Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-28/2022 13.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4, şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 nümayəndəsi «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, X9 yanında X12 Xidməti Bakı şəhər İdarəsinin rəisi X11 tərəfindən tərtib edilmiş 25 noyabr 2021-ci il tarixli, MN №1064529 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Belə ki, sözügedən inzibati tənbeh vermə haqqında qərarda 26 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokola istinad edilərək hesab etmişdir ki, onun tərəfindən guya əmək haqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Qərar qəbul edilərkən əslində səlahiyyətli olmayan şəxs tərəfindən qəbul edilməklə qərarın qəbul edilməsində aşağıdakı bir sıra ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, qeyd edilən protokol üzrə qərarın baxışı olan 04.11.2021-ci il tarixdə nümayəndəsi tərəfindən işlərə qərəzli və qeyri obyektiv baxıldığına görə inzibati xəta haqqında iş üzrə hazırkı qərarı qəbul edən Həmid Əhmədova rəsmi etiraz təqdim edilmişdir. Həmin etiraza baxılması ilə əlaqədar işin baxılması 04.11.2021-ci il tarixli qərarla 25.11.2021-ci il tarixə təyin edilmişdir. Lakin təqdim etdiyi iş üzrə inzibati icraatı aparan şəxs tərəfindən etirazının təmin edilib-edilməməsi müzakirə olunmadan etiraz edilmiş şəxs tərəfindən müvafiq qərar qəbul edilmişdir. Halbuki, 04.11.2021-ci il tarixdə təqdim etdiyi və bu məqsədlə işin baxılmasının təxirə salınmasına baxmayaraq, 25.11.2021-ci il tarixdə etirazının nəticəsi barədə qərar qəbul edilmədən hazırkı işə baxılmışdır. Belə ki, etirazının nəticəsinə dair verdiyi müvafiq ərizəyə cavab olaraq verilmiş inzibati orqanın özünün verdiyi 26.11.2021-ci il tarixli, **********79 saylı məktubdan görünür ki, etirazına dair hər hansı qərar qəbul edilməmiş, yalnız inzibati icraatın davam etdirilməsi barədə şifahi göstəriş verilmişdir. Nəticədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 108.4-cü maddəsinin tələbləri pozulmuş və inzibati icraat etiraz edilmiş şəxs tərəfindən qərar qəbul edilmişdir ki, buda ciddi qanun pozuntusudur. Digər tərəfdən qeyd edilən qərar qəbul edilərkən iddia edilən pozuntular sübut edilməmiş, müvafiq olaraq inzibati orqanın iddia etdiyi bəzi iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu və bayram günləri qabağı, həmçinin ümumu hüzn qabağı iş günlərinin qısaldılmadığı halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 164.1-ci hissəsinə əsasən əmək haqqına əlavələr müəyyən edilmədiyi və verilmədiyi qeyd edilmişdir. Halbuki, həmin günlərdə işçiyə müvafiq olaraq birdəfəlik mükafat kimi göstərilən əslində müvafiq əmrdə göstərilən hallar yəni həqiqətən də işçiyə əmək haqqına əlavələrin ödənildiyi və bu barədə təqdim etdiyi sübutlara düzgün hüququ qiymət verməmişdir. Lakin bu barədə təqdim etdiyi sübutlara əhəmiyyət verməyərək xüsusi qərəzlilik nümayiş etdirməklə Həmid Əhmədov qanunsuz qərar çıxarmışdır. Qeyd edilən qərar qəbul edilərkən rəsmi təqdim etdiyi və verdiyi vəsatətə məhəl qoymamış, nəzərə almamışdır ki, inzibati orqan tərəfindən iddia edilən pozuntu isə üzrə müəyyən edilmiş müddət ötmüşdür. Belə ki, iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu və bayram günləri qabağı, həmçinin ümumu hüzn qabağı iş günlərinin qısaldılmadığı halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 164.1-ci hissəsinə əsasən əmək haqqına əlavələr müəyyən edilmədiyi və verilmədiyi barədə inzibati orqanın göstərdiyi hallar əslində 2021-ci ilin yanvar ayında və son olaraq may ayında olan hallardır ki, həmin hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən müddəti keçmişdir. Məhz hazırkı xəta siyasi, sosial vermək hüquqları əleyhinə olan inzibati xətalara aiddir ki, həmin xətalar üzrə müvafiq qərar isə inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iclasında şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 nümayəndəsi «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 bildirmişdir ki, 28 sentyabr 2021-ci il tarixdə X5 idarəyə müraciət edərək işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək haqqının hesablanması və ödənilməsi zamanı qanun pozuntuları edildiyini bildirmişdir. Daxil olmuş müraciət əsasında aparılmış araşdırma nəticəsində həmin öz təsdiqini tapmışdır. Belə ki, 2020-ci ilin dekabr ayının 30da və 2021-ci il üzrə qeyri iş günləri hesab edilən bayram və hüzn günlərinə bir gün qalmış iş vaxtı azaldılmamış, həmin günlərdə işlərə cəlb edilmişdir. Ona görə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 tərəfindən verilmiş şikayət əsassız olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, idarəyə ünvanlanmış müraciətlə əlaqədar yuxarı orqanla danışıq aparılmış və onlara işə baxılmanın öz səlahiyyətlərində olması bildirildiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 barəsində aparılan icraat yekunlaşdırılaraq qərar qəbul edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 26.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmiş, nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 25.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış etirazdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 nümayəndəsi «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili X2 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə etirazla müraciət olunaraq, işin obyektiv araşdırılmasına və təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verilməsinə kifayət qədər şübhə olduğundan həmin iş üzrə qərarın qəbul edilməsinə etiraz edib, işə yuxarı vəzifəli şəxs tərəfindən baxılması xahiş olunmuşdur. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadan eləcə də qanunvericiliklə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müşahidə edilən araşdırma aparılmaqla şəxs barəsində yekun qərar qəbul edilmişdir. Çünki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 nümayəndəsi «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili X2 hüquqlarını müdafiə etdiyi X10 barəsində aparılan inzibati xəta haqqında işin obyektiv araşdırılmasına və təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verilməsinə kifayət qədər şübhə olması səbəbi ilə tənbeh vermə haqqında qərarın qəbul edilməsinə etiraz edərək, həmin işə yuxarı vəzifəli şəxs tərəfindən baxılması xahiş olunmuş, lakin səlahiyyətli orqan tərəfindən həmin müraciətə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılaraq müvafiq araşdırma aparılmadan şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 74.3-cü maddəsinə əsasən özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizəyə baxaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi və ya təmin edilməməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı... Qanunvericiliyin tələblərindən göründüyü kimi, etirazlar vermək barəsində icraat aparılan şəxsin, eləcə də onun nümayəndəsi və vəkilinin hüquqları hesab olunur. Səlahiyyətli orqan inzibati xəta haqqında işlərə baxarkən iş üzrə etirazların olub-olmaması məsələsini həll edir və həmin şəxslər tərəfindən verilmiş etirazların təmin edilməsi və ya təmin edilməməsi barədə qərardad qəbul edir. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən verilmiş etiraz üzrə heç bir hərəkət aparılmayaraq, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamış və qanunvericiliklə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bu isə iş üzrə səthi araşdırmanın aparılmasına dəlalət edir. Ona görə də, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-28/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-28/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver