Məhkəmə qərarları › İş №3(001)-2683/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2683/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2683/2023 24.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43cü PB-nin sahə rəisi, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Yardımlı rayonu, Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yardımlı rayonu, Alar ərazi dairəsi, Alar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi, polis mayoru X6 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olamayaraq tabesizlik göstərmişdir. Belə ki, Şəxs və X3 ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkilləri Kamil Sultanov və Orxan Əhmədov tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində şifahi sorğu-sual edilərkən özlərini şübhəli aparmışlar, polis bölməsinə dəvət edildikdə isə bundan imtina edərək tabesizlik göstərmişlər. Şəxs polis bölməsinə gətirildikdən sonra izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evin yerləşdiyi küçədə tanışı Natiq Rəhimovla durub söhbət edərkən iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları onları sorğu-sual edərək baş vermiş oğurluq hadisəsi ilə bağlı hər hansı məlumatlarının olubolmadığını soruşmuşlar. Onlar oğurluq hadisəsi ilə bağlı heç bir məlumatlarının olmadığını dedikdə mülki geyimli polis əməkdaşları onları 43-cü polis bölməsinə dəvət etmişlər. Lakin həmin vaxt o və tanışı Natiq Rəhimov heç bir hadisə törətmədiklərini bildirib, polis bölməsinə getməkdən imtina etmişlər. Polis əməkdaşları təkidlə onlara polis bölməsinə getməli olduqlarını dedikdə razılaşıb, polis bölməsinə getmişlər. Polis bölməsində izahatı alınmış, barəsində İXM-in 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş və inzibati qaydada tutulmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, heç bir polis əməkdaşına tabesizlik göstərməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X2 bildirmişdir ki, 22 iyun 2023-cü il tarixdə əməliyyat müvəkkili Orxan Əhmədovla birlikdə xidmət apararkən Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb, həmin şəxslərə yaxınlaşmışlar. Onlar özlərini təqdim edib, həmin şəxsləri ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumatlı olub-olmadıqlarını soruşmuşlar. Həmin vaxt qeyd edilən şəxslər aqressiv danışaraq suallarına cavab verməkdən yayınmışlar. Bundan sonra həmin şəxsləri polis bölməsinə dəvət etdikdə onlar tabesizlik göstərərək polis bölməsinə getməkdən imtina etmişlər. Lakin o, Orxan Əhmədovla birlikdə həmin şəxsləri polis bölməsinə gətirdikdən sonra şəxsiyyətləri dəqiqləşdirilmiş və X3 və Şəxs olduğu müəyyən edilmişdir. O, Orxan Əhmədovla bölmə rəisinin adına raport yazmış, Natiq Rəhimovu və Şəxs növbətçi hissəyə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs və X3 polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barələrində raport tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, AZA 009412 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:15-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkiləri Binəqədi RPİ-nin 43-cü PB-nin rəisinə müraciət edərək, Şəxs və X1 polis əməkdaşının qanuni tələblərinə tabesizlik göstərmələrini bildirmişlər. Həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə polis işçiləri tərəfindən ictimai qaydanın mühafizə vəzifələrinin nədən ibarət olmasının müəyyən edilməsi mümkün olmamışdır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar