünvanında narkotik maddələrdən istifadə etdiyi üçün polis bölməsinə gətirilmiş və barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yaşadığı ünvanda qonşuları tərəfindən dəfələrlə şikayət daxil olmuşdur. Belə ki, narkotik vasitə istifadə edərək küçədə yatır, bu da digər şəxsləri narahat edir. Ailə üzvləri də ondan narazıdırlar və onunla birgə yaşamaq istəmirlər.Odur ki, məhkəmədən Şəxs oğlunun inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək bildirmişdir ki, təxminən 4 ildir ki,müxtəlif narkotik vasitələrdən istifadə edir. Belə ki, 15.07.2021-ci il tarixdə evdə narkotik istifadə etdiyi üçün söz-söhbət yaranmışdır. Bölmədə izahatı alınaraq barəsində İXM-in 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən səmimi peşmançılığının nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzə icraata xitam verilməsini və ya cərimə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu onun qardaşıdır. Qardaşı təxminən 4 ildir ki narkotik vasitədən istifadə edir və qardaşının vəziyyəti pisdir. Narkotik vasitələrdən istifadə edərk evə gəlmir, küçədə yatır. Ailələrində tez-tez bunların üstündə münaqişə baş verir və onlara, xüsusilə anasına zülm verir. Yaşadıqları binada qonşular da qardaşı barədə dəfələrlə polisə şikayət ediblər. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs gənc olmasını və səmimi peşman olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 15.07.2021-ci il tarixli raportdan görünür ki, Şəxs oğlu barəsində 102 xidmətindən (2********) saylı məlumat daxil olmuş, H.Babaşov küçəsi 11a ünvanında yaşayan X3 narkotik vasitə aludəçisi olmuş qardaşının münaqışə yaratması haqqında məlumat daxil olmuş və polis əməkdaşları tərəfindən Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmişdir. Şəxs barəsində tərtib edilmiş 15.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 15.07.2021-ci il tarixli, 2166 saylı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxslərin Narkoti Sərxoşluq vəziyyətinin Narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinə keçirilməsi haqqında aktdan görünür ki, Şəxs müayinəsi zamanı onun sidiyindən narkotik vasitə olan OPİ (heroin qrupuna aid olan), psixotrop maddələr olan MET (metafetamin) və AMP (amfetamin) aşkar edilmişdir. 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş qərardan görünür ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədləri 0,15 qram narkotik vasitə olan “heroin, amfetamin və metafetamin” şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən sübut növü hesab edilir. Göründüyü kimi, Şəxs müayinə zamanı sidiyindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr olan OPİ-nin (heroin qrupuna aid olan), AMP-nin (amfetamin) və METnin (metafetamin) istehlak miqdarı müəyyən olunmadığından, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Beləliklə, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs oğlunun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs barəsində tərtib edilmiş,15.07.2021-ci il tarixli, AZA seriyalı, 009448 saylı protokoldan görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis leytenantı X4 tərəfindən inzibati qaydada 15.07.2021-ci il tarixdə,saat 15:00-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli 15.07.2021-ci il tarixdən,saat 15:00-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 iyul 2021-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar