Məhkəmə qərarları › İş №3(001)-2763/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2763/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2763/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Nəsimi rayon DYPŞ tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Nəsimi rayon DYPŞ tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində AR İXM-nin 211.2-ci maddəsi fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulması ilə bağlı xx.xx.2020-ci il tarixli İXP ******* №-li inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Həmin protokolun əsasında xx.xx.2020-ci il tarixli TP3915759 saylı Qərar qəbul edilmişdir. Cəriməni əsassız və qanunsuz hesab edir. "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" xx xxx 2020-ci il tarixli 189№-li qərarda şəxsi nəqliyyat vasitələrində fərdi vasitələrdən istifadə edilməsi tələbi nəzərdə tutulmamışdır. Həmin qərarın 1.1-ci bəndində deyilir ki, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Göründüyü kimi, həmin bənddə kommersiya əsasları ilə sərnişin daşınması növləri sadalanmış, lakin şəxsi nəqliyyat vasitələri qeyd edilməmişdir. "Avtomobil nəqliyyatı" haqqında AR qanununun 1.0.13-cü bəndinə əsasən, sərnişin - avtonəqliyyat vasitəsində gediş hüququ verən sənəd (bilet) və ya digər qanuni əsaslarla daşınan fiziki şəxsdir, 1.0.9-cu bəndinə əsasən daşıyıcı daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Göründüyü kimi, qanunvericilik sərnişindaşımanı kommersiya münasibəti kimi tənzimləyir, şəxsi və ya xidməti avtomobildə qohumların, yaxın insanların və iş yoldaşlarının bir məntəqədən digərinə çatdırılması sərnişindaşıma deyildir. Bununla bağlı DİN BDYPİ rəsmiləri mətbuata açıqlama da vermişdirlər. Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevin lent.az-a açıqlamasında BDYPİ rəsmisi bildirmişdir ki, Şəxsi avtomobildə sürücü və sərnişinlərin maska taxması vacib deyil. Yalnız şəhərdaxili və ya şəhərlarası ictimai nəqliyyatda iştirak edən sürücü və sərnişinlər maskadan istifadə etməlidirlər. Buraya avtobuslardan əlavə, taksilər də daxildir. Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında da əks olunub. Öz maşınında qoruyucu tibbi maskadan istifadə edilməməsinə görə avtomobillər yol polisi əməkdaşları tərəfindən saxlanıla bilməz. Lakin bu məlumatı polis əməkdaşına təqdim etsə də israrla ona cərimə yazılmışdır. Həmçinin protokola İXM-nin İnzibati xəta haqqında işlərə baxılması adlanan 15-ci fəslinin ziddinə, o dindirilmədən baxılmış, yanlış olaraq İXM-nin yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətlərinə dair 16-cı fəsli tətbiq edilmişdir. İXM-nin 211-ci maddəsi əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xəta olmaqla yol hərəkəti qaydalarına aidiyyatı yoxdur. İş üzrə protokol "İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında" 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarın 1 saylı əlavəsi üzrə tərtib edilməli olduğu halda, 2 saylı əlavəsi üzrə tərtib edilmişdir. Göstərilənlərə əsasən barəsində qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun izahat verərək, “xxxxxxxx” MMC-də satış nümayəndəsi vəzifəsində çalışdığını bildirmişdir. Məhkəmədən şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Nəsimi rayon DYPŞ-nin polis mayoru X2 tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 şikayəti təmin edilərək inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarın icrasına xitam verilməlidir. Məhkəmə iş materialları araşdıraraq qeyd edir ki, X1 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas verən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli № 189 saylı qərarının 1-ci maddəsinin 1.1-ci bəndində şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirərkən müəyyən etmişdir ki, qərarda E.Ağayevin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması faktı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında fərdi şəxslərin öz maşınlarında maska taxmasının vacibliyi nəzərdə tutulmamışdır. Məhkəmə iş materiallarını araşdırıb şikayətçini dinləyib belə qənaətə gəlir ki, X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilərək Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. X1 inzibati məsuliyyətə cəlb olunmasına dair Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar