Məhkəmə qərarları › İş №3(001)-2863/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2863/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2863/2022 05.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi,məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X1 etibarnamə üzrə nümayəndəsi Ağa-zadə Aygün Aydın qızının iştirakı ilə, Şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X5 Şöbəsi Şəxs X3 barəsində İXM-in 347-ci maddəsi ilə AP seriyalı ******* nömrəli, 04 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs X3 tərəfindən xx.xx.2022ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs X1 etibarnamə üzrə nümayəndəsi Ağa-zadə Aygün Aydın qızı izahat verərək bildirmişdir ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, inzibati xətanın törədilməsi zamanı Şəxs X1 mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən sürücü barəsində məlumat xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. Həmin məktub Binəqədi RPİ-nin səlahiyyətli əməkdaşı V.Nuriyev tərəfindən xx.xx.2022-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Ona görə də, Şəxs X3 barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Şirkət tərəfindən rəsmi olaraq Binəqədi RPİ-yə “İSUZU NPR” yük markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barədə məlumat təqdim edilməsinə dair məktubu və bildirişi məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon X5 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə, həmçinin, “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli nümayəndəsinin istifadəsində olan mobil nömrəyə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in ona çatdırılmasına baxmayaraq, Binəqədi rayon X5 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişdir. Məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon X5 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X3 tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş inzibati xəta protokol barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-in 347-ci maddəsi ilə protokol tərtib edilmişdir. DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs X1 mülkiyyətində olan “İSUZU NPR” yük markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin X5 Şöbəsindən Şəxs X2 ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs X1 ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə “Eminli Kəmalə” adlı şəxs tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə Şəxs X3 tərəfindən ünvanlanmış 20 may 2022-ci il tarixli məktubdan görünür ki, Şəxs X1 balansında olan nəqliyyat vasitələrinin idarə edilməsi həvalə edilmiş nəqliyyat vasitələri barədə, həmçinin, 90-JV 138 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü barədə məlumat təqdim edilmişdir. 003493 nömrəli bildirişdən görünür ki, Şəxs MMM tərəfindən ünvanlanmış məktub Binəqədi Rayon Polis İdarəsinin səlahiyyətli şəxsi kimi V.Nuriyev tərəfindən imza edilməklə qəbul edilmişdir Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Şəxs X1 mülkiyyətində olan “İSUZU NPR” yük markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Binəqədi rayon X5 Şöbəsi tərəfindən Şəxs X2 sorğu göndərilmiş, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barəsində məlumatın verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin balansında olan nəqliyyat vasitələrinin idarə edilməsi həvalə edilmiş sürücülər barəsində məlumatın təqdim edilməsinə dair 20 may 2022-ci il tarixli məktubdan görünür ki, inzibati xətanın törədildiyi ** JV *** dövət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücünü ad, soyad, ata adı, sürücülük vəsiqəsinin nömrəsi, yol vərəqinin verilmə və bitmə tarixi barədə məlumat verilmişdir. Həmin məktub Binəqədi Rayon Polis İdarəsinin səlahiyyətli şəxsi V.Nuriyev tərəfindən imza edilməklə qəbul edilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs X1 əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri sübut edilməlidir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-nin 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs X3 inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından AP seriyalı ******* nömrəli, 04 iyun 2022ci il tarixli inzibati xəta haqında protokol üzrə Şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar