Məhkəmə qərarları › İş №3(001)-287/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-287/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-287/2021 07.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Meqri rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsi 1, ev 13 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2384/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment Şəxs tutularaq Babayeva (İbadova) X7 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə tələb təmin edilməmişdir. Heç bir məbləğdə ödəniş edilməmişdir. Alimentin ödənilməsi ilə bağlı borclunun hal-hazırda 2000 manat borc yaranmışdır və o, həmin borcu ödəməkdən yayınır. Qeyd olunanlara əsasən icra məmuru X8 Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon icra və probasiyası şöbəsinin icra məmuru X8 məhkəmə prosesində verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyi üçün barəsində protokol tərtib olunduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İİ qrup əlil olduğunu, sosial müvinət aldığını, başqa gəlir mənbəyinin olmadığını, icra sənədi üzrə tələbi ödəməyə maddi imkanının olmadığını, borcunu ödəmək niyyətində olduğunu, qərəzli olaraq borcundan yayınmadığını bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2384/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment Şəxs tutularaq Babayeva (İbadova) X7 xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru K.Mirzəyev xx.xx.2020-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarında olan X3 tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X3 Şəxs tərəfindən icra sənədi üzrə heç bir ödənişin olmadığını bildirərək, yığılmış borcun tam şəkildə alınması və aylıq vaxtlı-vaxtında borcun ödənilməsi barədə tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DSMF-nın Binəqədi rayon Şöbəsi tərəfindən verilmiş 027051 nömrəli vəsiqədən məlum olur ki, Şəxs İİ qrup əlildir. Məhkəmə borclu Şəxs 2-ci qrup əlili olmasını, heç yerdə işləməyərək qazanc əldə etməməsini, borcunu ödəmək niyyətinin olmasını nəzərə alaraq hesab edir ki, hazırkı məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN №0468579 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar