Məhkəmə qərarları › İş №3(001)-2665/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2665/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2665/2020 14.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Binəqədi rayon prokurorluğunun nümayəndəsi X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin polis sahə inspektoru X2, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Masallı rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı övladı olan, işləməyən, Masallı rayonu, Xoşçobanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsində fərdi yaşayış evində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Araz” marketdə olarkən polisin qanuni tələbinə tabesizlik edərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin polis sahə inspektoru X5 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə 20:45 radələrində inzibati ərazidə olarkən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Araz Marketdə bir nəfər şəxs tibbi maskadan istifadə etmədiyinə görə ona yaxınlaşıb özünü təqdim etmiş və ona tibbi maskadan istifadə etməsini bildirib barəsində inzibati protokol tərtib olunması üçün şəxsiyyətini təsdiq edən sənədi soruşduqda o özünü təqdim etməyərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq hadisə yerindən qaçmağa cəht göstərmişdir. Bu səbəbdən həmin şəxs onun tərəfindən PŞ-nə dəvət olunmuşdur. PŞ-də həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Odur ki, Şəxs haqqında qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20:45 radələrində Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Araz” marketə alış-veriş üçün daxil olduğunda orada bir nəfər şəxs ona yaxınlaşaraq özünü təqdim edib polis əməkdaşı olduğunu bildirmiş və ona marketə tibbi maskadan istifadə etmədiyinə görə öz iradını bildirmişdir. O isə əsəbi olduğu halda özünü idarə etməmiş, həmin polis əməkdaşı ilə mübahisə etmişdir. Polis əməkdaşı onun şəxsiyyət vəsiqəsini tələb etmiş, o isə, üzərində heç bir sənəd olmadığını bildirmişdir. Polis əməkdaşı ilə mübahisə etdiyinə görə onu 4-cü PŞ-nə dəvət etmişlər. Bu zaman polis əməkdaşı ilə yenidən mübahisə etmiş və onu polis əməkdaşının qanuni tələblərinə tabe olmadığına görə 4-cü PŞ-nə aparmışlar. O, əməlindən peşmandır, barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Binəqədi rayon prokurorluğunun nümayəndəsi X3 barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkili, polis baş leytenantı Fərid Qasımov tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:45 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Araz” marketində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, MN №0696584 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZA №005818 saylı İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə 21:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Araz” marketində polisin qanuni tələblərinə tabe olmaması, bununla da İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar