Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2736/2021 12.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, 23.02.1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4NH677W8, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşı tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN ******* saylı qərardan verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşı tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. X2 həmin qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi rayon polis İdarəsinin qeyd edilən qərarı qanunsuz və əsassızdır. 08.01.2021-ci il tarixdə qanunsuz olaraq ona karantin qaydalarını pozduğuna görə ona cərimə tətbiq edilmişdir. Yanvar ayının 8-də SMS icazə alaraq dostunun həm işlədiyi, həm də daimi yaşadığı sexə getmiş, patrul xidmətinin əməkdaşları sexə daxil olaraq icazəsindən 20 dəqiqə keçməsini bildirmişlər. O isə sexdə olarkən SMS icazə alıb narkoloji dispanserdə müalicə alan yeznəsinin yanına gedəcəyini qeyd etmişdir. Polis əməkdaşları ona dispanserin arayışını təqdim etməyə imkan verməyərək ad, soyadını soruşaraq çıxıb getmiş və ona heç bir sənəd verilməmişdir. Bundan 4 ay keçəndən sonra onun yaşadığı ünvana 200 manat cərimə olunması ilə bağlı protokol gəlmişdir. Göstərilənlərə əsasən qərarı əsassız və qanunsuz hesab edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən şikayətçi ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət təmin olunmalıdır. Belə ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin 08.01.2021-ci il tarixli, MN ******* saylı qərarından məlum olur ki, X4 barəsində 08.01.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə karantin rejiminin pozulması ilə bağlı inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X4 barəsində Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis bölməsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşı tərəfindən qəbul edilmiş 08.01.2021 -ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşı tərəfindən qəbul edilmiş 08.01.2021 -ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşı tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2736/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2736/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver