Məhkəmə qərarları › İş №3(001)-2855/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2855/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2855/2025 16.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonunun Tatyanoba kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisələrini törətməsinə dair 16 aprel 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 15 aprel 2025-ci il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində xırda xuliqanlıq etmiş və 40-cı Polis Bölməsində polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş E.Y.Zeynalov bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən “Çinarlı” oteldə 1 nəfər cinsi azlıq nümayəndəsi olan şəxs ictimai qaydanı pozduğundan, həmin şəxs polis əməkdaşları tərəfindən 40-cı Polis Bölməsinə gətirilmişdir. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs yanında olan 1 nəfər şəxslə bölməyə gəlmişdir. Onlar daha əvvəl “Çinarlı” oteldə ictimai qaydanı pozduğuna görə polis bölməsinə gətirilmiş cinsi azlıq nümayəndəsinin dərhal azad edilməsini tələb etmiş, bu tələbləri yerinə yetirilmədikdə isə bölmədə səs-küy salmış, bölmənin iş rejimini pozmuşlar. Həmin şəxsləri intizama dəvət etsələr də, onlar buna məhəl qoymamış və qanunazidd davranışlarına davam etmişlər. Bu hərəkətlərinə görə həmin şəxslərin, həmçinin də Şəxs barəsində İXMnin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Verilən suallara cavab olaraq inzibati xəta haqqında protokolu tərtib etmiş E.Y.Zeynalov hazırda barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs digər şəxslərə nisbətən özünü daha intizamlı apardığını bildirmişdir. Sonda E.Y.Zeynalov Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi, polis polkovnik-leytenantı X4 ifadəsində göstərdi ki, DİN-in 102 xidmətinə daxil olan məlumat əsasında o, xidmət yoldaşı olan digər polis əməkdaşları ilə Biləcəri qəsəbəsində yerləşən “Çinarlı” otelə getmiş, orada 1-i cinsi azlıq nümayəndəsi olmaqla 2 nərəfin iştirakı ilə dava-dalaş olduğunu görüb həmin şəxsləri 40-cı Polis Bölməsinə gətirmişlər. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs yanında olan 1 nəfər şəxslə bölməyə gəlmişdir. Onlar daha əvvəl “Çinarlı” oteldə ictimai qaydanı pozduğuna görə polis bölməsinə gətirilmiş cinsi azlıq nümayəndəsinin dərhal azad edilməsini tələb etmiş, bu tələbləri yerinə yetirilmədikdə isə bölmədə səs-küy salmış, bölmənin iş rejimini pozmuşlar. Həmin şəxsləri intizama dəvət etsələr də, onlar buna məhəl qoymamış və qanunazidd davranışlarına davam etmişlər. Bu səbəbdən həmin şəxslər tərəflərindən saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, nə dava-dalaşda iştirak etməmiş, nə də Polis Bölməsində polisin qanuni tələblərinə tabesizlik göstərməmişdir. O, “Çinarlı” oteldə saxlanılmış Nazlı adlı cinsi azlıq nümayəndəsinin evində təmizlik işləri görməklə ailəsini dolandırılır. Hadisə baş verən gün də Nazlının evində olduğu zaman, Nazlının dostu Sübhan Nazlının polis tərəfindən saxlanıldığını bildirmişdir. O, taksi çağırıb evinə getməyə hazırlaşarkən, yolüstü olduğundan Sübhan onu həmin taksi ilə polis bölməsinə aparmağı xahiş etmişdir. Onun niyyəti Sübhanı polis bölməsində düşürdükdən sonra həmin taksi ilə evinə getmək olmuşdur. Lakin, “Nazlı”nın evində işləməklə çörək pulu qazandığldan, düşüb onun niyə saxlanılması ilə maraqlanmaq qərarına gəlmiş və Sübhanla birlikdə polis bölməsinə daxil olmuşdur. Polis bölməsində Sübhan və Nazlının digər dostları səs-küy salmağa və polisin iş rejimini pozmağa başlamışdır. O, sadəcə həmin şəxsləri sakitləşdirməyə çalışmışdır. Buna baxmayaraq, polis əməkdaşları intizamsızlıq edən şəxslərlə birlikdə onu da saxlamışlar. Sonda Şəxs məhkəmədən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin məsul növbətçisi, polis kapitanı Vüqar Əzizov tərəfindən tərtib edilmiş 16 aprel 2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə 102 xidmətinə daxil olmuş məlumata əsasən 40-cı PB-ya gətirilmiş X5, X6, X7, Şərifzadə Sübhan Hicran oğlu və Şəxs Bölmədə olan zaman ünvanımıza nalayiq ifadələr işlətmiş, söyüşlər söymüş, saxlanılması zərurəti yarandığı üçün müvəqqəti saxlama yerində saxlanılan zaman qapını təpikləyərək, Bölmənin iş rejimini pozmuşlar. İş materiallarında olan 16 aprel 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 16 aprel 2025-ci il tarixdə, saat 02:35-də inzibati qaydada tutulmuş, 16 aprel 2025-ci il tarixdə, saat 16:20-də azad edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sübutları araşdıraraq, habelə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyərək, belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi mövcuddur və inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi İXM-nin 510-cu; polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxs məhkəmə iclasındakı izahatında özünü ona istinad edilən əməllər üzrə təqsirli bilməsə də, onun əməllərində İXM-nin göstərilən maddələrdə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, iş materiallarında olan raport və şahid ifadəsi ilə öz təsdiqini tapır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə İXM-nin 34.3 və 31.4-1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1ci maddəsi ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 535.1-ci maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün müəyyən edilmiş cərimə cəzasının maksimum həddi 200 manat olduğundan, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq, hesab edir ki, Şəxs 150 manat məbləğində inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə Şəxs həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar