Məhkəmə qərarları › İş №3(001)-2868/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2868/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2868/2025 16.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi Nümayəndə1, Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə 49342.90 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 24 fevral 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən 49342.90 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC vasitəsilə 23 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 49342.90 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Qeyd edilən faktla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş bəyannamələr xaricə köçürülmüş 49342.90 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq etmir. Belə ki, həmin bəyannamələr Dövlət Gömrük Komitəsinin elektron informasiya məlumat bazasında yoxlanmış və müəyyən edilmişdir ki, bəyannamələr digər ödənişlərlə bağlı təqdim edilmişdir. Bundan əlavə bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından da görünür ki, 49342.90 ABŞ dolları məbləğində vəsait avans ödənişi olaraq xaricə köçürülmüşdür. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edimişdir. Şəxs ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “Teknopanel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş.” şirkəti arasında xx.xx.2021-ci il tarixdə dəyəri 1000.000 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə mallar Azərbaycan Respublikasına daxil olmuş, gömrük bəyannamələri verilmiş və həmin mallara görə “Teknopanel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş” şirkətinin hesabına xx.xx.2023-cü il tarixdə 49342.90 ABŞ dolları məbləğində olan vəsaiti köçürülmüşdür. Həmin vəsait avans məbləği kimi deyil, göndərilmiş malların dəyəri olaraq köçürülmüşdür. Lakin gömrük bəyannamələrində texniki səhv olaraq “çatdırılma şərtləri” qrafasında kod səhv qeyd edilmişdir. Bundan əlavə qeyd edilən müqavilə üzrə təqdim edilmiş gömrük bəyannamələrinin sayı çox saydadır. Həmin bəyannamələrin hansının bağlanadığını, hansının açıq qaldığını müəyyən etmək mümkün olmamışdır. Amma xx.xx.2023-cü il tarixdə köçürülmüş məbləğlə bağlı mallar Azərbaycan Respublikasına idxal olunmuş və gömrük bəyannamələri verilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli PT202100812 nömrəli müqavilədən görünür ki, “Teknopanel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş” şirkəti ilə Şəxs arasında ümumi dəyəri 1000.000 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli **********5302 nömrəli gömrük bəyannaməsindən görünür ki, “Teknopanel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş” şirkəti tərəfindən Şəxs ünvanına ümumi invoys dəyəri 10466.40 ABŞ dolları olan mal göndərilmişdir. xx.xx.2022-ci il tarixli **********9025 nömrəli gömrük bəyannaməsindən görünür ki, “Teknopanel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş” şirkəti tərəfindən Şəxs ünvanına ümumi invoys dəyəri 11093.60 ABŞ dolları olan mal göndərilmişdir. xx.xx.2022-ci il tarixli **********9087 nömrəli gömrük bəyannaməsindən görünür ki, “Teknopanel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş” şirkəti tərəfindən Şəxs ünvanına ümumi invoys dəyəri 9172.80 ABŞ dolları olan mal göndərilmişdir. xx.xx.2022-ci il tarixli **********9995 nömrəli gömrük bəyannaməsindən görünür ki, “Teknopanel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş” şirkəti tərəfindən Şəxs ünvanına ümumi invoys dəyəri 11093.60 ABŞ dolları olan mal göndərilmişdir. xx.xx.2022-ci il tarixli **********3486 nömrəli gömrük bəyannaməsindən görünür ki, “Teknopanel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş” şirkəti tərəfindən Şəxs ünvanına ümumi invoys dəyəri 16149.60 ABŞ dolları olan mal göndərilmişdir. xx.xx.2023-cü il tarixli, OX1 nömrəli “Köçürmə ərizəsi”ndən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə əsasında Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 49342.90 ABŞ dolları məbləğində pul vəsaiti “Teknopanel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş” şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 49342.90 ABŞ dolları məbləğində olan vəsait bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin banka X2 təqdim edilməmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs 49342.90 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 49342.90 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Belə ki, “Teknopanel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş” şirkəti ilə Şəxs arasında xx.xx.2021-ci il tarixdə ümumi dəyəri 1000.000 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanılmış, “Teknopanel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş” şirkəti tərəfindən invoys dəyəri bəzi mallar Şəxs ünvanına göndərilərək gömrük bəyannamələri verilsə də, həmin bəyannamələrin digər köçürmələrlə bağlı olduğu müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında “Teknopanel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş” şirkətinin hesabına köçürülmüş 49342.90 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış malların Azərbaycan Respublikasına göndərilməsi, bununla bağlı gömrük bəyannaməsinin verilməsi və ya qeyd edilən məbləğdə valyuta vəsaitinin geri qaytarılması müəyyən edilməmişdir. Bundan əlavə BRPG” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmədə izahat verərkən Teknopanel Çatı ve Cephe panelleri üretim San. Ve Ticaret A.Ş” şirkətinin hesabına köçürülmüş 49342.90 ABŞ dolları məbləğində pul vəsaitinin avans məbləği olmadığını bildirsə də, həmin məbləğin avans kimi köçürülməsi ödəniş tapşırığı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 49342.90 (qırx doqquz min üç yüz qırx iki dollar doxsan sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında olan 9868.58 (doqquz min səkkiz yüz altmış səkkiz dollar əlli səkkiz sent) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 16776.58 (on altı min yeddi yüz yetmiş altı manat əlli səkkiz qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar