Məhkəmə qərarları › İş №3(001)-2856/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2856/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2856/2025 16.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı PBnin sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, deməsinə görə ünvan 2 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 15 aprel 2025-ci il tarixdə saat 2300 radələrində Xocəsən qəsəbəsi dairəsi yaxınlığında Çinarlı Hoteldə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, 40-cı Polis Bölməsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı PBnin sahə inspektoru, polis leytenantı X3 tərəfindən 16 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin sahə inspektoru, polis leytenantı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 15 aprel 2025-ci il tarixdə DİN-in 102 xidmətinə daxil olmuş məlumata əsasən əməliyyat qrupu ilə birgə Xocəsən dairəsi yaxınlığında yerləşən Çinarlı otelə getmişlər. Orada olan zamanı bir neçə şəxsin mübahisə etdiyini görmüş, onları nizam intizama dəvət etmişlər. Lakin həmin şəxslər onların ünvanlarına nalayiq ifadələ işlədərək qanuni tələblərinə tabe olmamışlar. Daha sonra həmin şəxslər bölməyə gətirmişlər. Bölmədə müəyyən olunmuşdur ki, həmin şəxslədən biri də Şəxsdur. Həmin şəxslər bölmədə olan zamanı ünvanlarına nalayiq ifadələr işlətmiş, söyüşlər söymüş, saxlanılması zərurəti yarandığı üçün müvəqqəti saxlama yerində saxlanılan zaman qapını təpikləyərək, bölmənin iş rejimini pozmuşlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, DİN-in 102 xidmətinə zəng vurmamış və şikayət etməmişdir. O, polis əməkdaşlarını görəndə çıxıb getmək istəsə də, polis əməkdaşları onu getməyə qoymamış və onu 40-cı Polis Bölməsinə aparmışlar. Bölmədə 9 nəfəri balaca bir otağa saldıqlarından o, havasızlıqdan şikayət etmişdir. Onunla qeyri-insani rəftar etdikləri üçün polis əməkdaşlarına hirslənmişdir. Heç bir inzibati xəta törətmədiyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin təhqiqatçısı X8 ifadəsində göstərmişdir ki, Şəxs 15 aprel 2025-ci il tarixdə Xocəsən dairəsi yaxınlığında yerləşən Çinarlı adlı otelə getmiş, orada olarkən DİNin 102 xidmətinə zəng edərək pulunun verilməməsindən şikayət etmişdir. İş araşdırılması üçün şəxslər bölməyə dəvət edilmişlər. Bölmədə Şəxs polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmiş, divarları təpikləmişdir. Nə qədər sakitliyə riayət edilməsi təklif edilsə də, buna məhəl qoymamış, öz qeyri-etik hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X2 ifadəsində göstərmişdir ki, Şəxs 15 aprel 2025-ci il tarixdə Xocəsən dairəsi yaxınlığında yerləşən Çinarlı adlı otelə getmiş, orada olarkən DİN-in 102 xidmətinə zəng edərək pulunun verilməməsindən şikayət etmişdir. Hadisə yerinə gedərkən, Şəxs yanında 2 azyaşlı uşaq olan kişi ilə mübahisə etdiyini görmüşlər. İş araşdırılması üçün şəxslər bölməyə dəvət edilmişlər. Bölmədə Şəxs polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmiş, divarları təpikləmişdir. Nə qədər sakitliyə riayət edilməsi təklif edilsə də, buna məhəl qoymamış, öz qeyri-etik hərəkətlərinə davam etmişdir. Şəxs onlara hədə-qorxu gəlmiş, onları məhv edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin növbətçi köməkçisi X5 ifadəsində göstərmişdir ki, Şəxs 15 aprel 2025-ci il tarixdə Xocəsən dairəsi yaxınlığında yerləşən Çinarlı adlı otelə getmiş, orada olarkən DİN-in 102 xidmətinə zəng edərək pulunun verilməməsindən şikayət etmişdir. Hadisə yerinə gedərkən, Şəxs yanında 2 azyaşlı uşaq olan kişi ilə mübahisə etdiyini görmüşlər. İş araşdırılması üçün şəxslər bölməyə dəvət edilmişlər. Bölmədə Şəxs özünü öldürəcəyini deyərək qışqırmış, polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmiş, divarları təpikləmişdir. Nə qədər sakitliyə riayət edilməsi təklif edilsə də, buna məhəl qoymamış, öz qeyri-etik hərəkətlərinə davam etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Binəqədi RPİ-nin 40-cı PB-nin məsul növbətçisi polis kapitanı Vüqar Əzizov və həmin bölmənin ə/m polis leytenantı Baloğlan Musayev tərəfindən tərtib olunaraq imzalanmış 15 aprel 2025-ci il tarixli Raportlardan görünür ki, 15 aprel 2025-ci il tarixdə, DİN-in 102 xidmətinə daxil olmuş məlumata əsasən əməliyyat qrupu ilə birgə Xocəsən dairəsi yaxınlığında yerləşən Çınarlı otelə getmişlər. Orada olan zamanı bir neçə şəxsin mübahisə etdiyini görmüşlər. Onları nizam intizama dəvət etsələr də, lakin həmin şəxslər onların ünvanlarına nalayiq ifadələr işlədərək qanuni tələblərinə tabe olmamışlar. Daha sonra həmin şəxslər bölməyə gətirilmişlər. Bölmədə müəyyən olunmuşdur ki, həmin şəxslər X7, Şəxs və X4r. Həmin şəxslər bölmədə olan zamanı ünvanlarına nalayiq ifadələr işlətmiş, söyüşlər söymüş, saxlanılması zərurəti yarandığı üçün müvəqqəti saxlama yerində saxlanılan zaman qapını təpikləyərək, bölmənin iş rejimini pozmuşlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 40-cı PB-yə yazdığı izahatından görünür ki, “..... Bölmədə olan zaman ictimai asayişi pozmuşlar, müvəqqəti saxlanma yerinin qapısını təpiklə vuraraq iş rejiminin gedişinə mane olmuşlar” İnzibati qaydada tutma haqqında 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:30-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi onun 40-cı PB-də yazdığı izahatı, 15 aprel 2025-ci il tarixli Raportlar və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddələrlə protokol tərtib edilmişdir. Şəxs məhkəmədə verdiyi izahatında təqsirini inkar etməsi, sadəcə müdafiə mövqeyindən irəli gələn, prosessual taktika sayıla bilər və reallıqla uzlaşmır. Hadisənin ümumi gedişi, şahidlərin ifadələri və özünün polis bölməsindəki izahatı, qeyd etdiyi təfərrüatlar birgə qiymətləndirildikdə, onun ictimai asayişi pozduğu, polis əməkdaşlarını təhqir etdiyi və qanuni tələblərə əməl etmədiyi inandırıcı və sübutlarla təsdiqlənmiş hesab olunur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 16 aprel 2025-ci il tarixdən saat 00:30-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar