Məhkəmə qərarları › İş №3(001)-2867/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2867/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2867/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şəxs MMC, AZ1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ev 7, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 10 aprel 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN: **********) 21 iyun 2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5302 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Türkiyədən 77LN175/99YE462 nömrəli nəqliyyat vasitəsində gətirilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı sözügedən malların daşındığı nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisinə 14 iyun 2024-cü il tarixdə saat 22:06-da daxil olduğu, lakin həmin yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən mallara dair tərtib edilmiş **********5595 sorğu nömrəli qısa idxal bəyannaməsinin isə 14 iyun 2024-cü il saat 23.26-da rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərildiyi məlum olmuşdur. Şəxs MMC-nin nümayəndəsi məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, Şəxs MMC təşkilatı-hüquqi formaca yarı xarici investisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətdir. Cəmiyyət 2000-ci ildə təsis olunub və 2003-cü ildə inşaat materialları zavodu işə salınaraq istehsal fəaliyyətinə başlamışdır. Şəxs MMC Azərbaycan Respublikasında "xxxx" sahəsində fəaliyyət göstərir. Şirkətin Azərbaycan Respublikasında həyata keçirməyə planlaşdırdığı lahiyələr xüsusi texnologiya ilə işlənməsini və peşəkar şəkildə təqdim olunaraq satılmasını tələb edir. Bundan əlavə Şəxs MMC – nin törəmə Şirkəti olan "xxxx" MMC Sumqayıt Kimya Sənaye Parkında zavodun tikilməsi üçün yuxarı dövlət orqanlarına müraciət etmiş və razılıq alınmışdır. Zavodun təməl atmasında cənab X2 iştirak etmişdir. Eləcə də dünən, yəni 01 may 2025-ci ildə X2 cənablarının iştirakı ilə yeni zavodun açılışı olmuşdur. Yaxın zamanda Özbəkistanda açılacaq “Mr.Fix” şirkətinə dəstək verilməsi barədə isə cənab X2 tərəfindən birbaşa İqtisadiyyat Nazirinə göstəriş verilmişdir. Protokolda da qeyd edildiyi kimi hazırda icraatı davam edən inzibati xəta tərəflərindən qəsdən həyata keçirilməmişdir. “Asan” imzada qeyri-iş günləri müddətində problem yaşandığı üçün başqa bir broker şirkətə müraciət edilərək əllərindən gələn qədər qısa müddətdə bəyannaməni təqdim etməyə çalışmışlar. Daha sonrasında nümayəndələri gömrük orqanı əməkdaşına da bu barədə bildirmiş, lakin artıq iş qeydiyyata alındığı üçün protokol tərtib etmək məcburiyyətində qalınmışdır. Bütün bu səylərinin həyata keçirilməsində əsas məqsədi yüksək keyfiyyətli, Avropa Standartlarına cavab verən tikinti materiallarının istehsal edib Azərbaycan Brendi kimi Dünya bazarına çıxarmaqdır. Ölkəmiz hər zaman investisiyanın, kapital qoyuluşunun artırılmasında onlara kömək etmişdir. Gördükləri işlər də hazırda dövlətiə layiqli şirkət olmaqdan ötrüdür. Bu səbəbdən, yuxarıda qeyd edilən inzibati xətaya ehtiyatsızlıq ucbatından yol verilmiş, daha sonrasında ən qısa müddətdə problem həll edilməyə çalışılmışdır. Bu səbəbdən barələrində inzibati tənbehin tətbiq edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Əlavə olaraq isə qeyd edilir ki, qısa bəyannamə təsdiqlənmişdir və təsdiqləndiyinə görə hər hansı bir problem olmamalıdır. Əgər təsdiqlənməmiş olsa idi, gömrük komitəsi haqlı ola bilərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış hüquqi şəxs Şəxs MMC və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndələrinin iştiraklarını məhkəmədə təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokola nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan çıxarışdan görünür ki, 14 iyun 2024-cü il tarixdə, saat 22:06-da 77LN175/99YE462 nömrəli nəqliyyat vasitəsi ilə hüquqi şəxs Şəxs MMC-in ünvanına göndərilən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Qısa idxal bəyannaməsindən və gömrük bəyannaməsinin elektron çıxarışından görünür ki, Turkiyədən 77LN175/99YE462 nömrəli nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan malların qısa idxal bəyannaməsi Şəxs MMC tərəfindən elektron qaydada 14 iyun 2024-cü il tarixdə, saat 23:26-da verilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-yə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 485.2-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs MMC-nin etirazı ilə bağlı xüsusilə vurğulmağı zəruri hesab edir ki, şirkətin nüfuzu, uğurları və qabaqcıl statusu məsuliyyətin hüquqi əsaslarla aradan qaldırılmasını təmin etmir. Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələbləri imperativ xarakterlidir. Belə hallarda texniki və ya təşkilati çatışmazlıqlar (Asan imza problemi və s.) qanunvericiliklə müəyyən edilmiş prosedurların pozulması üçün əsas ola bilməz. Bundan əlavə, mallar 14 iyun 2024-cü il tarixində gömrük ərazisinə daxil olmuşdur ki, məhz bəyannamənin təqdim edilmə öhdəliyi də malların faktiki gətirilmə günündən əvvəlki dövrü əhatə edir, yəni bu bəyannamənin 14 iyun 2024-cü tarixinədək — 13 iyun və ya daha əvvəlki tarixlərdə təqdim edilməsi mümkün idi. Belə olan halda bu cür qənaətə gəlmək olar ki, şirkətin qısa idxal bəyannaməsinin daha əvvəl göndərilməsi imkanı olmuş, lakin istifadə edilməmişdir. Eyni zamanda təqvimdə həmin günlər də qeyri-iş günlərinə təsadüf etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar