Məhkəmə qərarları › İş №3(001)-2864/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2864/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2864/2020 16.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X5 Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X13 məhkəməyə müraciət edərək barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin “inzibati tənbeh vermə haqqında” MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1000 (bir min) manat tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Qərar xx xxxxxxxx 2020-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. İş materiallarında «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli olması barədə heç bir mötəbər sübut yoxdur. Belə ki, «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətində elektronçu vəzifəsində işləmiş X14 öz razılığı ilə işdən azad olunduqdan sonra “iş vaxtından artıq işlərə cəlb edilməsi, əmək haqqının hesablanmasında və ödənilməsində əmək qanunvericiliyinin tələblərinin pozulması” barədə Əmək Müfəttişliyinə şikayət etmişdir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində araşdırma aparılan zaman təqsirin sübuta yetirilməsi barədə heç bir əsasın olmadığını bildirməklə bunu təsdiq edən rəsmi sənədləri təqdim etmişlər. Buna baxmayaraq, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi heç bir obyektiv araşdırma aparmadan qanunsuz və əsassız qərar qəbul edilmişdir. Halbuki, təqsir yalnız şübhə doğurmayan və təkzibedilməz sübutlar əsasında təsdiq edilməlidir. Bundan başqa, işə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən tərtib edilmiş protokolda, göstərilən məlumatlar tam olaraq yerləşdirilməmişdir. Eyni zamanda, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən, «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin işin mövcud vəziyyəti, F.M.Əliyevin şikayətində göstərilənlərlə bağlı bildirdiyi və təqdim etdiyi sənədlər nəinki nəzərə alınmamış, ümumiyyətlə, heç bir yerdə qeydə alınmamışdır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər X1 müraciəti əsasında inzibati xəta haqqında işi hüquqi şəxs olan «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyəti etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə araşdırmış, lakin yekunda qəbul etdiyi “inzibati tənbeh vermə haqqında” MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarla «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X8 inzibati məsuliyyətə cəlb etmişdir. Ceyhun Abbasov vəzifəli şəxs qismində fiziki şəxs olaraq inzibati məsuliyyətə cəlb edilibsə, deməli inzibati xəta haqqında iş üzrə icraat aparılarkən C.Abbasov ya şəxsən, ya da vəkil vasitəsilə təmsil edilməli idi. Digər tərəfdən inzibati məsuliyyətə cəlb edilən hüquqi şəxs olan «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətidirsə, bu zaman inzibati xəta haqqında iş üzrə yekun protokol tərtib edilərək, qərar qəbul edilməsi üçün materiallar məhkəməyə göndərilməli idi. Bununla yanaşı, inzibati orqan tərəfindən qərar qəbul edilərkən, «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin və ya Ceyhun Abbasovun nümayəndəsinin iştirakı təmin edilməmiş, iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Bütün bunlar isə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin “inzibati tənbeh vermə haqqında” MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarının tamamilə qanunsuz və əsassız olduğunu bir daha təsdiq edir. Məhkəmə iclasında «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassızdır və qərəzli olaraq qəbul edilmişdir. Eyni zaman «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X5 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlaməti olsa da, inzibati tənbeh vermə haqqında qərar inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilmişdir. Ona görə də, məhkəmədən Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X15 izahat verərək bildirmişdir ki, vətəndaş X6 müraciəti əsasında sonuncunun izahatı alınmışdır. Müraciətdən müəyyən edilmişdir ki, «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin cəmiyyətdə elektronçu vəzifəsində işləyən X3 haqq-hesabının hesablanması zamanı əmək məzuniyyəti hesablarında və ödənilməsində qanun pozuntularına yol verilmişdir. Qeyd olunan xüsusatlarla bağlı araşdırma aparılmış və «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X5 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulması halı aşkar edilmişdir. Bundan sonra, idarə tərəfindən «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilərək sonuncu hazırda mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarla 1000 manat cərimə edilmişdir. Hesab edir ki, şikayət əsassızdır. Ona görə də, məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X14 «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X9 ərizə ilə müraciət edərək cəmiyyətdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin 218/K nömrəli əmrdən çıxarışından və əmək müqaviləsinə xitam verilməsinə dair portal çıxarışından görünür ki, X14 öz xahişi ilə xx xxx 2020-ci il tarixdə «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin İstehsalat Departamentində tutduğu elektronçu vəzifəsindən azad edilmişdir. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X14 Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə ərizə ilə müraciət edərək «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona iş rejiminə uyğun əmək haqqının verilməməsi və bununla bağlı ona əmək haqqının ödənilməsində köməklik edilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X13 tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması səbəbindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X3 haqq-hesabının hesablanması zamanı əmək məzuniyyəti hesablarında və ödənilməsində qanun pozuntularına yol verilmişdir. Nəticədə «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X13 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və həmin inzibati xətaya görə X13 barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarının hər birinin izahatlarını ayrı-ayrılıqda dinləyib, şikayəti və məhkəmə iclasında toplanmış sübutları bir-biri ilə əhatəli şəkildə araşdıraraq hesab edir ki, «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X5 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkibi olsa da, Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən şəxsin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən hazırkı iş üzrə mübahisələndirilən qərar ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X10 əlavə iş saatlarına əmək haqqının ödənilməməsi ilə əlaqədar əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Lakin Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X13 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar şəxsin inzibati məsuliyyətə cəlb edilmə müddəti keçdikdən sonra çıxarılmışdır. Məhkəmə göstərilən xüsusatla bağlı qeyd edir ki, X14 xx.xx.2020-ci il tarixdə öz xahişi ilə «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətində tutduğu vəzifədən azad edilmiş və onun xx.xx.2020-ci il tarixli müraciəti əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X13 barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq, sonuncu barəsində xx.xx.2020-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qeyd olunanlardan göründüyü kimi, X14 xx.xx.2020-ci il tarixdə öz xahişi ilə «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətində tutduğu vəzifədən azad edilmişdir. Bununla da, Cəmiyyətin prezidenti X13 tərəfindən əmək qanunvericiliyinin tələbləri xx.xx.2020-ci il tarixdə pozularaq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti üç ay keçənədək verilə bilər. Buna baxmayaraq isə inzibati xətanın törədildiyi vaxtdan üç aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X13 barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X13 tərəfindən verilmiş şikayət təmin edilməli, Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 114, 128-130 və 134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X13 tərəfindən verilmiş şikayət təmin edilsin. «Avrora» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X13 barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar