Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2822/2025 25.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Hüseynbala Əliyev 3024 ünvanında xx.xx.2024-cü il tarixdə saat 10:25-də “Yeganə şadlıq sarayı” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Proses iştrakçılarının ifadələri:
2. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, idarə tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Hüseynbala Əliyev 3024 ünvanında yerləşən Şəxs məxsus “Yeganə şadlıq sarayı” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı 17 dekabr 2024-cü il tarixdə aşkar edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Bundan sonra həmin pozuntunun aradan qaldırılması məqsədi ilə xx.xx.2024-cü il tarixdə Şəxs müvafiq göstəriş verilmişdir. Qeyd olunan pozuntu aradan qaldırılmadığından Şəxs barəsində 23 yanvar 2025-ci il tarixə İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
4. Dövlət Vergi Xidmətinin portal çıxarışından görünür ki, Şəxs vergi ödəyicisi qismində qeydiyyatdan keçərək ********** nömrəli VÖEN almışdır.
5. xx.xx.2024-cü il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Hüseynbala Əliyev 3024 ünvanında yerləşən obyektin üzərində açıq məkanda 4 ədəd reklam daşıyıcısı yerləşdirilmişdir.
6. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin xx.xx.2024-cü il tarixli Göstərişindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Hüseynbala Əliyev 3024 ünvanında yerləşən Şəxs məxsus “Yeganə şadlıq sarayı” adlı obyekt üzərində xx.xx.2024-cü il tarixli Aktda qeyd olunan pozuntunun aradan qaldırılması tələb edilmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 657/2025 nömrəli qərardadından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən İXM-in 428.7.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material geri aytarılmışdır. Məhkəmənin mövqeyi və onun əsaslandırılması:
8. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.
9. Həmçinin qeyd edilməlidir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcuddur.
10. Belə ki, məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi 17 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş və bu barədə eyni tarixli akt tərtib edilmiş, inzibati xətanın aradan qaldırılması məqsədilə Şəxs vaxt verilmişdir. Mövcud inzibati xəta aradan qaldırılmadığından, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə 23 yanvar 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən inzibati xəta haqqında protokol əsasında toplanmış material isə məhkəməyə 14 aprel 2025-ci il tarixdə daxil olmuş və məhkəmə iclası qanunvericiliyin tələblərinə uyğun olaraq 25 aprel 2025-ci il tarixə təyin edilmişdir. Lakin qeyd olunan materiala məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, Şəxs hazırda baxılan iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir.
11. Bu mənada qeyd edilməlidir ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.
12. İXM-in 38.2-ci maddəsində isə qeyd edilir ki, 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.
13. İXM-in 428.7.1-ci maddəsi həmin Məcəllənin “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar” fəslinə aiddir və həmin fəsil üzrə müəyyən edilmiş inzibati xətalar üzrə təyin ediləcək inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər.
14. Belə olan halda aydın olur ki, inzibati xətanın törədildiyi gündən, yəni 17 dekabr 2024-cü il tarixdən hazırkı vaxtadək dörd aydan artıq müddət keçmişdir.
15. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
16. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
17. İXM-in 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
18. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
19. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə İXM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs İXM-in 428.7.1-ci maddəsi ilə inzibati təhbeh tətbiq edilməməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati təhbeh tətbiq edilməsin. Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova