Məhkəmə qərarları › İş №3(001)-2857/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2857/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2857/2025 16.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.2001-ci il tarixdə Göyçay rayonu, Kürdəmiş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis leytenantı X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis leytenantı X4 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis leytenantı X4 izahatında bildirmişdir ki, 15 aprel 2025-ci il tarixdə gecə radələrində 102 xidmətinə daxil olmuş məlumata əsasən əməliyyat qrupu yardılmışdır. Məlumatda qeyd edilirdi ki, Xocasən dairəsi yaxınlığında yerləşən Çinarlı oteldə mübahisə baş vermişdir. Əməliyyat qrupu da bununla bağlı hadisə yerinə getmişdir. Hadisə yerində isə orada olan şəxslər isə polis əməkdaşları arasında mübahisə olmuşdur. Polis əməkdaşları da orada olan şəxsləri 40-cı polis bölməsinə gətirmişdir. Həmin şəxslərdən biri də Şəxs olmuşdur. Həm Çinarlı oteldə, həm də polis bölməsində şəxs polisin qanuni tələblərinə tabe olmamış və bölmənin iş rejimini pozmuşdur. Eyni zamanda bölmədə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Oteldə isə polis əməkdaşları ilə sadəcə mübahisə etmişdir. Nalayiq ifadələri isə bölmədə işlətmişdir. Bölmənin qapısını təpikləmişlər, içəridə heyvan səsləri çıxararaq polis əməkdaşlarını təhqir etmişdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, pul qarşılığında danışıb, otelə müştəriyə getmişdir. Onların arasında danışıq belə olmuşdur ki, 3 saata 250 manat ödəniləcəkdir. O, oteldə otağa daxil olanda müştərinin yanında 2 az yaşlı uşaq olduğunu görmüşdür. Bundan sonra az yaşlı uşaqların qarşısında görüşə bilməyəcəyini bildirmişdir. Müştəri ona uşaqları o biri otağa göndərəcəyini və heç bir narahatçılığın olmadığını bildirmişdir. Bu təklifdən sonra o 250 manatı ödəməyi istəmiş, lakin həmin şəxs 150 manatı əvvəlcədən ödəyəcəyini, 100 manat da görüş qutardıqdan sonra ödəyəcəyini bildirmişdir. O, razılaşmayaraq hadisə barədə 102-yə məlumat vermiş, sonra isə bölməyə getmişdir. Əvvəlcə bölmədə hər şey çox yaxşı idi, o müştəridən 150 manat almışdı, 100 manatı da polis əməkdaşları alıb, onun kartına göndərdilər. Ona oteldə polislər bölməyə gedəcəklərini və orada bir ərizə yazacağını, sonra çıxıb gedəcəyini bildirmişdir. O, polislərlə razılaşaraq bölməyə gəlib, ərizəni yazmışdır. Gedən zaman polislər onu yenidən çağırmış, o təkrar bölməyə qayıdandan sonra artıq onunla kobud rəftar etməyə başlamışlar və ona həmin gün bölmədə qalmalı olduğu bildirilmişdir. Ona güc tətbiq edib, MSY-ə salmışlar. Onun rəfiqələri də bölməyə onun üçün gəlmişdilər, lakin polis əməkdaşları rəfiqələrini də tutmuşdur. O, heç kimi təhqir etməmişdir, lakin MSY-də olanda qapını təpikləmişdir ki, ürəyi partlayır və onu oradan buraxsınlar. O, bölmədə nalayiq ifadə işlətməmiş, yalnız qapıları təpikləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, 102-dən məlumat daxil olmuş, həmin məlumat əsasında Çinarlı otelə getmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs oteldə səs-küy yaratmış və otelin otağında hər şeyi dağıtmışdı. Sonuncu bölməyə gətirilmiş, lakin bölmədə də eyni hərəkətləri davam etdirmiş, növbətçi hissənin iş rejimini pozmuş, bununla yanaşı nalayiq ifadələr işlətmişdir. Onlar otelə getdikləri zaman da Şəxs orada da nalayiq ifadələr işlədirdi. Otelin otağında şüşəni də qırmışdılar. Həmçinin bölmədə də səhərə saatlarınadək sakit dayanmamış, bölmədə olan bütün polis işçilərini təhqir etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin görüşdüyü şəxs Şəxs xanım bilərək otelə dəvət etmişdir. Həmin vətəndaş 2 az yaşlı övladı ilə oteldə olmuş və sonuncu ilə Şəxs arasında qiymətlə bağlı mübahisə yaranmışdır. Həmin mübahisə ilə bağlı məlumat gəldiyi üçün sözügedən otelə getmişlər. Otelin otağında hər şeyi dağıdılmış və şüşələr sındırılmışdı. Bundan sonra Şəxs bölməyə dəvət etmişlər. Bölmədə Şəxs artıq onları təhqir edərək bölməni dağıtmağa başlamışdır. Özünü divara vura-vura və sizi işdən çıxaracam məzmununda ifadələr işlədirdi. MSY-nə salındıqdan sonra Şəxs oranın qapılarını təpikləməyə başlamış, həmin gecə bütün növbətçi hissəsinin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, həmin gün gecə bölmədə məsul növbətçi olmuşdur. 102 məlumatı daxil olmuşdur. Məlumatda göstərilirdi ki, cinsi azlığın nümayəndəsi olan şəxs otelə çağırıldığı şəxs tərəfindən pulunun ödənilməsini tələb edir. Onlar otelə əməliyyat qrupunu göndərmişlər, daha sonra əməliyyat qrupu tərəfindən Şəxs bölməyə gətirilmişdir. İlk əvvəl şəxs normal şəkildə bölməyə daxil olmuş, daha sonra isə nalayiq ifadələr işlətməyə və bölmədə otağı dağıtmağa başlamışdır. Onlar Şəxs sakitləşdirə bilməmişlər, sonuncu bölmənin iş rejimini pozmuşdur. Nəticədə şəxsi MSY-nə salmışlar, lakin Şəxs hərəkətlərini davam etdirmiş, MSY-nin qapılarını döyməyə və təpikləməyə başlamış, “it” kimi səslər çıxardaraq onları təhqir etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi üçün onun əməlində hər iki xətanın tərkib əlamətlərinin mövcudluğunu ayrı-ayrılıqda tədqiq etməyi zəruri hesab edir. Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibətdə qeyd edir ki, həmin maddənin tələblərinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs “Çinarlı” adlı oteldə uca səslə nalayiq ifadələr işlədərək, oteldə ətrafı dağıdaraq ətrafdakı insanları narahat etmiş, polis bölməsinə gətirildikdən sonra da hərəkətlərini davam etdirmiş, ətrafı dağıtmış və nalayiq ifadlər işlətmiş, müvəqqəti saxlama yerinin qapısını təpikləmiş, polis əməkdaşlarını təhqir etmiş, heyvan səsləri çıxarmaqla və sair digər hərəkətlər etməklə polis bölməsinin iş rejimini kobud şəkildə pozmuşdur. Məhkəmə Şəxs hərəkətlərini aşağıdakı aspektlərdən ictimai qaydanın pozulması kimi qiymətləndirilir:

1. İctimai davranış qaydalarının pozulması: Onun yüksək səslə nalayiq ifadələr işlətməsi və oteldə ətrafı dağıtması, bölmədə söyüşlər söyərək ətrafı dağıtması, MSY-nin qapısına təpik zərbələri endirməsi ətrafda olan şəxslər üçün narahatlıq yaratmışdır ki, bu da cəmiyyətin birgəyaşayış qaydalarına ziddir.

2. Əxlaq normalarına uyğunluğun pozulması: İctimai yerlərdə nalayiq ifadələr işlətmək, cəmiyyətin etik və mənəvi normalarını pozmaqla, digər şəxslərin hüquqlarını da zədələyir. Bu əsasda məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətləri İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibini təşkil edir. Həmin maddənin tətbiqi ilə Şəxs törətdiyi hərəkətlərin qanunvericiliyə uyğun qiymətləndirilməsi zəruridir. Cəmiyyətin asayişinin təmin edilməsi və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün bu cür davranışlara qarşı inzibati tədbirlər görülməsi isə vacibdir. Məhkəmə İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğuna dair isə qeyd etməyi zəruri hesab edir ki, Şəxs bölməyə gətirildikdən sonra uca səslə nalayiq ifadələr işlədərək və polis bölməsində ətrafı dağıdaraq öz hərəkətləri ilə ictimai davranış qaydalarını pozmuş, qeyd olunan hərəkətlərini dayandırmağı tələb olunduqda isə Şəxs öz hərəkətlərini davam etdirmiş, hətta MSY-nə salındıqdan sonra da MSY-də saxlanılmasına qeyri-adekvat şəkildə etiraz edərək qapıya zərbələr endirmiş, müxtəlif səslər çıxartmaqla bölmənin iş rejimini pozmuşdur. Belə olan halda, Şəxs ictimai qaydanı pozan hərəkətləri dayandırmasına dair yönələn tələb qanuni olmuş, Şəxs isə qeyd olunan tələbə tabe olmayıb, hərəkətlərini davam etdirməklə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, ictimai yerdə ucadan nalayiq ifadələr işlədərk ictimai qaydanı pozmuş, bununla da sonuncu tərəfindən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlləri törədilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin, şahidin izahatları ilə, digər sənədlərlə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, şahidlərin izahatları və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün qismən etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Səmədova X6 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 16 aprel 2025-ci il tarixdən, saat 00:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 16 aprel 2025-ci il tarixdən, saat 00:30-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar