Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2801/2025 11.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X5, zərəçəkmiş şəxs Eyvazova (Mustafayeva) Səbinə Rəşad qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 11 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin İcra məmuru X8 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3946/2023 saylı icra vərəqəsinə əsasən Şəxs Eyvazova (Mustafayeva) Səbinə Rəşad qızının xeyrinə, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrə borclu tərəfindən ümumiyyətlə ödəniş edilməmiş, hazırda aliment borcu 5280 manat təşkil edir. Borclu icra sənədinin icrasından yayındığı üçün barəsində axtarış elan edilmiş və icrası Binəqədi Rayon Polis İdarəsinə həvalə edilmişdir. 11 aprel 2025-ci il tarixdə borclu zərərçəkmiş şəxs tərəfindən Gənclik metrosu yaxınlığına dəvət edilmişdir. Həmin dəvəti barədə zərərçəkmiş şəxs tərəfindən polis əməkdaşlarına məlumat verilmiş və nəticədə Şəxs saxlanılması mümkün olmuşdur. Polis əməkdaşları tərəfindən Şəxs icra şöbəsinə təhvil verilmişdir. İcra sənədi ilə bağlı Şəxs izahatı alınmışdır. Şəxs izahatında işləmədiyi üçün ödəniş edə bilmədiyini, may ayında borcu tamamilə bağlayacağını bildirmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu icra sənədinə heç bir zaman gəlməmiş, sonuncunun ünvanına tələbin könüllü icrası barədə bildiriliş göndərilmişdir. Həmçinin şəxsin adına olan bütün nömrələ sms məlumatı da göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, maddi imkanı yaxşı olmadığı üçün 2 il ərzində aliment ödəyə bilməmişdir. Mayın axırında yaranmış borcunu bağlayacaqdır. Hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxslə aralarında aliment üstündə hər hansı bir mübahisə olmamışdır. Əvvəllər köşklərdə satıcı kimi çalışaraq qazanc əldə etmişdir. Hazırda isə qazancı yoxdur. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq gündə bir qutu “Vinçestr” markalı siqaret çəkdiyini, həmin siqaretin bir qutusunu 3,20 manata aldığını və aylıq ortalama olaraq 90 manat siqaretə pul verdiyini, polislər tərəfindən bügün saat 12:00 radələrində “Gənclik” metrosu ərazisində saxlanılaraq əvvəlcə polis bölməsinə sonra isə icra şöbəsinə gətirildiyini tbildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Eyvazova (Mustafayeva) Səbinə Rəşad qızı bildirmişdir ki, Şəxs cəmi bir dəfə 20 manat, bir dəfə 30 manat olmaqla onun kartına pul göndərmişdir. Həmin vaxtlarda da həqiqətən vəziyyəti çox pis olmuşdur. O, uşağına baxmaq üçün çox çətin şəraitlərdə işləmişdir. Lakin Şəxs heç bir zaman uşağa baxmaq üçün ona kömək göstərməmişdir. Şəxs imkanı olmadığını bildirir. Lakin o, şəxsən “Tiktok” sosial media platformasında sonuncunun başqa qadınlarla çimərlik ərazisindən paylaşdığı kef məclislərini də görmüşdür. Həmin zaman irad bildirib, alimenti tələb etsə də, Şəxs ona bildirmişdir ki, kişidir, kef etmək onun haqqıdır. Hətta mesajlar vasitəsi ilə onu təhdid belə etmişdir. Şəxs polisdən yayındığı üçün o məcbur qalaraq onu görüşə çağırmış, bu barədə polisə də məlumat vermişdir. Yalnız Şəxs bundan sonra icra şöbəsinə gətirmək mümkün olmuşdur. Hətta Şəxs ona bildirmişdir ki, “uzaqbaşı 10-15 gün inzibati həbs ediləcəkdir, guya bununla nə olacaq, ölməyəcəkdir ki. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 3946/2023 saylı qətnaməsindən görünür ki, Şəxs ilə X3 arasında xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2595 saylı akt qeydli nikah pozulmuş, Birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 anası X2 himayəsində saxlanmış, Şəxs X2 xeyrinə, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutullması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 3946/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs Eyvazova (Mustafayeva) Səbinə Rəşad qızının xeyrinə, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3946/2023 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. 11 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 11 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün 2 müxtəlif hal müəyyən edilmişdir. 1. icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi; 2. icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3946/2023 saylı icra sənədi üzrə Şəxs Eyvazova (Mustafayeva) Səbinə Rəşad qızının xeyrinə, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Şəxs Eyvazova (Mustafayeva) Səbinə Rəşad qızına ödənilməmiş 5280 manat aliment borcu vardır. Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs ona aliment öhdəliyinin ödənilməli olduğu tarixdən etibarən cəmi 50 (əlli) manat ödəniş etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs işsiz olduğundan aliment öhdəliyini icra edə bilməməsini bildirsə də, məhkəmə onun həmin ifadəsinə tənqidi yanaşır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işsiz olmağı ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etməmiş, işə düzəlməklə bağlı səy göstərməmişdir. Bundan əlavə Şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq istifadə etdiyi siqaretə aylıq ortalama olaraq 90 manat pul verdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Şəxs uşağın saxlanılması üçün alimet ödəmədiyi halda aylıq 90 manat siqaretə pul xərcləməsi məhkəmə qətnaməsinin icrasına etinasız yanaşmasını təsdiq edir. Qeyd olunan hallar Şəxs tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3946/2023 saylı icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsini təsdiq edir. Odur ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcuddur. Həmçinin zərərçəkmiş şəxsin izahatına əsasən müəyyən edilmişdir ki, Şəxs aliment öhdəliyini icra etməsi tələb olunduqda sonuncu uzağı 10-15 gün inzibati həbs ediləcəyi, bununla ona heçnə olmayacağı məzmununda ifadə işlətmişdir. Bu hal da sonuncunun məhkəmə qətnaməsinin icrasına laqeyd yanaşmasını təsdiq edir. Həmçinin borclunun məhkəmə tərəfindən barəsində tətbiq ediləcək tənbeh tədbirinə münasibətdə etinasızlığı sonuncunun yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs tənbeh tədbiri ilə tənbeh edilməsini zəruri edir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədi icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, zərərçəkmiş şəxsin izahatı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə tam olaraq sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun faktiki olaraq polis əməkdaşları tərəfindən saxlanıldığı 11 aprel 2025-ci il tarixdən saat 12:00-dan hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 11 aprel 2025-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2801/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2801/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver