Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2837/2025 15.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 2025-ci ilin 11-12 aprel tarixlərində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində narkotik maddə metamfetamini nəfəsə çəkmə yolu ilə istehlak etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs özünü anlaqsız qeyri-səmimi aparmış və narkotik maddənin təsiri altında olduğunu hiss etdirmişdir. Bu səbəbdən o, polis bölməsinə dəvət edilmiş, narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan narkoloji mərkəzə aparılmış, həmin Mərkəzin rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində AMP (+) MET (+), narkomaniya xəstəliyi aşkar olunmuşdur. Sorğu-sual zamanı Şəxs bildirmişdir ki, o, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Onun narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu nəzərə alıb, inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlandığı gün də psixotrop maddə metamfetamindən istifadə etmişdir. Polis əməkdaşları onun vəziyyətindən şübhələndikləri üçün yoxlama məqsədilə narkoloji tibb müəssisəsinə aparmışlar. Həmin Mərkəzin rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində psixotrop maddə metamfetamin qalıqları aşkar edilmişdir. Əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ambulator X2 dair 2069 saylı, 14 aprel 2025-ci il tarixli rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində AMP (+) MET (+)aşkar edilmişdir. Müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Şəxs 02 sentyabr 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatındadır. Şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-yə verdiyi izahatından görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində psixotrop maddə metamfetamindən istifadə etdiyini etiraf etmişdir. İnzibati qaydada tutma haqqında 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 02:30-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, ekspert rəyi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Çünki, müayinə zamanı onda narkomaniya xəstəliyinin aşkar olunması narkotik vasitələrin aludəçisi olduğunu təsdiq edir. Bu mənada məhkəmə ona inzibati həbs təyin edilməsinə dair qənaətini həmçinin onunla əsaslandırır ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh təyin edilməlidir. Məhkəmə, Ambulator X1 Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasının mümkün olmadığı barədə qənaətini nəzərə alaraq, sonuncuya narkomaniyadan məcburi müalicə təyin olunmasını məqsədəmüvafiq hesab etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.3-cü maddəsinə görə barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.5-ci maddəsinə görə barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 14 aprel 2025-ci il tarixdən saat 02:30-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2837/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2837/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver