Məhkəmə qərarları › İş №3(001)-2845/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2845/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2845/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1, Şəxs nümayəndəsi Nümayəndə2 iştirakları, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 09 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. 09 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən 19268 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 13 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 19268 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 14 mart 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Şəxs tərəfindən 19268 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 13 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Rəsmi sənədlərlə ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 19268 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmət) ölkəyə idxal edilməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırki halda isə tərəfindən hüquqi şəxsin məhkəməyə təqdim etdiyi sənədlərə baxış keçirmiş və həmin sənədlərdə malların ölkəyə idxal edilməsi müəyyən edilımişdir. Ona görə də, inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində ödənilmiş 19268 ABŞ dolları məbləğində ödənilmiş vəsait üzrə mallar ölkəyə xx.xx.2023 tarixli **********3281 nömrəli yük gömrük bəyannaməsi ilə və xx.xx.2023 tarixli **********0419 nömrəli yük gömrük bəyannaməsi ilə X3 Sanayi Ve Ticaret Limited Şirkətindən xx.xx.2023-cü il tarixli, 02/2023 saylı müqavilə əsasında idxal olunmuşdur. Yük gömrük bəyannamələrinin surəti və E-customs.gov.az informasiya sistemindən xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək dövrü üzrə idxal məlumatlarını məhkəməyə təqdim etmişlər. Qeyd edilənlərdən və sənədlərdən göründüyü kimi, xx.xx.2023-cü il tarixli, 02/2023 saylı müqaviləyə əsasən xx.xx.2023-cü il tarixində ödənilmiş 19268 ABŞ dollarına münasibətdə mallar ölkəyə 2 ildən az müddətə gətirilmişdir. Cəmiyyətin bank hesabından çıxarış hesabatı da, eyni zamanda X3 Sanayi Ve Ticaret Limited Şirkəti ilə C-LİNE MMC arasında xx.xx.2023-cü il tarixindən xx.xx.2025ci il tarixinədək “Borcların qarşılıqlı üzləşdirilməsi” aktı da məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 09 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 19268 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Odur ki, cəmiyyət barəsində İXMnin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs 13 mart 2023-cü il tarixdə 19268 ABŞ dolları məbləğində ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədlər "xxxx" ASC-yə təqdim edilməmişdir. "xxxx" ASC tərəfindən verilmiş qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 19268 ABŞ dolları Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli, 02/2023 nömrəli müqaviləyə əsasən “X3 Sanayi ve Ticaret Limited Şirketi”nin hesabına köçürülmüşdür. Avans kod olaraq ********* qeyd edilmişdir. Həmçinin həmin qəbzdə “prepayment for wair 5.5 BY” ifadəsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, 02/2023 nömrəli müqavilədən görünür ki, alıcı Şəxs MMC və satıcı “X3 Sanayi ve Ticaret Limited” şirkəti arasında müqavilə bağlanmışdır. C-Line” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Türkiyə Respublikasında qeydiyyatda olan “X3 Sanayi ve Ticaret Limited” şirkəti arasında satış və ödənişləri hərəkəti üzrə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş cədvəldən görünür ki, xx.xx.2023-cü il tarixdə 19268 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 19058 ABŞ dolları ödənişlər edilmiş, xx.xx.2023-cü il tarixdə **********3281 sorğu nömrəli gömrük bəyannaməsi ilə 15990 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixdə **********0419 sorğu nömrəli gömrük bəyannaməsi ilə 15990 ABŞ dolları dəyərində mallar alınmışdır. xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin Şəxsnə ünvanlanan məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə icra olunmuş 19268 ABŞ dolları məbləğli köçürmə gömrük portalında qeydiyyat aparılmışdır. Hazırda avans köçürmə üzrə qalıq 0 təşkil edir. xx.xx.2023-cü il tarixli, 1065 nömrəli invoysdan görünür ki, həmin invoys xx.xx.2023-cü il tarixli, 02/2023 nömrəli müqaviləyə əsasən tərtib edilmişdir və alıcı Şəxsdir. Sifarişçi “X3 Sanayi ve Ticaret Limited” şirkəti olaraq göstərilmiş, göndərən isə “Javad Ateshafrouzbasmen” kimi qeyd edilmişdir. Malların siyahısında “Wair 5.5 mm” qeyd edilmiş, kod olaraq ********** göstərilmiş, ümumi dəyər isə 15990 ABŞ dollarıdır. xx.xx.2023-cü il tarixli, 1068 nömrəli invoysdan görünür ki, həmin invoys xx.xx.2023-cü il tarixli, 02/2023 nömrəli müqaviləyə əsasən tərtib edilmişdir və alıcı Şəxsdir. Sifarişçi “X3 Sanayi ve Ticaret Limited” şirkəti olaraq göstərilmiş, göndərən isə “Javad Ateshafrouzbasmen” kimi qeyd edilmişdir. Malların siyahısında “Wair 5.5 mm” qeyd edilmiş, kod olaraq ********** göstərilmiş, ümumi dəyər isə 15990 ABŞ dollarıdır. xx.xx.2023-cü il tarixli, **********3281 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “X3 Sanayi ve Ticaret Limited” şirkətinin tapşırığı ilə X1 tərəfindən Şəxsnə 15990 ABŞ dolları dəyərində mallar göndərilmişdir. Malların təsviri bölməsində 5.5 mm məftil olması, çəkisi 24600 kq olması qeyd edilmişdir. Təqdim olunmuş sənədlərdə xx.xx.2023-cü il tarixli, 1065 nömrəli invoys qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, **********0419 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “X3 Sanayi ve Ticaret Limited” şirkətinin tapşırığı ilə X1 tərəfindən Şəxsnə 15990 ABŞ dolları dəyərində mallar göndərilmişdir. Malların təsviri bölməsində 5.5 mm məftil olması, çəkisi 24600 kq olması qeyd edilmişdir. Təqdim olunmuş sənədlərdə xx.xx.2023-cü il tarixli, 1068 nömrəli invoys qeyd edilmişdir. Məhkəmə səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən 13 mart 2023-cü il tarixdə "xxxx" ASC vasitəsi ilə “X3 Sanayi ve Ticaret Limited” şirkətinin hesabına köçürülmüş 19268 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar ödənişin aparıldığı gündən 2 (iki) il müddətində idxal edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC və satıcı “X3 Sanayi ve Ticaret Limited” şirkəti arasında xx.xx.2023-cü il tarixli, 02/2023 nömrəli müqavilə bağlanmış və 19268 ABŞ dolları həmin müqaviləyə uyğun olaraq xaricə köçürülmüşdür. Həmin köçürülmə ilə bağlı "xxxx" ASC tərəfindən verilmiş sənəddən ödəmənin xx.xx.2023cü il tarixli, 02/2023 nömrəli müqaviləyə əsasən həyata keçirilməsi təsdiqini tapmışdır. 1065 və 1068 nömrəli invoysların tədqiqi zamanı müəyyən edilmişdir ki, həmin invoyslarda satılan mal olaraq “Wair 5.5mm” yəni 5.5mm məftil satıldığı göstərilmiş, hər iki invoys üzrə satılan malın dəyəri 15990 ABŞ dolları, kiloqramı isə 24600 olmuş, həmçinin alıcının Şəxs MMC, sifarişçinin isə “X3 Sanayi ve Ticaret Limited” şirkəti olması qeyd edilmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixli, **********3281 sorğu nömrəli və xx.xx.2023-cü il tarixli, **********0419 sorğu nömrəli gömrük bəyannamələri 1065 və 1068 nömrəli invoyslarda göstərilən malın adı, çəkisi və qiymət ilə uyğun olmuşdur. Odur ki, Şəxs MMC tərəfindən 13 mart 2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli, 02/2023 nömrəli müqaviləyə əsasən 19268 ABŞ dolları vəsaiti “X3 Sanayi ve Ticaret Limited” şirkətinə mal almaq üçün köçürməsi, həmin malların İran İslam Respublikasından Şəxs MMC-nin ünvanına “X3 Sanayi ve Ticaret Limited” şirkətinin sifarişi əsasında göndərilməsi və malların xx.xx.2023-cü il tarixli, **********3281 sorğu nömrəli və xx.xx.2023-cü il tarixli, **********0419 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərək Azərbaycan Respublikası ərazisinə gətirilməsi təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı baş verməmişdir. Belə ki, Şəxs tərəfindən 13 mart 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 19268 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına qaytarılmışdır. Bu isə onu göstərir ki, 09 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki. Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 09 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar