Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2671/2024 07.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, "xxxx" ASCnin Hüquq departamentinin hüquqi mübahisələrlə iş üzrə şöbəsinin hüquq məsləhətçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış massivində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə "xxxx" ASC tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına "xxxx" ASC tərəfindən Şəxs barəsində İXM-nin 262.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, özü Lökbatan qəsəbəsində yaşasa da, ünvan 3 ünvanında onun həyətyanı torpaq sahəsi mövcuddur. Həmin ərazidə çoxlu ağacları vardır, həmin ağacların sulanması üçün sayğac olmadan sudan istifadə etmişdir. Özü şəxsən "xxxx" ASC-yə müraciət etsəm də, müraciəti rəsmi qaydada olmamışdır. Lakin şifahi olaraq ona hazırda kod açılmasının mümkün olmadığı bildirilmişdir. O da məcbur qalaraq ağacların quruması üçün müqavilə və sayğac olmadan təxminən 2 il olar ki həmin sudan istifadə etmişdir. Müraciəti şifahi olduğundan hazırda həmin müraciətini təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməsi mümkün deyildir. Məhkəmə iclasında "xxxx" ASC-nin Hüquq departamentinin hüquqi mübahisələrlə iş üzrə şöbəsinin hüquq məsləhətçisi X2 izahat verərək bildirmişdir ki, şəxsin su təchizatına qoşulmaq üçün "xxxx" ASC ilə müqavilə bağlanmalı, həmin müqavilə ilə vətəndaşın adına kod açılmalı və həmin kod əsasında sayğac quraşdırılmalıdır. Lakin vətəndaşın Şəxs su təchizatına qoşulması üçün rəsmi müraciəti olmamış, onun dedikləri hər hansı rəsmi sənədlərdə öz təsdiqini tapmır. Su təchizatına qoşulmaq üçün bəzi tələb olunan sənədləri təqdim etmək lazımdır. Ola bilər ki, vətəndaş həmin sənədləri tam toplamadığından kod açılmasının mümkün olmadığı bildirilmişdir. Şəxsin su təchizaına qanunsuz qoşularaq sudan qanunsuz istifadə etməsi öz təsdiqini tapdığından Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 115523 nömrəli aktdan görünür ki, araşdırma zamanı Binəqədi rayonu, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində 15mm boru vasitəsi ilə sudan müqavilə olmadan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 3 ünvanında su təchizatına qanunsuz qoşularaq sudan istifadə edildiyindən Şəxs barəsində İXM-nin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş bir ədəd diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin diskin yaddaşında yeddisi foto, biri video olmaqla 8 fayl mövcuddur. Həmin foto-şəkillər inzibati xəta haqqında protokolu, Şəxs şəxsiyyətinin ön və arxa surətlərini, 115523 nömrəli aktı və suya qanunsuz qoşulmanın foto-şəkilləridir. Videofaylda isə xx.xx.2024-cü il tarixdə ünvan 3ndə Şəxs məxsus evə baxış keçirilməsi və sudan qanunsuz istifadə halının aşkar olunması bildirilir və qanunsuz qoşulmuş olan su xəttində suyun olması göstərilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 262.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır və o qeyd edilən əməli törətmişdir. Belə ki, Şəxs İXM-in 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı digər iş materialları ilə də tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaların"ın 1-ci bəndinə əsasən hər bir istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərindən (bundan sonra – STTSAS) istifadə etmək hüququ vardır. İstehlakçıların STTSAS-a qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tənzimlənir. Su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaların"ın 8.6-cı maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi su təchizatı və tullantı sularının axıdılması xidmətləri istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış müqaviləyə əsasən həyata keçirilməlidir. Həmin müqavilə olmadan sudan istifadə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma hesab edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özü müqavilə olmadan sudan istifadə etdiyini bildirmişdir. Odur ki, Şəxs ünvan 3ndə yerləşən ona məxsus həyətyanı topraq sahəsində "xxxx" ASC ilə su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün müqavilə bağlamadan su təchizatı sisteminə qanunsuz olaraq qoşulmaqla suyu talayaraq az miqdarda ziyan vurmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin aşağı həddində tənbeh edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2671/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2671/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver