Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2717/2021 02.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, zərər çəkmiş şəxs (tələbkar) X3 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, Dəstə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ordubad rayonu, Dəstə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, 18 B ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru Kamran Mirzəyev izahat verərək bildirmişdir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3348/2020 saylı, 06.11.2020-ci il tarixli icra sənədinə əsasən, 17 yanvar 2015-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından 19 fevral 2007-ci il tarixdə doğulmuş X1 Günay Cavanşir qızının himayəsində saxlanılması, 19 fevral 2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şəxs hər ay 170 manat sabit məbləğdə aliment alınaraq X5 verilməsi qərara alınmışdır. Şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3348/2020 saylı, 06.11.2020-ci il tarixli icra sənədi üzrə borcunu tam icra etmədiyindən hazırkı günə kimi 2380 manat aliment borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs müxtəlif bəhanələrlə icra sənədinin icrasından yayınmış, həmçinin sonuncu icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hazırda qeyd olunan məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs imkanının olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, Şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3348/2020 saylı, 06.11.2020-ci il tarixli icra sənədi üzrə borcunu tam icra etmədiyindən hazırkı günə kimi 2380 manat aliment borcu vardır. O, uşağa baxmağa maddi imkanı olmadığı üçün alimentin ödənilməsini tələb edir. Məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nəsimii rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahin Musayevin 10.11.2020-ci il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. 10.11.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 (on) gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin 02.06.2021-cu il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs adına borcunun əmlakına yönəldilə biləcək qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları yoxdur. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3348/2020 saylı, 06.11.2020-ci il tarixli icra sənədi üzrə borcunu icra etmədiyindən hazırkı günə kimi 2380 manat aliment borcu vardır. Həmin borcdan bu günədək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında Şəxs borcu imkanı olmadığından ödəyə bilmədiyini qeyd etsə də, məhkəmə bu halı üzrlü səbəb hesab etmir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2717/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2717/2021
02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver