Məhkəmə qərarları › İş №3(001)-2672/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2672/2022

03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2672/2022 03.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X5 Zavodunun etibarnamə üzrə səlahiyyətli nümayəndələri X1 və Ağa-zadə Sənan Rəfail oğlunun, Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 X7 Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün X5 Zavodu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, X5 Zavodu 12 000.00 ABŞ dolları məbləğində vəsaiti 27 avqust 2020-ci il tarixdə xarici köçürmüş və 02 il müddət keçsə də, 12 000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır.Xəta 28 avqust 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.X3 Təcrübi Zavodu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Ona görə də, xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X5 Zavodunun etibarnamə üzrə nümayəndələri X4 və Ağa-zadə Sənan Rəfail oğlu məhkəmə iclasında bildirmişdir ki, X5 Zavodu tərəfindən 12 000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür.Eyni zamanda, nümayəndələr bildirmişdirlər ki, idxal olunan mallar rüsumdan azad olan mallar siyahısına daxildir.Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi Orxan Xaspoladov X5 Zavodu tərəfindən məhkəmə təqdim edilmiş deklarasiya sənədlərinə etiraz etmədiyini və Azərbaycan Respublikası Baş Nazirinin Birinci müavininin TN-649m sayl, xx.xx.2020-ci il tarixli məktubuna əsasən həmin malların idxalına icazə verildiyindən onlardan gömrük rüsumu tələb edilmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb qanunvericiliyin tələbini rəhbər tutaraq hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən məlum olur ki, X5 Zavodu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin, iş materiallarında olan xx.xx.2020-ci il tarixli deklarasiya sənədinə əsasən məlum olur ki, mal ölkəyə vaxtında daxil olmuşdur. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Baş Nazirinin Birinci müavininin TN-649m saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən məlum olur ki, Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2020-ci il tarixli, 745m nömrəli məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 28 nömrəli müqavilənin 1 nömrəli əlavəsi üzrə artilleriya atəşini idarəetmə sisteminin hazırlanmasında istifadə olunması üçün alınan 10 dəst “PAB- 2AM-L” markalı periskopik artilleriya busolunun (cihazının) idxalına icazə verilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir.Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət təbirlərinin həyata keçirilməsi üçün 2 iş gün ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.20 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydaları» na dəyişikliklər edərək xx.xx.2020-ci il tarixli, 06/1 saylı qərarı ilə bü müddət 270 gündən 2 ilədək uzadılmışdır.İş materiallarında olan gömrük bəyənnamələrinə əsasən məlum olur ki, sifariş verimiş mallar qeyd olunan müddətdə ölkəyə idxal olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cümaddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, yuxarıda qeyd olunan normaların tələblərindən məlum olur ki, inzibati xətanın mövcudluğu o halda baş verir ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd hüquqi şəxs tərəfindən banka təqdim olunmasın. Protokol və digər iş materiallarından isə aydın olur ki, Azərbaycan Respublikası Baş Nazirinin Birinci müavininin TN-649m saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən məlum olur ki, Müdafiə Sənayevsi Nazirliyinin xx.xx.2020-ci il tarixli, 745m nömrəli məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli 28 nömrəli müqavilənin 1 nömrəli əlavəsi üzrə artilleriya atəşini idarəetmə sisteminin hazırlanmasında istifadə olunması üçün alınan 10 dəst “PAB-2AM-L” markalı periskopik artilleriya busolunun (cihazının) idxalına icazə verilir və rüsüm tələb olunmur.Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, hüquqi şəxs tərəfindən təsdiqedici sənədin qanunvericiliklə müəyyən olunmuş müddət 2 (iki) il ərzində Banka təqdim edilməməsi halı müəyyən edilmədiyindən onun məsuliyyətə cəlb olunması qanunauyğun deyildir və hazırkı məqamda iş üzrə icraata xitam verilməlidir.Belə ki, hal-hazırda, mallar vaxtında ölkəyə idxal edilmişdir və rüsümdan azaddır.Eyni zamanda, həmin malların idxalına icazə verildiyindən onlar gömrük rüsumu ödəməkdən azaddırlar. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 40, 43, 48-53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Zavodunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar