Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2858/2025 16.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40cı PB-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Lənkəran rayonu, Vilvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, stilist işləyən, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Üzeyir Hacıbəyli 128 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə rəisi, polis mayoru X3 izahat verərək bildirmişdir ki, 15 aprel 2025-ci il tarixdə 102 xidmətinə daxil olmuş məlumat əsasında polis xidməti fəaliyyətini həyata keçirən zaman Şəxs və digərləri polisin fəaliyyətini həyata keçirməyə mane olmuş, növbətçi hissənin iş rejimin pozaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə polisin qanuni tələblərinə məhəl qoymayaraq, tabesizlik göstərmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. O, dostlarının bölməyə gətirilməsi barədə məlumat aldıqdan sonra, onlara su aparmaq üçün bölməyə yaxınlaşmışdır. O, burada polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadə işlətməmiş, səs-küy salmamışdır. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması və onların fəaliyyətinə mane olmasına dair iddialar əsassızdır. Ailənin yeganə qazanc mənbəyi olmasını və 2 ağır xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin c/a üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X2 ifadə verərək bildirmişdir ki, 102 xidmətindən daxil olmuş məlumat əsasında otelə baxış keçirilmiş və burada olan şəxslər bölməyə təmin olunmuşdur. Həmin şəxslərin dostları da bu zaman bölməyə gəlmiş, həmin şəxslərdən biri Şəxs olmuşdur. Həmin şəxslər bölmədə olan zaman növbətçi polisin iş rejiminə mane olmuş, polisin ünvanına nalayiq ifadələr işlədərək səsküy salmışlar. Nizam-intizama dəvət olunduqda isə polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərmişlər. Buna görə də həmin şəxslər MSY-ə təmin olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis kiçik serjantı X4 digər şahid X2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs və digərləri xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin gün, saat 02:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin ifadəsindən, həmçinin məhkəmə iclasında dindirilmiş şahid ifadələrindən, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərilməmişdir. Beləliklə, məhkəmə Şəxs istinad edilən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirsizliyi öz izahatı ilə yanaşı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, polis işçisinin və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərini pozma polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama hesab edilir. Məhkəmə araşdırması zamanı isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində qanuni tələblərə qəsdən tabe olmama aşkarlanmamışdır. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib etmiş orqan isə Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabesizlik göstərilməsini sübuta yetirə bilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin ailənin yeganə qazanc mənbəyi olmasını və onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2858/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2858/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver