Məhkəmə qərarları › İş №3(001)-2675/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2675/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2675/2024 17.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib olunan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən protokol tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun qanuni və əsaslı olmasını bildirərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş protokolun əsassız olduğunu və su xəttini öz qardaşının sayğacından götürdüyünü sudan istifadə üçün müəyyən edilmiş məbləğin qardaşı tərəfindən ödənildiyini bildirmiş və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və tətqiq edilən: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin videoda Şəxs məxsus fərdi yaşayış evində baxış keçirilməsi və baxış zamanı sudan qanunsuz istifadə halı müəyyən edilmədiyi bildirilir eləcə də su vintilinin açılaraq suyun axması, Şəxs su xəttini öz qardaşının sayğacından götürdüyü, sayğacın işlək vəziyyətdə olması, təzə şəbəkədən çəkilmiş su xəttindən istifadə halının olmadığı göstərilir. Məhkəmə proses iştirakçılarının fikirlərini dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-in 262.3-cü maddəsi nəzərdə tutulmuş əməli törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində İXM-in 262.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əməldə qeyd olunan inzibati xəta əməlinin mövcud olub-olmadığını qiymətləndirmək üçün əvvəlcə talama anlayışını nəzərdən keçirmək lazımdır. Belə ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən barətlər hərəkətlər başa düşülür. Hazırki iş üzrə isə inzibati xəta əməli su resurlasının az miqdarda talanmasına görə inzibati məsuliyyət müəyyən edir. Suyun talanması isə müvafiq şəbəkəyə qanunsuz qoşulmaqla həyata keçirilməlidir. Qanunsuz qoşulma dedikdə isə su resurslarının paylayıcı şəbəkəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilə bağlamadan, icazə almadan özbaşına qoşulma başa düşülməlidir. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qardaşının sayğacından sonra su xəttinə qoşulduğunu bildirmiş, səlahiyyətli orqan isə bunun əksini təsdiq edən sübutları məhkəmə təqdim edə bilməmişdir. Məhkəmə yaranmış şübhəni inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll etməklə qeyd edir ki, hazırki iş üzrə Şəxs su resurslarının paylayıcı şəbəkəsinə qanunsuz qoşulması öz təsdiqini tapmır. Əgər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qardaşının sayğacından sonra su xəttinə qoşulmaqla su resurslarından istifadə edirsə, bu zaman istifadə edilmiş suya görə ödəniş hesablanır. Belə olan halda özgə əmlakının hüquqazidd, əvəzsiz götürülməsindən söhbət belə gedə bilməz.Həmin sudan istifadə üçün müəyyən edilmiş məbləğ həmin sayğac adına qeydiyyata alınmış şəxs, yəni Şəxs qardaşı tərəfindən ödənilməlidir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Buna görə də səlahiyyətli orqan tərəfindən məhkəməyə Şəxs su şəbəkisənə qanunsuz qoşulmaqla su resurslarını talaması barədə mötəbər sübut təqdim edilmədiyindən, hazırki iş üzrə toplanmış sübutlar Şəxs İXM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün yetərli olmadığından, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edildiyindən məhkəmə Şəxs barəsində İXMnin 262.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraaata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməsi qənaətinə gəlir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-cü maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs İXM-in 262.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar