Məhkəmə qərarları › İş №3(001)-2715/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2715/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2715/2021 30.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Mingəçəvir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən İXM-in 206-cı maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə rəisi, polis mayoru X5 izahat verərək bildirmişdir ki, 29.07.2021-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində xidmət aparan polis əməkdaşları bir nəfər şəxsin özünü şübhəli apardıqlarını görüb ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra həmin şəxsi 6-cı PB-nə dəvət etmişlər. Bölmədə həmin şəxsin X4 olduğu müəyyən edilmişdir X3 bölmədə izahatı alınmış, izahatı alınan zaman narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Bundan sonra X4 Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsə aparılmış və tibbi müayinə nəticəsində sonuncunun sidiyindən narkotik vasitə olan OPİ, MET, AMP aşkar edilmişdir. Ona görə də, X4 barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən X3 inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. 29.07.2021-ci il tarixdə Biləcəri qəsəbəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb şübhəli olduğu üçün onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Bölmədə izahatı alınarkən o, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsə aparılmış və tibbi müayinə nəticəsində sidiyindən narkotik vasitə aşkar edilmişdir. O, narkotik vasitədən bir neçə gün əvvəl Binəqədi rayonun ərazisində istifadə etmişdir. Hazırda törətdiyi əməldən peşmandır və məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi X3 gənc olmasını və səmimi peşman olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 29.07.2021-ci il tarixli raportdan görünür ki, 29.07.2021-ci il tarixdə Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində narkotik maddələrdən istifadə etdiyi üçün Binəqədi RPİnin 6-cı PB-nə gətirilmişdir. X4 barəsində tərtib edilmiş 30.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 oğlu barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 29.07.2021-ci il tarixli, 2341 saylı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin Narkotik sərxoşluq vəziyyətinin Narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinə keçirilməsi haqqında aktdan görünür ki, X4 müayinəsi zamanı onun sidiyindən narkotik vasitə olan OPİ (heroin qrupuna aid olan), psixotrop maddələr olan MET (metafetamin) və AMP (amfetamin) aşkar edilmişdir. 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş qərardan görünür ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədləri 0,15 qram narkotik vasitə olan “heroin, amfetamin və metafetamin” şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən sübut növü hesab edilir. Göründüyü kimi, X3 müayinə zamanı sidiyindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr olan OPİ-nin (heroin qrupuna aid olan), AMP-nin (amfetamin) və METnin (metafetamin) istehlak miqdarı müəyyən olunmadığından, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X4 barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Beləliklə, X3 İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən X7 oğlunun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs X3 əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, X3 şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. X4 barəsində tərtib edilmiş, 29.07.2021-ci il tarixli, AZA seriyalı, 009577 saylı protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin sahə rəisi, polis mayoru X5 tərəfindən inzibati qaydada 29.07.2021-ci il tarixdə tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli 29.07.2021-ci il tarixdən hesablanmalıdır. Müdafiəçi Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 3 saat vaxt sərf etmişdir. İXM-in 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 3 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 3 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 29 iyul 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxs göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar