Məhkəmə qərarları › İş №3(001)-2778/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2778/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2778/2023 13.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, müdafiəçi “Pro Bono” Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi məklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(102)-1684/2015 icra sənədinə əsasən iş üzrə borclu Şəxs 22500 manat məbləğind\ pulu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(102)-1684/2015 nömrəli icra sənədinə əsasən Şəxs 22500 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İcra sənədi üzrə xx.xx.2015-ci il tarixdə icraata başlanılmış, borclu Şəxs icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada verilmişdir. Şəxs tərəfindən qeyd olunan icra sənədi üzrə yaranmış aliment borcu ödənilmədiyindən barəsində İXM-in 528.1ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək Zərərçəkmiş şəxs ilə aralarında razıəlıq olduğunu və borcunu hissəhissə ödəyəcəyini, eləcə də sonuncunun ondan şikayətinin olmadığını qeyd edib, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında “Pro Bono” Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs iş üzrə zərərçəmkiş şəxs Zərərçəkmiş şəxs ilə razılıq əldə etdiyini, zəzərçəkmiş şəxsin hazırda heç bir şikayət və tələbinin olmadığını, habelə iş üzrə icraata xitam verilməsinə dair razılığının olmasını qeyd edib, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs borclu Şəxs ilə razılıq əldə etdiyini, hazırda ondan heç bir şikayətinin olmadığını qeyd edib məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(102)- 1684/2015 nömrəli icra sənədindən görünür ki, Şəxs 22500 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(102)-1684/2015 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(102)-1684/2015 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə razılıq əldə etdiyi üçün Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində olan icra sənədi üzrə icra məmurunun tələblərini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Çünki Şəxs hazırda baxılan inzibati xəta haqqında iş üzrə zərərçəmkiş şəxslə razılığa gələrək barışıq əldə etməsi və sonuncunun ona qarşı şikayətinin olmaması ilə yanaşı iş üzrə icraata xitam verilməsini xahiş etməsi Şəxs icra sənədi üzrə icra məmurunun tələblərini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar