Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2853/2025 16.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də mütəxəsis işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs polisə tabesizlik göstərərək, İXM-in 535.1-ci maddəsi ilə qorunan ictimai manasibətləri pozaraq inzibati xəta törətmişdir. Proses iştirakçılarının ifadələri:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, polis əməkdaşları xx.xx.2025-ci il tarixdə dislokasiya üzrə xidmətdə olarkən Jeep markalı avtomaşına saxla işarəsi verərək sürücüyə yaxınlaşıb sənədlərini tələb etmişlər, lakin sürücü müvafiq sənədləri təqdim etməkdən boyun qaçırmışdır. Əməkdaşlar dəfələrlə sürücüdən sənədləri tələb etsələr də, sürücü bu tələbi kobudcasına rədd etmişdir. ÇPA naryadının köməyi ilə həmin vətəndaş 5-ci PB-ya gətirilmiş, bölmədə onun Şəxs olması və sürücülük hüququnun məhdudlaşdırılması məlum olmuşdur. Bölmədə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, saat 10 radələrində işdən gəlib maşını marketin qarşısında saxlamış, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq sənədləri istəmiş, o da sənədlərini nə üçün istədiklərini soruşmuşdur. Bu zaman polis əməkdaşları onun içkili olub olmamasını soruşmuşlar, daha sonra polis əməkdaşları sistemdə onun adına etibarnamənin çıxmadığını demiş, o da lizinq maşın olduğuna görə adına etibarnamənin çıxmadığını bildirmişdir. Sonuncu polisə onu hansı əsasla saxladıqlarını soruşmuş, lakin polis buna fikir vermədən insanların içərisində “bu adamı PPX-nın maşınına basın” demişdir. Şəxs bildirir ki, sərxoşluğu yoxlayan aparatın heç bir gigiyenik təmizliyi yox idi birbaşa ciblərindən çıxararaq onun ağzına yaxınlaşdırmağa çalışmışlar, eyni zamanda onlar sərxoşluqdan şübhə etdiklərini bildirsə idilər, bu halda o polisin tələblərinə razı olacaqdı. O qeyd edir ki, onu dünən axşamdan tutmuşlar, bu səbəbdən də bu gün işə gedə bilməmişdir. Atasının xəstə olduğunu dünəndən on aldığı dərmanı atasına apara bilmədiyini bildirərək, polisə tabesizlik göstərmədiyini, sadəcə hansı səbəblə saxlanıldığını soruşduğunu və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin inspektoru X1 izahatında bildirmişdir ki, 15 aprel 2025-ci il tarixdə xidmətdə olarkən sürücü dönmə işığından istifadə etmədiyinə görə saxlanılmış, sistemdə sənədləri yoxlanılarkən avtomobili lizinq vasitəsilə əldə edildiyinə görə adına etibarnamənin mövcud olmadığı məlum olmuşdur. Bölmədə məlum olmuşdur ki, şəxsin sürücülük hüququ məhdudlaşdırılmışdır. Belə ki, vətəndaşın inzibati xətalara dair 20 balı vardır.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin inspektoru X2 izahatında bildirmişdir ki, Şəxs məhəllə içərisindən keçərkən dönmə işığını yandırmamışdır. Ona yaxınlaşaraq sənədləri tələb etsələr də sonuncu tabesizlik göstərərək sənədlərini təqdim etmək istəməmişdir. Sistemdə sənədləri yoxlanılarkən məlum olmuşdur ki, şəxsin 13 aprel 2025-ci il tarixdə sürücülük hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. xx.xx.2025-ci il tarixli, AZA № 022256 inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs 15 aprel 2025-ci il tarixdə saat 22:30-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
7. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Binəqədi Rayonu, Nəriman Nərimanov küçəsində “Jeep” markalı **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılan zaman sürücü Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
8. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, eləcə də şahidlərin izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh tətbiq edilməlidir.
9. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etmədiyinə görə əməldə yüngülləşdirici halın olmadığı qənaətinə gəlmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar da müəyyən edilməmişdir.
11. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
12. İXM-in 3-ci maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
13. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
14. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
15. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
16. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
17. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
18. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
19. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və sonuncu dərhal məhkəmə iclas zalından inzibati tutulmadan azad edilməlidir.
20. Qeyd olunanları nəzərə alaraq və İXM-in 32, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova