Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-271/2022 28.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 və onun qanuni nümayəndəsi olan atası X1 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsini pozduğuna görə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-si tərəfindən İnzibati xəta haqqında 26.08.2021-ci il tarixli, EXP № ******* saylı protokol qəbul edilərək, 26.08.2021-ci il tarixdə EPQ № ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, həmin protokol və qərar ilə qəti şəkildə razı deyildir. Çünki mən həmin tarixdə maskadan istifadə etmiş və heç bır qanun pozuntusuna yol verməmişdir. Bütün bunlardan əlavə məktəblidir. 26.08.2021-ci il tarixdə cərimə olunan zaman xəbəri belə olmamışdır. Belə ki, ünvan 1 ünvanında guya qaydaları pozduğu üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB tərəfindən İnzibati xəta haqqında 26.08.2021-ci ıl tarixli, EXP № ******* saylı protokol və 26.08.2021-ci il tarixdə EPQ № ******* saylı İnzibati tənbeh vermə haqqında qərar icra olunması üçün qeydiyyat ünvanı üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona zəng gəlmiş və bu barədə məlumat verilmişdir. Həmin qərar və prokoldan xəbərsiz olduğunu bildirdikdə, ona izah edildi ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 06-ci PB-dən surətini ala bilər. İşləmir və heç bir yerdən gəliri yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət edərək, cərimə pulunun silinməsini istəmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə izahatı alınan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edib, əlavə olaraq bildirmişdir ki, əsas şikayəti polis tərəfindən barəsində heç bir əsas olamdan qərar qəbul edilməsidir. Çünki polis tərəfindən maskaya görə heç vaxt saxlanılmamış və heç vaxt cərimə olunmamışdır. Buna baxmayaraq, polis əməkdaşı onu guya maskadan istifadə etmədiyi üçün cərimələmiş, üstəlik bu barədə ona heç bir məlumat vermədən, yəni nədə təqsirli olması, cərimələnəcəyi və digər hallarla bağlı məlumatlandırmadan cərimələmişdir. Belə olan halda onun hüquqları pozulur və özünü müdafiəsi üçün şərait yaradılmayaraq haqsız yerə cərimələnmiş olur. Ona görə də, məhkəmədən Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: 26.08.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. 26.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən və doğum haqqında şəhaətnamənin surətindən görünür ki, 12.08.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatmayan şəxsdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. X3 müraciətində heç bir inzibati xəta törətmədiyini, polis əməkdaşı tərəfindən saxlanılmadığını və maska taxmamasına görə cərimələnməsindən xəbərinin olmamasını, eləcə də xəbəri olmadan barəsində aparılan qanunsuz icraat üzrə ona heç bir məlumat verilmədiyini göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X2 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuş və şəxsə nədə təqsirli olması, habelə ona təqsirsizliyini sübuta yetirməsi üçün heç bir imkan yaradılmayaraq, aparılacaq icraatla bağlı məlumat verilməyərək inzibati xəta haqqında iş üzrə “gizli” araşdırma aparılmaqla X3 inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən aparılan inzibati xəta haqqında iş üzrə X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman sonuncunun yetkinlik yaşına çatmayan şəxs olması, buna nəzərən də onun psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmadan inzibati məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin müzakirəsi məqsədi ilə müvafiq komissiyanın rəyinin alınması, eləcə də qanunvericiliklə müəyyən edilmiş digər təsir tədbirlərinin tətbiqi nəzərə alınmadan və əsaslandırılmadan yetkinlik yaşına çatmayan şəxs tənbeh olunmuşdur. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsinə əsasən inzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər. Göründüyü kimi, qanunverici tərəfindən inzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər üçün yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh növlərinin tətbiqini deyil, həm də onların müvafiq komissiya tərəfindən inzibati məsuliyyətdən azad edilməsini, eləcə də digər təsir tədbirlərinin tətbiqi müəyyən edilmişdir. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə obyektiv araşdırma aparılmayaraq inzibati tənbeh tətbiq edilmiş yetkinlik yaşına çatmayan X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Çünki səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında icraat aparılan zaman X2 qanuni nümayəndəsi dəvət edilmədən və qanuni nümayəndənin iştirakı təmin edilmədən, yetkinlik yaşına çatmayan şəxs X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 63.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxslə eyni vəzifə və hüquqlara malikdir. Bu isə inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman səlahiyyətli orqan tərəfindən qanuni nümayəndənin dəvət edilməməsi həm də sonuncunun hüquq və azadlıqlarının pozulmasına dəlalət edir. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-271/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-271/2022
28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver