Məhkəmə qərarları › İş №3(001)-2738/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2738/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2738/2023 10.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-8888/2019 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat alimentin, müalicə xərclərinin ödənilməsi üçün hər ay 70 manat pulun Şəxs X2 xeyrinə tutulması qət edilmişdir. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-351/2020 nömrəli icra vərəqəsinə əsasən iddiaçı X4 məxsus ümumi dəyəri 13800 (on üç min səkkiz yüz) manat olan 750 əyarlı, 30 qram, 5 karat ağ rəngdə italyan istehsalı olan 4000 (dörd min) manat dəyərində qızıl boyunbağı, 750 əyarlı, 18 qram, 2 karat ağ rəngdə italyan istehsalı olan 2800 (iki min səkkiz yüz) manat dəyərində qızıl qolbaq, 750 əyarlı, 1 karat, 50 sot ağ rəngdə italyan istehsalı olan 1700 (min yeddi yüz) manat dəyərində qızıl sırğa, 750 əyarlı, 8 qram, 1 karat ağ rəngdə italyan istehsalı olan 1300 (min üç yüz) manat dəyərində qızıl üzük karona, 750 əyarlı, 7 qram 0.50 sot 1 karat ağ rəngdə italyan istehsalı olan 1700 (min yeddi yüz) manat dəyərində tək qaşlı qızıl üzük, 583 əyarlı, 40 qram, sarı rəngdə Rusiya istehsalı olan 2300 (iki min üç yüz) manat dəyərində qızıl üzük karona qızıl zinət əşyaları, onların natura şəklində verilməsi mümkün olmadığı halda isə ayrı-ayrılıqda dəyəri cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Şəxs aliment borcunu ödəmədiyinə görə 10120 manat borcu yığılmış, həmçinin ümumi dəyəri 13800 manat olan qızıl zinət əşyalarını X4 qaytarmamış, qızıl-zinət əşyalarının dəyərini ödəməmişdir Qeyd edilən. icra sənədlərinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa Şəxs icra məmurunun çağırışlarından yayındığı üçün barəsində axtarış elan edilmiş və sonuncu ölkə ərazisini tərk etmək istəyən zaman saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(001)-8888/2019 nömrəli icra vərəqəsinə əsasən X5 ilə birgə nikahlarından doğulmuş Mehriban Hacıyevanın saxlanması üçün hər ay 160 manat alimentin və müalicə xərclərinin ödənilməsi üçün hər ay 70 manat pulun ondan X2 xeyrinə tutulması qət edilmişdir. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-351/2020 nömrəli icra vərəqəsinə əsasən ümumi dəyəri 13800 manat olan qızıl zinət əşyalarının və ya dəyərinin ondan alınaraq X4 verilməsi qət edilmişdir. O, Rusiya Federasiyasının vətəndaşı olduğuna görə orada yaşamış, pandemiya vaxtı işləməmiş, maddi imkanı olmadığına gərə alimenti borcunu ödəyə bilməmişdir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-351/2020 nömrəli icra vərəqəsində qeyd edilən ümumi dəyəri 13800 manat olan qızıl-zinət əşyaları onda yoxdur, qeyd edilən məbləğdə pulu Naidə Hüseynovaya vermək fikri yoxdur. Lakin aliment borcuna görə 2000 manat hazırda ödəməklə, qalan məbləği də hissə-hissə ödəmək niyyəti vardır. Göstərilənləri nəzərə alıb barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-8888/2019 nömrəli icra vərəqəsinə əsasən Şəxs ilə birgə nikahlarından doğulmuş qızı Mehriban Hacıyevanın saxlanması üçün hər ay 160 manat alimentin və müalicə xərclərinin ödənilməsi üçün hər ay 70 manat pulun Şəxs onun xeyrinə tutulması qət edilmişdir. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-351/2020 nömrəli icra vərəqəsinə əsasən ümumi dəyəri 13800 manat olan qızıl zinət əşyalarının, onların natura şəklində verilməsi mümkün olmadığı halda isə ayrı-ayrılıqda dəyərinin Şəxs alınaraq ona verilməsi qət edilmişdir. Şəxs və atası Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur, maddi imkanları yaxşıdır. Şəxs 2000 manat pul ödəməklə Rusiya Federasiyasına qaçmaq istəyir. O, Şəxs yığılmış 10120 manat aliment borcunu və ümumi dəyəri 13800 manat olan qızıl-zinət əşyalarını tələb edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 8888/2019 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat alimentin, müalicə xərclərinin ödənilməsi üçün hər ay 70 manat pulun Şəxs X2 xeyrinə tutulması qət edilmişdir. xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Şəxs tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-351/2020 nömrəli icra vərəqəsinə əsasən iddiaçı X4 məxsus ümumi dəyəri 13800 (on üç min səkkiz yüz) manat olan 750 əyarlı, 30 qram, 5 karat ağ rəngdə italyan istehsalı olan 4000 (dörd min) manat dəyərində qızıl boyunbağı, 750 əyarlı, 18 qram, 2 karat ağ rəngdə italyan istehsalı olan 2800 (iki min səkkiz yüz) manat dəyərində qızıl qolbaq, 750 əyarlı, 1 karat, 50 sot ağ rəngdə italyan istehsalı olan 1700 (min yeddi yüz) manat dəyərində qızıl sırğa, 750 əyarlı, 8 qram, 1 karat ağ rəngdə italyan istehsalı olan 1300 (min üç yüz) manat dəyərində qızıl üzük karona, 750 əyarlı, 7 qram 0.50 sot 1 karat ağ rəngdə italyan istehsalı olan 1700 (min yeddi yüz) manat dəyərində tək qaşlı qızıl üzük, 583 əyarlı, 40 qram, sarı rəngdə Rusiya istehsalı olan 2300 (iki min üç yüz) manat dəyərində qızıl üzük karona qızıl zinət əşyaları, onların natura şəklində verilməsi mümkün olmadığı halda isə ayrı-ayrılıqda dəyəri cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-8888/2019 nömrəli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-351/2020 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tələbkar X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-8888/2019 nömrəli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-351/2020 nömrəli icra sənədləri üzrə olan borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-8888/2019 nömrəli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-351/2020 nömrəli icra sənədləri üzrə müəyyən edilmiş borcunu ödəməyərək sözügedən icra sənədlərini icra etməmiş və borcunu maddi imkanı aşağı olduğuna görə ödəmədiyini bildirmişdir. Məhkəmə qeyd olunan halı icra sənədlərinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 iyul 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar