Məhkəmə qərarları › İş №3(001)-2834/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2834/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2834/2025 14.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1996-cı il tarixdə Udmurt Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs İXM-nin 535.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 14 aprel 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokol baxılması üçün həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 13 aprel 2025-ci il tarixdə, saat 16:10 radələrində Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində idarə etdiyi “Toyota” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılan zaman polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş A.Ə.Kosayev izahatında göstərdi ki, 13 aprel 2025-ci il tarixdə Binəqədi RPİ-nin DYP şöbəsinin əməkdaşları dislokasiya üzrə xidmətdə olarkən “Toyota” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə “saxla” əmri vermiş, lakin sürücü əmrə tabe olmamışdır. Yol polisi əməkdaşları həmin avtomobilə yaxınlaşaraq ona yenidən “saxla” əmri verdikdə sürücü avtomobili saxlamış, polis əməkdaşları ondan taksi fəaliyyəti ilə məşğul olmasına dair icazə sənədlərini tələb etmiş, lakin sürücü sənədləri təqdim etməkdən imtina edərək, yüksək səslə polis əməkdaşlarına tabesizlik göstərmiş, intizamsızlıq nümayiş etdirmiş, onlara hədə-qorxu gəlmiş, daha sonra maşını yandıracağını, özünü doğrayacağını bildirmişdir. Hadisə yerinə çağırılmış X5 Alayının əməkdaşları tərəfindən sürücü,yəni Şəxs 5-ci Polis Bölməsinə gətirilmiş, polis əməkdaşları tərəfindən tərtib edilmiş raportlar əsasında onun tərəfindən hazırki inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Sonda A.Ə.Kosayev məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 ifadəsində göstərdi ki, o, 13 aprel 2025-ci il tarixdə iş yoldaşı Emin Ələsgərovla birlikdə təyin olunmuş ərazidə xidmət aparkən “Toyota” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə “saxla” əmri vermiş, lakin sürücü əmrə tabe olmamışdır. Onlar xidməti avtomobillə həmin “Toyota” markalı avtomobilin arxasıyca bir qədər getdikdən sonra yenidən sürücüyə “saxla” əmri verdikdə sürücü avtomobili dayandırmış və düşərək aqressiv hərəkətlər etməyə, uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar sürücüdən yoxlamaq üçün sənədləri tələb etdikdə sürücü onların tələbinə tabe olmamış, sonradan maşını yandıracağını, özünü doğrayacağını bildirmiş, həmçinin mobil telefonu ilə çəkiliş aparmağa cəhd etmişdir. Onlar sürücünü təmkinli olmağa çağırsalar da, sürücü onlara məhəl qoymadığından əraziyə dəstək qüvvə çağırılmış və sürücü 5-ci Polis Bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X2 digər şahid Ruslan Həsənovun ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, yol polisi əməkdaşları onu saxlamış, aralarında anlaşmazlıq yaranmışdır. Hazırda törətmiş olduğu əməldən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Binəqədi RPİ-nin DYPŞ-nin YPX inspektorları tərəfindən tərtib edilmiş 13 aprel 2025-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə dislokasiya üzrə xidmətdə olarkən **-SZ-*** dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomaşına saxla işarəsi verdik. Sürücü əmrə tabe olmadı, daha sonra ona çatıb yenidən saxlatdırdıq. Sürücüyə yaxınlaşıb taksi fəaliyyəti ilə bağlı sənədləri istədikdə sürücü bu tələbi rədd edib tabesizlik və yüksək səs tonu ilə kobud intizamsızlıq etməyə başladı. Sürücünü intizama dəvət etsək də, sürücü bizə hədə-qorxu gələrək şərəf və ləyaqəti alçaldan sözlər deməyə başladı. Daha sonra maşını yandıracağını və özünü doğrayacağını bildirərək tabesizliyə davam etdi. Biz də ÇPA naryadı köməyə çağırdır...” - X5 Alayının 2-ci Patrul bölüyünün polis nəfərləri tərəfindən tərtib edilmiş 13 aprel 2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16:15 radələrində xidmət apardığımız 5-ci PB-nin inzibati ərazisində xidmətdə olarkən YPX xidmətin 246 nömrəli patrul maşınından efir vasitəsilə Elit ticarət mərkəzinin qarşısına kömək istənildi. Biz həmin ünvana yaxınlaşanda bir nəfər vətəndaşın yol polisinin qanuni tələbinə riayət etmədiyini görüb onu 5-cu PB-yə dəvət etdik... - 13 aprel 2025-ci il tarixli, AZA 022370 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 13 aprel 2025-ci il tarixdə, saat 16:35-də inzibati qaydada tutulmuşdur. - Sübut qismində təqdim edilmiş 01 ədəd DVD daşıyıcıda olan səsli videogörüntülərdən müəyyən edilir ki, yol polisi əməkdaşları Şəxs təmkinli olmağa dəvət etsələr də, o, “siz bilirsiz bu maşın kimindi?!”, “sındıracam şüşələri”, “özümü doğrayacam” kimi ifadələr işlədərək polis əməkdaşlarına tabesizlik göstərmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq, hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan, o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan məsuliyyət yaranır. İşin faktiki halları ilə Şəxs polisin qanuni tələbinə tabe olmaması öz təsqidini tapdığından, o, həmin maddənin sanksiyası həddində inzibati xəta üzrə məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Şəxs törətmiş olduğu əməli etiraf etməklə, əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndiri. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilməli, tutulmasının əvvəli 13 aprel 2025-ci il tarixdən, saat 16:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 aprel 2025-ci il tarixdən, saat 16:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar