Məhkəmə qərarları › İş №3(001)-2827/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2827/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2827/2024 17.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qəfqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin numayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, X1 Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına X1 Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. X4 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:30 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi boyunca ona məxsus olan **-NY-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C240 markalı minik avtomobili ilə hərəkət edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, həmin gün saat 18:30 radələrində R.Allahverdiyev küçəsində iş saatlarının başa çatması ilə əlaqədar sıxlıq müşahidə olunurdu. Həmin küçə isə hər istiqamətdə bir hərəkət zolağı olan və hərəkət zolaqları "1.1" üfüqi nişanlama xətti ilə ayrılmayan yoldur. Sözügedən yol nəqliyyat hadisəsi ilə ikinci dərəcəli yol ilə baş yolun kəsişməsində olan nizamlanmayan yolayrıcında baş vermişdir. O, ikinci dərəcəli yoldan baş yola çıxmaq üçün nəqliyyat vasitəsini dönmə göstəricisini yandırmış və soldan gələn nəqliyyat vasitəsi yolun hərəkət hissəsinə çıxmaq üçün ona yol vermişdir. Nəqliyyat vasitəsinin ön hissəsi müəyyən qədər yolun hərəkət hissəsinə çıxdıqdan sonra sağ tərəfdən gələn nəqliyyat vasitəsinin olmadığına əmin olduqdan sonra sola dönərək yol ayrıcını keçmə manevrini (əməliyyatını) başa çatdırmaq istəmişdir. Lakin, bu zaman yolda sıx tıxacın olmasına baxmayaraq sol tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmaqla hərəkət edən **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşma baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və bundan sonra Binəqədi Rayon DYPŞ-nin inspektoru polis kapitanı X6 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş "əks istiqamətli hərəkət zolağına çıxmadan manevr" inzibati xətasını törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol qanunsuzdur və ləğv edilməlidir: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin İ hissəsinə əsasən, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq, həmçinin, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı isə yolda sıxlığın olmasına ve ötmə əməliyyatının qeyri-mümkün olmasına baxmayaraq, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə əməliyyatına başlamış, sıxlıq səbəbindən mümkün qədər çox nəqliyyat vasitəsini ötmək üçün yüksək sürətlə hərəkət etmiş, yol ayrıcına çatana qədər ötmə əməliyyatını başa çatdıra bilməmiş (çünki ötmə etdiyi istiqamətdə sıxlıq müşahidə edilirdi) və nəticədə onun nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Göründüyü kimi həmin sürücünün təqsirli hərəkətləri nəticəsində yol nəqliyyat hadisənin baş verməsinə baxmayaraq onun barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar çıxarılmışdır. "Yol hərəkəti haqqında" AR Qanununun 75-ci maddəsinin (yolayrıcılarının keçilməsi) İİ hissəsinə əsasən, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına daxil olması qadağandır. Hazırkı yol nəqliyyat hadisəsi zamanı onun çıxmaq istədiyi yol ayırıcında sıxlıq (tıxac) olduğundan həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü hərəkət surətini azaldaraq ona yol vermiş bundan sonra o, ikinci dərəcəli yoldan baş yola yolayıcına çıxararaq hərəkətini davam etdirmişdir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən, onun hərəkətləri yol hərəkəti qaydalarına uyğun olmuş, lakin yol nəqliyyat hadisəsinin törədilməsində iştirak edən digər nəqliyyat vasitəsi sürücüsünün təqsirli hərəkətləri nəticəsində qəza qaçılmaz olmuşdur. **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü isə AR İnzibati Xətalar Məcəlləsinin 327-2-ci maddəsində nəzərdə tutulmuş əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, həmçinin yolayrıcını keçmə qaydalarının pozulması inzibati xətalarını törətmişdir. Lakin, Binəqədi Rayon DYPŞ-nin inspektoru polis kapitanı X6 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə təqsirli şəxs məsuliyyətdən kənarda qalmış, təqsirsiz olan tərəf isə inzibati məsuliyyət cəlb edilmişdir. Odur ki, məhkəmədən Binəqədi Rayon DYPŞ-nin TP ******* nömrəli inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə R.Allahverdiyev küçəsində hərəkətdə olarkən ikinci dərəcəli yoldan baş yola çıxmaq istəmiş, lakin sol tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmaqla hərəkət edən **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşma baş vermişdir. Bununla bağlı onun barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. O heç bir inzibati xəta törətməmişdir, o səbəbdən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Odur ki, məhkəmədən şikayətin təmin edilməsi, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq onun idarə etdiyi **-NY-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C240 markalı minik nəqliyyat vasitəsi ilə toqquşmuş nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsinin **-DH-*** kimi xatırladığını, həmin nəqliyyat vasitəsinin qeydiyyat nişanının 50- DH188 də ola biləcəyini bildirmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin numayəndəsi X7 izahatında bildirmişdir ki, X4 şikayət ərizəsində toqquduşduğ nəqliyyat vasitəsinin qeydiyyat nişanını **-DH-*** olaraq qeyd etsə də, əslində həmin nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı **-DH-*** olmuşdur. Bundan başqa “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin İV bəndinə əsasən sürücü yola bitişik ərazidən yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. X4 izahatında da göstərmişdir ki, xx.xx.2024cü il tarixdə saat 18:30 radələrində ona məxsus olan **-NY-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C240 markalı minik avtomobili ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yola bitişik ərazidən, torpaq yoldan baş yola çıxarkən ondan sol tərəfdən asfalt örtüklü əks istiqamətli yolla hərəkət edən “Mercedes” markalı **-DH-*** nömrəli nəqliyyat vasitəsi ona məxsus nəqliyyat vasitəsinin ön hissəsi ilə toqquşmuşdur. X4 idarə etdiyi avtomobillə torpaq yoldan, yəni yola bitişik ərazidən yola çıxarkən diqqətsizliyə yol verdiyi üçün, yəni həmin yolda gedən **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol vermədən hərəkətini davam etdirərək hazırkı hadisənin baş verməsinə səbəb olmuş və bununla da “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin İV bəndinin tələblərini pozaraq İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən də şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X1 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Məhkəmədə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində idarə etdiyi **-NY-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C240 markalı minik avtomobillə yola bitişik ərazidən yola çıxarkən “Mercedes” markalı **-DH-*** nömrəli nəqliyyat vasitəsinə yol verməmiş, bununla da İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin İV bəndinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında X1 və digər nəqliyyat vasitəsinin sürücüsü X2 Binəqədi Rayon Polis İdarəsində inzibati araşdırma zamanı verdikləri izahatlar tədqiq edilmişdir. X5 həmin izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:30 radlərində idarə etdiyi “Mercedes” markalı **-DH-*** dövlət qeydiyyat nömrəli avomobili Xocahəsən yolunda idarə edərkən yolayrıcında önündə olan dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtonəqliyyat vasitəsi dayandığından onu ötərkən ondan sağ tərəfdən yol ayrıcına çıxan “Mercedes” markalı 10NY225 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi onun avtomobilinin sağ tərəfindən vuraraq hadisəni törətmişdir. X4 isə ilkin inzibati araşırma aparılarkən izahatında xx.xx.2024-cü il tarixində saat 18:30 radələrində idarə etdiyi “Mercedes 240” markalı 10NY-225 nömrəli avtomobillə Sulutəpə qəsəbəsində R.Allahverdiyev küçəsində yola bitişik ərazidən baş yola çıxarkən (yəni torpaq yol olan ikinci dərəcəli yoldan asfalt örtüklü yola çıxarkən) ondan sol tərəfdən asfalt örtüklü yolda hərəkət edən (əks istiqamətdə) “Mercedess” markalı **-DH-*** nömrəli avtomaşın onun maşının sağ ön hissəsi ilə toqquşmuşdur. İzahatında eyni zamanda yola bitişik ərazidən yola çıxmaq üçün dayandığını, ona yol verdikləri üçün yolun tam boş olduğuna əmin olduğunu, sağ yol boş olduğundan hərəkətə başlayan zaman yol nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. Tədqiq edilmiş iş materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, X4 xx.xx.2024-cü il tarixində saat 18:30 radələrində idarə etdiyi “Mercedes 240” markalı 10NY-225 nömrəli avtomobillə Sulutəpə qəsəbəsində R.Allahverdiyev küçəsində yola bitişik ərazidən yəni ikinci dərəcli torpaq yoldan baş yola (asfalt yola) çıxarkən ondan solda hərəkətdə olan X2 idarə etdiyi “Mercedes” markalı **-DH-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinə yol vermədənhərəkətə başlamış nəticədə qeyd edilən yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə X1 ikinci dərəcəli yoldan baş yola çıxarkən yolun hər iki tərəfində nəqliyyat vasitəsinin olmaması, yolun tam boş olması barədə bildirdiklərinə tənqiqi yanaşır. İnzibati araşdırmanı həyata keçirən şəxs tərəfindən yol nəqliyyat hadisəsinin iştirakçısı olan hər iki sürücünün izahatı alınmış, hadisənin mexanizmi müəyyən edilərək sürücülərin əməllərinə düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 134-cü maddəsində isə bu əsaslara müvafiq olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən qəbul edilə biləcək qərarların tam siyahısı göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların müəyyən olunması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə araşdırması zamanı Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində göstərilmiş əsasların mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Binəqədi rayon X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Binəqədi rayon X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Binəqədi rayon X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar