Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2852/2025 16.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs İXM-nin 535.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 16 aprel 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokol baxılması üçün həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, 14 aprel 2025-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda “Mercedes” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılarkən sürücü Şəxs polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş A.Ə.Kosayev izahatında göstərdi ki, 14 aprel 2025-ci il tarixdə, saat 22:30 radələrində Binəqədi RPİ-nin DYP şöbəsinin əməkdaşları Binəqədi rayonu, Baksol yolunda “Mercedes” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsünə “saxla” əmri versələr də, sürücü əmrə tabe olmayıb hərəkətə davam etmiş, yol polisi əməkdaşları xidməti avtomobillə həmin yük avtomobilinin önünü kəsərək onu dayandırmağa nail olmuşlar. Bundan sonra avtomobilin və qoşqusunun üzərində çoxsaylı həbs olduğu müəyyən edilmiş və sürücüyə avtomobilin duracağa aparılacağı bildirildikdə sürücü polisin ünvanına nalayiq ifadələr işlədərək qaçmağa başlamışdır. Polis əməkdaşları xidməti avtomobillə onun axrasınca gedib, saxlama nail olmuşlar. Bu zaman həmin sürücü polis əməkdaşlarına əl-qol atmış, hətta bir polis əməkdaşının xidməti formasını zədələmişdir. Buna görə də, hadisə yerinə Post-Patrul Xidməti bölüyündən kömək istənmiş və sürücü 5-ci Polis Bölməsinə gətirilmişdir. Bölmədə müəyyən edilmişdir ki, həmin sürücü Şəxsdur. Polis əməkdaşları tərəfindən tərtib edilmiş raportlar əsasında onun tərəfindən hazırki protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Sonda A.Ə.Kosayev məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş leytenantı X3 ifadəsində göstərdi ki, o, 14 aprel 2025-ci il tarixdə YPX inspektoru Turqut Əhmədovla birlikdə xidmətdə olarkən saat 22:30 radələrində Baksol yolunda “Mercedes” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə “saxla” əmri versələr də, sürücü əmrə tabe olmayıb, hərəkətə davam etmişdir. Onlar xidməti avtomobillə həmin nəqliyyat vasitəsinin önünü kəsərək onu dayandırmağa nail olmuşlar. Bundan sonra həmin nəqliyyat vasitəsinin sürücüsünə avtomobilin və qoşqusunun üzərində çoxsaylı həbslə bağlı qərar olduğu, buna görə də nəqliyyat vasitəsinin cərimə meydançasına aparılacağı bildirildikdə sürücü onların ünvanına nalayiq ifadələr işlədərək qaçmağa başlamışdır. Onlar dərhal avtomobillə həmin şəxsin arxasınca gedərək, onu saxlamış, bu zaman sürücü onlara əl-qol ataraq, xidməti formaya zərər yetirmişdir. Onlar dəfələrlə sürücünü sakitləşməyə dəvət etsələr də, sürücü qeyri-adekvat hərəkətlərə davam etdiyindən, onlar PPX əməkdaşlarından kömək istəmişlər. Bundan sonra PPX əməkdaşları tərəfindən həmin sürücü 5-ci PB-yə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 digər şahid İsa Əliyevin ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, yol polisi əməkdaşları onu saxlayan zaman o, tabesizlik göstərməmiş, qaçmamışdır. Lakin səbəbsiz yerə hadisə yerinə Post Patrul Xidməti əməkdaşları cəlb edilmiş və o, 5-ci PB-yə gətirilmişdir. Sonda Şəxs məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Binəqədi RPİ-nin DYPŞ-nin YPX inspektorları tərəfindən tərtib edilmiş 14 aprel 2025-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Baksol yolunda xidmət apararkən **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə saat 22:30 radələrində saxla əmri verdik. Lakin sürücü buna məhəl qoymayaraq hərəkəti davam etdirdi. Daha sonra qarşısına keçərək avtomobili dayandırmağa nail olduq. Sürücüyə avtomobilində çoxsaylı həbsin olduğunu bildirib onu müvafiq qanuna uyğun olaraq duracağa gedəcəyimizi bildirdik. Bu zaman sürücü polisin qanuni əmrinə tabe olmayaraq polisin ünvanına nalayiq sözlər istifadə edərək qaçmağa başladı. Biz ona çatıb onu saxlayan zaman bizə qarşı kobud şəkildə əl-qol hərəkətləri ilə müqavimət göstərirdi. Müqavimət zamanı bizim formamıza əl ataraq cırdı. Biz ona dəfələrlə qanuna tabe olmağa dəvət etdik, lakin sürücü nalayiq sözlər istifadə edərək tabesizlik göstərirdi. Daha sonra PPX-dan kömək çağırıb sürücünü Bölməyə gətirdik. Burada müəyyən olundu ki, həmin şəxs xx.xx.1985-ci il təvəllüdlü Şəxsdur. - Binəqədi RPİ-nin PPX bölüyünün polis nəfərləri tərəfindən tərtib edilmiş 14 aprel 2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 23:20 radələrində 658 YPX-nın efir vasitəsilə çağırışı əsasında kömək məqsədilə deyilən koordinata yaxınlaşdıq. YPX-ya kömək edərək 1 nəfər şəxsi avtopatrula əyləşdirərək 5-ci PB-yə təmin etdik... - 14 aprel 2025-ci il tarixli, AZA 022370 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 14 aprel 2025-ci il tarixdə, saat 23:35-də inzibati qaydada tutulmuşdur. - Sübut qismində təqdim edilmiş 01 ədəd DVD daşıyıcıda olan səsli videogörüntülərdən müəyyən edilir ki, Şəxs polis əməkdaşlarından qaçmağa cəhd edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq, hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan, o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan məsuliyyət yaranır. İşin faktiki halları ilə Şəxs polisin qanuni tələbinə tabe olmaması öz təsqidini tapdığından, o, həmin maddənin sanksiyası həddində inzibati xəta üzrə məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Şəxs himayəsində 3 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətində inzibati həbs edilməli, tutulmasının əvvəli 14 aprel 2025-ci il tarixdən, saat 23:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 14 aprel 2025-ci il tarixdən, saat 23:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-2852/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2852/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver