Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2869/2020 25.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PBnin sahə inspektoru, polis leytenantı X2, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Cavanşir küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində ondan ötrü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, ev 23 ünvanından A.B.Cümşüdova məxsus 500 manat dəyərində velosiped oğurlamışdır. Törədilmiş inzibati xəta ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Pİ-nin 6-cı PB-nin sahə inspektoru, polis leytenantı X4 tərəfindən inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli MN №0753383 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis leytenantı X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməklə barəsində inzibati həbs tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. İnspektor bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, ev 23 ünvanından A.Cümşüdova məxsus 500 manat dəyərində velosiped oğurlamışdır. C.X3 müayinədən keçirilərkən sidiyində narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs qeyd edilən oğurluğu etdiyini etiraf etmişdir. Ona qarşı polis şöbəsində heç bir təzyiq və təsir göstərilməmişdir. Törətdiyi oğurluğu maddi imkansızlıq səbəbindən törətmişdir. Törətdiyi əməldən peşmandır, nəzərə alınmasını məhkmədən xahiş etmişdir. Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı polis mayoru Famil Məsimov tərəfindən qəbul edilmiş X1 ərizəsi əsasında toplanmış HK-1769 saylı material üzrə xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, oğurluq edən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada inzibati təsir tədbirləri görülməsi məqsədilə qərarın surəti icra edilməsindən ötrü ərazinin sahə inspektoruna göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Şəxs Binəqədi RPİ-nin 6-cı PB-in rəisi polis polkovnik leytenantı Cövdət Məmmədova verdiyi yazılı izahatından görünür ki, o, xx.xx.2020-ci il tarixdə Biləcəridə yaşayan bacısı gilə qonaq getmişdir. Bacısıgildən çıxıb ara məhlələrnən aşağı avtobus dayanacağına düşərkən gözünə setkaların içində saxlanılmış velosipedi, ətrafda heç kimin olmadığını görüb, yaxınlaşıb setkanın qapısını açıb velosipedi ordan çıxarmışdır. Yola qədər əlində sürə-sürə çıxartmış, yolda velosipetə minərək 20 Yanvar istiqamətində sürərək getmişdir. 20 Yanvar metrosu ətrafında tanımadığı qadın və kişiyə 40 manata satmışdır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli MN №0753383 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs xx.xx.2020-ci il tarixdə Narkoloji Mərkəzdə müayinədən keçirilərkən sidiyində narkotik vasitə aşkar olunmuş və həmin tarixdə bu barədə 483 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinə aktı tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AZA №000705 saylı İnzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətalarıın xarakterini nəzərə alaraq inzibati xəta törədən şəxs Şəxs barəsində daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən 227-ci maddəsi ilə 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən saat 10:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2869/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2869/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver