Məhkəmə qərarları › İş №3(001)-2727/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2727/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2727/2023 04.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X8 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs Rauf oğlunun, Müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Bİnəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 10-cu döngə, fərdi yaşayış evi ünvanında yaşayan Şəxs Rauf oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X6 Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs Rauf oğlunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Sabirabad rayon Məhkəməsinin 2(056)-1189/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs Rauf oğlundan yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 170 manat alimentin iddiaçı X3 ödənilməsi qət edilmişdir. Borcluya borcun ödənilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X6 borclunun hazırda xeyli borcu olduğunu, borcunu qərəzli olaraq ödəmədiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs Rauf oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs Rauf oğlu bildirdi ki, alimenti ödəməkdən qərəzli şəkildə yayınmamış, maddi imkanı ilə əlaqədar olaraq hal-hazırda aliment borcunu tam ödəmək imkanı yoxdur.Buna görə də məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X7 hüquqlarını müdafiə etdiyi şəxsin maddi vəziyyətinin ağır olmasını və fəhlə işlədiyini nəzərə alaraq yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tələbkar X5 məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Rauf oğlunun İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədindəki tələb üzrsüz səbəbdən icra olunmamış, icra sənədinin tam icra edilməməsində Şəxs Rauf oğlunun təqsiri sübuta yetirilmişdir. Bundan başqa iş materiallarında olan xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Şəxs Rauf oğlu tələbkarın bank hesabına aiment borcundan 200 manat ödəniş etmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs Rauf oğlunun şəxsiyyətini, məhkəmə qərarının tam icra olunmadığını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır.Eyni zamanda, məhkəmə borclu Şəxs Rauf oğlunun təqsirini etiraf eməsini, əməlindən peşman olmasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cərimə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs Rauf oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rauf oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz) manat cərimə edilsin. Şəxs Rauf oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar