Məhkəmə qərarları › İş №3(001)-2685/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2685/2021

06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2685/2021 06.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayətçi X3 iştirakı ilə, X3 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis Şöbəsi İTB, polis nəfəri X7 tərəfindən tərtib edilmiş 15.07.2021-ci il tarixli, EXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətçi X6 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis Şöbəsi İTB, polis nəfəri X7 tərəfindən qəbul edilmiş 15.07.2021-ci il tarixli, EXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X6 şikayətini onunla əsaslandırmışdır ki, 15 iyul 2021-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis Şöbəsi İTB, polis nəfəri X7 tərəfindən qəbul olunmuş EXP ******* saylı protokola əsasən AR İXM-nin 211.2-ci maddəsinin tələbləri pozularaq mübahisələndirilən EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bildirmək istəyir ki, həmin vaxt o, qrip olduğu üçün 2-3 saniyəlik maskasını aşağı çəkərək burnunu silmiş, polis əməkdaşı isə bundan istifadə edərək onu əsassız yerə cərimə etmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər Baş Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər Baş Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhər Baş Polis İdarəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X6 şikayətini müdafiə edərək bildirmişdir ki, barəsində tərtib edilmiş 15.07.2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə onun heç bir günahı yoxdur və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş 15.07.2021-ci il tarixli, EXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis Şöbəsi İTB, polis nəfəri X7 tərəfindən qəbul edilmiş 15.07.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis Şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 17.07.2021-ci il tarixli, EPQ ******* nömrəli qərardan görünür ki, X6 Azərbaycan respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis Şöbəsi İTB, polis nəfəri X7 tərəfindən qəbul edilmiş 15.07.2021-ci il tarixli, EXP ******* nömrəli protokol üzrə qəbul edilmiş 17.07.2021-ci il tarixli, EPQ ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X6 barəsində Bakı Metropolitenində Polis Şöbəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Digər tərəfdən, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə görə inzibati xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. İşdə olan 15.07.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokolu tərtib etmiş şəxs tərəfindən qanunun bu tələbi pozulmuş, inzibati xətanın mahiyyəti “211.2-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir” kimi ifadə edilməklə konkretləşdirilməmiş, şikayətçidən izahat alınmadan işin halları ətraflı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 100.1-ci maddəsində inzibati xəta haqqında protokolda mütləq qaydada əks olunmalı hallar sadalanmışdır. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis Şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 17.07.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis Şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 17.07.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis Şöbəsi İTB, polis nəfəri X7 tərəfindən tərtib edilmiş 15.07.2021-ci il tarixli, EXP ******* nömrəli protokol üzrə qəbul edilmiş, 17.07.2021-ci il tarixli, EPQ ******* nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar