Məhkəmə qərarları › İş №3(001)-2848/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2848/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2848/2025 24.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X1, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Binəqədi Rayon Polis İdarəsinin X14 Şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, X3 Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 tərəfindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X9 şikayətini onunla əsaslandırılmışdır ki, o, 30 ildir ki, Bakı şəhərində yaşayır və öz şəxsi avtomobili ilə “yük daşıma” fəaliyyəti ilə məşğuldur. xx.xx.2025-ci il tarixdə yük aparan zaman yol patrul xidməti əməkdaşları onu saxlamışdır. O, avtomobildən düşərək polis əməkdaşlarından inzibati xəta haqqında protokol tərtib etməmələrini xahiş və təkid etmişdir. Polis əməkdaşları isə onun təkidlərinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş və avtomobilə duracağa təmin etmişdir. 4 ildir xərçəng xəstəsidir və müalicəsinə pul çatdırmır. Həmçinin qarmariti də vardır. Odur ki, xəstə və imkasız olduğunu nəzərə alaraq, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X14 Şöbəsinin nümayəndəsi X8 çıxış edərək bildirmişdir ki, verilmiş şikayətin dəlilləri əsassızdır. Məhkəməyə inzibati xətanın törədilməsini əks etdirən videogörüntünü təqdim edərək bildirmişdir ki, təqdim olunmuş video-görüntüdən də sözügedən inzibati xətanın törədilməsi öz əksini tapır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 İXM-in 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, 100 manat inzibati cərimə olunmuşdur. Məhkəməyə təqdim olunmuş video-görüntü məhkəmə iclasında tədqiq edilmiş və X1 İXM-in 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi həmin görüntüdə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında X6 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video-görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi ** FH *** dövlət qeydiyyat nişanlı, “QAZ 3110” minik markalı avtomobili idarə edən X9 tərəfindən Bakı, Biləcəri 3 Hərbi Şəhərcik 5 ünvanında baş vermişdir. Təqdim edilmiş video görüntüdən də müşahidə edilmişdir ki, X9 yük daşıma və yolayrıcını keçmə qaydalarını pozmuş və bununla da İXM-in 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 şikayət ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından da göründüyü kimi, şikayətçi inzibati xəta hadisəsini törətmədiyinə dair hər hansı sübut məhkəməyə təqdim etməmiş və inzibati xəta hadisəsini törətmədiyini bildirməmiş, sadəcə, xəstəliyi və maddi imkanının aşağı olması səbəbindən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Lakin şəxsin xəstəliyi və maddi durumunun aşağı səviyyədə olması onu inzibati məsuliyyətdən azad etmir və onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğvinin əsası kimi çıxış edə bilməz. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə-qırx manat məbləğində cərimə edilir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X6 şikayətdə göstərdiyi xüsusatlar barəsində Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X9 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X6 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 tərəfindən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar