Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2865/2025 14.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndələri Nümayəndə və X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* (00100-00843/25) nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının ifadələri:
2. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib etmiş quruma məlumat verilmiş, lakin nümayəndə məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi Nümayəndə bildirmişdir ki, Gömrükdə hər bir avtomobilin yoxlanılma növbəsi vardır. Avtomobillərin yoxlanış növbəsi dəyişə bilməz. Onlar Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edirlər. Bu günədək belə bir hadisə ilə qarşılaşmamışlar. Belə ki, onlar mütəmadi olaraq gömrükdən mal keçirirlər. Cəmiyyətin əməlində İXM-in 485.2-ci maddəsinin tərkibi olsa belə, cəmiyyətin inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Çünki mallar 08 aprel 2024cü il tarixdə ölkə əraizisnə gətirilmiş və buna baxmayaraq cəmiyyət barəsində protokol 07 aprel 2025-ci il tarixdə tərtib edilmişdir. əgər inzibati xəta varsa artıq 1 ildən çox müddət keçmişdir. Ona görə də, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi X3 bildirmişdir ki, iş üzrə hadisə 2024-cü ilin aprel ayında baş vermişdir. Gecikmənin səbəbi sürücünün interniti olmaması və onlara məlumat verə bilməməsi olmuşdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, **********9114 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Rusiyadan 07BK088/94AD374 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şəxs ünvanına gələn mallar xx.xx.2024-cü il tarixdə saat 15:53-də Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir.
6. **********7410 sorğu nömrəli Qısa idxal bəyannaməsindən və Gömrük Bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, 07BK088/94AD374 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şəxs ünvanına gələn mallara dair **********7410 sorğu nömrəli Qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 15:28-də verilmişdir.
7. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* (00100-00843/25) nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl elektron formada verilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
8. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* (00100-00843/25) nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Dore Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir.
9. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Dore Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 485.2-ci maddəsi ilə tövsif edilmişdir.
10. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, **********9114 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Rusiyadan 07BK088/94AD374 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şəxs ünvanına gələn mallar xx.xx.2024-cü il tarixdə saat 15:53-də Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş və həmin mallara dair **********7410 sorğu nömrəli Qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 15:28-də verilmişdir. Halbuki qanunvericiliyin tələblərinə uyğun olaraq Qısa idxal bəyannaməsi malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməli idi.
11. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
12. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir.
13. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
14. Qeyd olunan qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir və bu proses malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl olmalıdır.
15. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxsnə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Dore Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir və cəmiyyətin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Lakin məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdirt ki, Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar vardır.
16. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən İXM-in 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi 08 aprel 2024-cü il tarixdə törədilmiş və buna baxmayaraq, Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXMin 485.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, EP ******* (00100-00843/25) nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən inzibati xəta haqqında protokol əsasında toplanmış material isə məhkəməyə 17 aprel 2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, Bakı Baş Gömrük İdarəsi tərəfindən İXM-in 485.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, EP ******* (00100-00843/25) nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material məhkəmənin icraatına daxil olan zaman Şəxs iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir.
17. Bu mənada qeyd edilməlidir ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.
18. İXM-in 38.2-ci maddəsində isə qeyd edilir ki, 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.
19. İXM-in 485.2-ci maddəsi həmin Məcəllənin “Gömrük qaydaları əleyhinə olan inzibati xətalar” fəslinə (Fəsil 37) aiddir və həmin fəsil üzrə müəyyən edilmiş inzibati xətalar üzrə təyin ediləcək inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 (bir) il keçənədək verilə bilər.
20. Belə olan halda aydın olur ki, inzibati xətanın törədildiyi gündən, yəni 08 aprel 2024-cü il tarixdən sözügedən materialın məhkəməyə daxil olduğu vaxtadək, yəni 17 aprel 2025-ci il tarixədək 1 (bir) ildən artıq müddət keçmişdir.
21. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
22. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
23. İXM-in 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
24. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
25. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* (00100-00843/25) nömrəli inzibati xəta haqqında protokol üzrə İXM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxsna İXM-in 485.2-ci maddəsi ilə inzibati təhbeh tətbiq edilməməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati təhbeh tətbiq edilməsin. Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* (00100-00843/25) nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova