Məhkəmə qərarları › İş №3(001)-2805/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2805/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2805/2022 12.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bayramov Tural Ural oğlunun katibliyi ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Göygöl rayon X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP4859983 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətinə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Göygöl rayon X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP4859983 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 20.10 radələrində Göygöl rayon X8 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı Asif Rəhimov tərəfindən Gəncə şəhəri Hacıkənd qəsəbəsində üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması halına yol verdiyini əsas gətirərək onun barəsində AR İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında İXP ******* saylı elektron protokol tərtib etmişdir.O, yol patrul xidməti inspektorundan onun barəsində tərtib edilmiş inzibati xəta ilə bağlı video görüntünün təqdim olunmasını xahiş etsə də, ona video görüntü təqdim edilməmişdir.Həmçinin, Göygöl rayon X8 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı Asif Rəhimov inzibati xəta haqqında tərtib edilmiş protokolun sürətini təqdim etmədən Yol Hərəkəti haqqında AR Qanunun 84-cü maddəsinin tələblərini kobud surətdə pozmuşdur. O, bununla əlaqədar onlayn qaydada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə rəsmi qaydada müraciət etmiş və 102 xidmətinə zəng edərək baş vermiş pozuntu ilə bağlı məlumat vermişdir.Lakin həmin müraciətdən qanunla müəyyən edilmiş vaxt keçsə də, heç bir münasibət bildirilməmişdir. Şikayətçi yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Göygöl rayon X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP4859983 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və şikayətçi məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, tərəflərin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Göygöl rayon X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP4859983 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş müraciətlərə əsasən məlum olur ki, X2 dəfələrlə Azərbaycan Respublikası DİN-yə elektron qaydada müraciət etmiş, lakin ona nə barəsində tərtib edilmiş protokol təqdim edilmiş, nə də ki, müraciətlərinə münasibət bildirilmişdir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, vətəndaş Elzamin İsayevə onun barəsində tərtib edilmiş protokolun əsaslı olması barədə polis serjantı Asif Rəhimov tərəfindən heç bir əsaslı sübut təqdim edilməmiş, sadəcə Gəncə şəhəri Hacıkənd qəsəbəsində üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması halına yol verildiyi bildirilmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.Bundan başqa şikayətçi göstərilən yol hərəkət qaydasını pozmadığını bildirmiş, əgər yol hərəkət qaydalarını pozduğu iddia edilirsə, o zaman video görüntünün ona təqdim edilməsini xahiş etsə də, ona təqdim edilməmiş və barəsində protokol tərtib edilmişdir.Həmçinin, X2 dəfələrlə Azərbaycan Respublikası DİN-yə elektron qaydada müraciət etmiş, lakin ona nə barəsində tərtib edilmiş protokol təqdim edilmiş, nə də ki, müraciətlərinə münasibət bildirilməmişdir.Bununla da aydın olur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Göygöl rayon X7 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, hesab edirəm ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Göygöl rayon X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP4859983 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldım: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Göygöl rayon X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP4859983 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar