Məhkəmə qərarları › İş №3(001)-2698/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2698/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2698/2023 03.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektrou, polis mayoru X1, müdafiəçi “Fides” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yusif oğlunun iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “MedAura” Klinikasında hüquqşünas işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Yusif oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs Yusif oğlu barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Şəxs Yusif oğlu 29 iyun 2023-cü il tarixdə saat 16 radələrində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektrou, polis mayoru X2 bildirmişdir ki, 29 iyun 2023-cü il tarixdə Binəqədi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən polisə tabesizlik göstərmiş adı sonradan məlum olan Şəxs Yusif oğlu şöbəyə təqdim edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Yusif oğlu 29 iyun 2023-cü il tarixdə saat 16 radələrində Binəqədi şossesi Zəngəur restoranı qarşısında ona saxla əmri verən Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, tərəfindən Şəxs Yusif oğlu barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yusif oğlu izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, o, polisin tələblərinə tabe olmuş və hadisə yerinə gələn PPX əməkdaşları ilə birlikdə 4-cü Polis şöbəsinə getməyə könüllü olaraq razı olmuşdur. Binəqədi RPİ-nin DYPŞ əməkdaşları tərəfindən ona qarşı kobudluq və olduğundan polisə öz iradını bildirmişdir. O, polisə özünü təqdim etmiş və sənədlərini göstərmişdir. Həmçinin DYPŞ əməkdaşı tərəfindən saxlanıldığı tarix 28 iyun 2023-cü il olmasına baxmayaraq, protokolda guya polisə tabesizliyi 29 iyun 2023-cü il tarixdə etdiyi göstərilmişdir. Bu da özlüyündə qeyd olunan protokola dair onun təqsirini istisna edir. Bir daha qeyd edir ki, o, heç bir polis əməkdaşına qarşı tabesizlik etməmiş, polisin tələblərinə tabe olaraq özünü təqdim etmiş və polis şöbəsinə öz razılığı ilə gəlmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında “Fides” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs Yusif oğlu barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassız və qanunsuzdur. Belə ki, Şəxs Yusif oğlu barəsində Binəqədi RPİ-nin DYPŞ tərəfindən İXM-in 342.5-ci maddəsi ilə 50 manat cərimə edilməsinə dair 28 iyun 2023-cü il tarixdə qərar qəbul edilməsinə baxmayaraq, hüquqlarını müdafiə etdiyi şəxs guya 29 iyun 2023-cü il tarixdə onu saxlayan DYPŞ əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Göründüyü kimi, ziddiyyətli hallar mövcuddur və Şəxs Yusif oğlu 28 iyun 2023-cü il tarixdə DYPŞ tərəfindən saxlanılaraq cərimə edilmişdirsə, növbəti gün necə ola bilər ki, eyni polis əməkdaşının qanuni tələbinə tabe olmasına dair barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsin. Həmçinin tarix arasında ziddiyyət olmasa belə Şəxs Yusif oğlunun əməlində İXM-in 535.1ci maddəsinin tərkibi olmamışdır. Çünki Şəxs Yusif oğlu DYPŞ tərəfindən saxlanılan zaman özünü və zəruri sənədləri polisə təqdim etmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və Şəxs Yusif oğlu barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin YPX baş inspektrou X4 izahat verərək bildirmişdir ki, Mercedes Benz E500 markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Yusif oğlu 28 iyun 2023-cü il tarixdə qayda pozuntusu səbəbilə saxlanılmış və həmin tarixdə saat 17 radələrində 50 manat cərimə edilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Lakin Şəxs Yusif oğlu narazılıq etdiyindən və ona irad bildirdiyindən dəstək qüvvə çağırılmış və həmin tarixdə Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinə aparılmışdır. Şəxs Yusif oğlu saxlanılan zaman özünü və özünə məxsus sənədləri təqdim etmişdir. Şəxs Yusif oğlu onlara qayda pozuntusu iləbağlı iradını bildirmiş və bu səbəbdən müəyyən müddətə iş rejimini ləngitmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin YPX baş inspektrou X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:01-də Mercedes Benz E500 markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Yusif oğlu İXM-in 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli, AZA 019194 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Yusif oğlu 29 iyun 2023-cü il tarixdə saat 22:30-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmiş və 30 iyun 2023-cü il tarixdə saat 10:00da tutmadan azad edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Yusif oğlu 29 iyun 2023-cü il tarixdə saat 16 radələrində polisin qanuni tələbinə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, dinləyib, Şəxs Yusif oğlu barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Yusif oğlunun əməlinə münasibətdə sonuncunun 29 iyun 2023-cü il tarixdə polis əməkdaşının qanuni tələbinə tabe olmaması məhkəmədə öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Çünki Binəqədi RPİ-nin 43-cü PŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialda Şəxs Yusif oğlunun 29 iyun 2023-cü il tarixdə saat 16 radələrində idarə etdiyi avtomobili saxlayan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin YPX baş inspektrou X3 tələbinə tabe olmaması, polisin iş rejimini həmin tarixdə poması göstərilsə də, həmin halın baş verməsi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin YPX baş inspektrou X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə təkzib edilir və İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olduğunu, habelə iş üzrə şübhəli, ziddiyyətli halların mövcud olmasına dəlalət edir. Bununla yanaşı qeyd edilməlidir ki, Şəxs Yusif oğlunun polisin qanuni tələbinə tabe olmamasına dair məhlkəməyə heç bir mötəbər sübut və iş üzrə ziddiyyətli halları aradan qaldırmağa yönələ biləcək dəlil təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs Yusif oğlunun təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs Yusif oğlu barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Yusif oğlunun əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Yusif oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar