Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2830/2024 30.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən şəxs X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon DYPŞ-in Yol patrul xidməti baş inspektoru polis leytenantı X6 iştirakı ilə, X4 Binəqədi rayon DYPŞ-in TP seriyalı ******* nömrəli 30 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi rayon DYPŞ-in TP seriyalı ******* nömrəli 30 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 Azərbaycan Respublikası İXM-in 342.1.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. X8 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verən E.Nəsibov bildirmişdir ki, xx.xx.2024-cü ildə Binəqədi rayonu ərazisində “VAZ 21074” minik markalı **-EL-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə hərəkət edərkən Binəqədi rayon DYPŞ-in inspektoru saxla işarəsi vermiş, nəqliyyat vasitəsini saxlamışdır. Ona yaxınlaşan inspektor sənədlərini istəmiş, o da sənədlərini təqdim etmişdir. Sənədlərini yoxladıqdan sonra içkili olub-olmadığını soruşmuş, içkili olmadığını bildirmişdir. Daha sonra inspektor onu sərxoşluq müayinəsindən keçirmiş, sərxoş olduğunu bildirmişdir. Onunla razılaşmamış, lakin inspektor barəsində inzibati xəta haqqında protokol rətib etmişdir. Oradan ayrıldıqdan sonra həkim müayinəsinə gedərək, sərxoşluq yoxlamasından keçmiş, ayıq olduğu məlum olmuşdur. Həmin aktı aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Texniki vasitədən istifadə edilməsi haqqında protokolda sərxoşluğunu etiraf edən izahat yazsa da, həmin izahatı inspektorun onu aldatmasına görə yazmışdır. Belə ki, inspektor ona bildirmişdir ki, protokolda içkili olduğunu yazacağı halda ona heç bir məsuliyyət tədbiri tətbiq olunmayacaqdır. Həmin sözlərə inanmış və izahatı yazmışdır. Qeyd edilənləri nəzərə alıb şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon DYPŞ-in Yol patrul xidməti baş inspektoru leytenantı X9 şikayəti əsassız hesab edərək izahatında bildirmişdir ki, 24 aprel 2024-cü ildə saat 09 radələrində Binəqədi rayonu ərazisində xidmət apararkən “VAZ 21074” minik markalı **-EL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etdiyi vizual şəkildə görmüşdür. Dərhal sürücüyə saxla işarəsi vermişdir. Sürücü avtomobili dayandırdıqdan sonra ona yaxınlaşmış,özünü təqdim etmiş, saxla işarəsi verməsinin səbəbini izah etmişdir. X3 olmuşdur. Onunla söhbət zamanı nəfəsindən spirtli içki iyi gəldiyini hiss etdiyindən E.Nəsibov sərxoşluq müayinəsindən keçirilmiş və yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Özü səmimi olaraq bildirmişdir ki, axşam bir neçə bakal pivə içmişdir. Bu barədə protokol tərtib edilmiş, E.Nəsibov həmin protokolda öz xətti ilə yazmışdır ki, spirtli içki içmişəm, alkotesterin nəticəsi ilə razıyam, həkimə getməyə ehtiyac yoxdur, bir daha spirtli içki qəbul edib avtomobil idarə etməyəcəyimə söz verirəm. Ona alkotesterin nəticəsi ilə razı olmadığı halda həkimə aparılmasının mümkünlüyü də izah edilmiş, lakin həkimə getməkdən imtina etmişdir. E.Nəsibovun məhkəməyə təqdim etdiyi ayıq aktı ilə bağlı qeyd edir ki, saat 08:51-də alkotestrlə yoxlama zamanı onda yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. O isə həkim müayinəsindən saat 13:56-da keçmişdir. Keçən 5 saat ərzində orqanizmində alkoqolun konsentrasiyasının 0,3 promildən aşağı düşməsi mümkündür. Bu kimi hallarla dəfələrlə qarşılaşmışdır. Həkimin müayinə aktında onun ayıq göstərilməsinin səbəbi budur. Əlavə olaraq bildirir ki, E.Nəsibovun protokoldakı izahatı məcburiyyət qarşısında qalaraq yazması kimi hallar inandırıcı deyil. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin və protokol tərtib etmiş inspektorun izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon DYPŞ-in TP seriyalı ******* nömrəli 30 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən (protokollaşdırmadan) görünür ki, X3 həmin tarixdə saat 08:51-də sərxoşluq yoxlamasından keçirilmiş, qəbul etdiyi alkoqolun miqdarı (alkoqolun konsentrasiyası) 0.390 promil olmuşdur. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X3 yazaraq etiraf etmişdir ki, “yoxlama zamanı yüngül dərəcəli sərxoş olduğum müəyyən edildi, alkotesterin nəticəsi ilə razıyam, həkimə getməyə ehtiyac yoxdur, söz verirəm ki, bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyəm”. Binəqədi rayon DYPŞ-in baş inspektoru polis leytenantı X6 tərtib etdiyi İXP seriyalı ******* nömrəli 24 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X8 barəsində Azərbaycan Respublikası İXM-in 342.1.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Binəqədi rayon DYPŞ-in rəisi polis mayoru X2 qəbul etdiyi TP seriyalı ******* nömrəli 30 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-in 342.1.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, 24 aprel 2024-cü il tarixdə saat 09 radələrində “VAZ 21074” minik markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili Binəqədi rayonu ərazisində idarə edən E.Nəsibovun sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduğundan onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilmiş, E.Nəsibov xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşdığını protokolda yazaraq təsdiqləmiş, bundan sonra onun nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılması və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək barədə protokol tərtib olunmuş, həmin protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən sürücü tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Göründüyü kimi, X8 “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarına əlavə edilmiş alkotesterin nəticəsi, Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında protokoldakı etirafedici izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu X5 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayətedici olmuşdur. Məhkəmə X4 təqdim etdiyi xx.xx.2024-cü il tarixli 2/21809 nömrəli tibbi müayinə protokolu ilə bağlı aşağıdakıları qeyd edir (həmin protokolda E.Nəsibovun ayıq olduğu qeyd edilmişdir): İşdə olan xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsinə (protokollaşdırmaya) əsasən X3 həmin tarixdə saat 08:51-də sərxoşluq yoxlamasından keçirilmiş və qəbul etdiyi alkoqolun miqdarı (alkoqolun konsentrasiyası) 0.390 promil olmuşdur. X4 təqdim etdiyi xx.xx.2024-cü il tarixli 2/21809 nömrəli tibbi müayinə protokoluna əsasən o, həkim müayinəsindən həmin tarixdə saat 13:56-da keçmişdir. Göründüyü kimi X1 vəziyyətini müəyyən etmək üçün inspektor tərəfindən xüsusi texniki vasitədən istifadə edildiyi vaxtla (08:51) həkim müayinəsindən keçdiyi vaxt (13:56) arasında 5 saat ara vardır. Qeyd edilən müddət ərzində onun orqanizmində minimum həddə yaxın olan alkoqol konsentrasiyasının minimum həddən, yəni 0,3 promildən aşağı düşməsi, başqa sözlə təkrar yoxlanılarkən sərxoşluğunun itməsi mümkündür və bu mənada təqdim edilmiş ayıq aktı alkotesterin daha əvvəlki (08:51-də yoxlanılmış) nəticəsini aradan qaldırmır. Odur ki, şikayətin həmin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar olmamışdır. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon DYPŞ-in TP seriyalı ******* nömrəli 30 aprel 2024-cü il tarixli qərarından X8 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında... Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 Binəqədi rayon DYPŞ-in TP seriyalı ******* nömrəli 30 aprel 2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2830/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2830/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver