Məhkəmə qərarları › İş №3(001)-2835/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2835/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2835/2025 14.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X6, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. İş materiallarından müəyyən edilmişdir ki, Şəxs ayrı-ayrı vaxtlarda xırda talama edərək İXM-nin 227-ci maddəsi ilə qorunan ictimai münasibətləri pozaraq inzibati xəta törətmişdir. Proses iştirakçılarının ifadələri:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X9 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində ünvan 2 ünvanında yaşayan vətəndaş X1 RPİ-nin 7-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində özünə məxsus əmək haqqı ABB bank kartından “Bolmart” mağazasında olan bankomatdan pul vəsaiti çıxarmış, pulu əldə etdikdən sonra bankomatdan uzaqlaşmış, lakin bank kartını bankomatda unutmuşdur. Kartını tapan naməlum şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə axşam saat 21:34 radələrində telefonunda olan ABB proqramından “Wolt Food” yemək daşıma şirkətinə sifariş verilərək hissə-hissə kartından -0.05 qəpik, 2-ci dəfə +0.05 qəpik qaytarıb, 3-cü dəfə isə 83.91 manat pulunun çıxarıldığını aşkar etmişdir. Ona məxsus ABB kartın 5167- 5133-4036-3415 nömrəli hesab kartından çıxarıldığını aşkar etmişdir. Hadisə nəticəsində ona 83 manat maddi ziyan dəymişdir.

3. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X11 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Əsgəndərov küçəsi ev 85-də yaşayan X10 10 aprel 2025-ci il tarixdə saat 15:00-da DİN-in 102 xidməti zəng mərkəzi sisteminə müraciət edərək ona məxsus Samsung markalı mobil telefonun oğurlanması barədə məlumat verimişdir. Aparılmış təhqiqat zamanı müəyyən eilmişdir ki, vətəndaş Şəxs 10 aprel 2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu 6-cı mikrorayon Mirmahmud Kazımovski küçəsində yerləşən müştəri kimi olduğu kafedə olan zaman həmin kafeni işlədən X8 məxsus kafedə masanın üzərinə qoyulmuş 100 manat dəyərində olan 1 ədəd Samsung markalı mobil telefonu gizli olaraq talayıb X8 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Şəxs telefonu oğurladıqdan sonra onu 30 manata satmış, telefonu alan şəxs də başqa şəxsə 50 manata satmışdır.

4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs etdiyi əməldən peşiman olduğunu və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. xx.xx.2025-ci il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur.

6. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Mir Cəlal 72 ünvanında yerləşən “Bolmart” marketin çıxışında ABB-yə məxsus kartı götürüb içindən pul çıxarmışdır.

7. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə vətəndaş M.Tahirəyə məxsus mobil telefonu oğurlayaraq xırda talama yolu ilə inzibati xəta törətmişdir.

8. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş X4 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

9. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X5 müraciəti əsasında toplanmış material üzrə vətəndaş Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar qəbul edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

10. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə də öz təsdiqini tapmışdır. Şəxs məhkəmə iclasında oğurluq etdiyini qəbul etmiş və bu əməldən peşman olduğunu bildirmişdir. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 227-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.

11. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

12. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətaya münasibətdə bildirir ki, Şəxs məsuliyyətini yüngülləşdirən hal mövcuddur. Şəxs məhkəmə iclasında törətdiyi əməllərə münasibətdə səmimi peşmançılığını etiraf etmişdir. Belə ki, İXM 32-ci maddəsinin 32.1.1-ci bəndinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı olduğu halda məhkəmə bunu yüngülləşdirici hal olaraq nəzərə alır.

13. Məhkəmə, Şəxs şəxsiyyətinə münasibətdə isə onu bildirir ki, onun talamaya meyilli olması, talamaya görə əvvəllər barəsində CM-nin 177.2.1-ci maddəsi üzrə məhkəmənin ittihamedici hökmü olduğunu, törətdiyi inzibati xətanın xarakteri, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməməsi, barışıq əldə olunmaması, zərərçəkmiş şəxsin şikayətçi olması da nəzərə alınmalıdır. Bununla da məhkəmə hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar.

14. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

15. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

16. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

17. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.

18. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

19. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

20. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

21. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

22. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 14 aprel 2025-ci il tarixdə saat 10:30dan hesablanmalıdır.

23. Qeyd olunanları nəzərə alaraq və İXM-in 33, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 14 aprel 2025-ci il tarixdə saat 10:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar