Məhkəmə qərarları › İş №3(001)-2682/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2682/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2682/2023 24.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 1, inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin polis əməkdaşları tərəfindən 2 nəfər şəxsi ərazidə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar 43cü Polis Bölməsinə dəvət etmişdirlər. Bu zaman həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş, daha sonra həmin şəxsləri bölməyə gətirmişdirlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxslərdən biri Şəxsdur. Ona görə də, barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində dostu Rüstəmov Elsunla birlikdə olan zaman iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq xidməti polis vəsiqələrini təqdim etmiş və burada nə işlə məşğul olduqlarının soruşmuşdurlar. Bu zaman onlar da həmin küçədə yaşadıqlarını bildirmişdirlər. Polis əməkdaşları onları bölməyə dəvət etmişdirlər və onlar bölməyə getmişdirlər. O, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş, ondan tələb olunanlara əməl etmiş, onlardan qaçmamışdır. O, qeyd olunanların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin c/a üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X1 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində 2 nəfər şəxsi ərazidə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar 43-cü Polis Bölməsinə dəvət etmişdirlər. Bu zaman həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş, daha sonra həmin şəxsləri bölməyə gətirmişdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarınn qanuni tələblərinə tabe olmadığından İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, AZA 009416 nömrəli inzibati qaydada tutma haqqında potokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında heç bir polis əməkdaşına tabesizlik göstərmədiyini, ondan tələb olunanlara əməl etdiyini bildirmişdir. Qeyd edilməlidir ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə Şəxs tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsinə dair qeyd təkzib edilmişdir. Çünki məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir tutarlı dəlil təqdim olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar