Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2876/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis mayoru X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Şamaxı rayonu, Cabanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Müşviqabad qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində sərxoş halda polisin qanuni tələbinə tabe olmadığına, həmçinin 17 saylı TTYS-nin inzibati binasında səs-küy salaraq həkimlərlə mübahisə edib onlara qarşı nalayiq ifadələr işlətdiyinə görə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis mayoru X5 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə DİN-in 102 zəng mərkəzinə zəng edilərək, Xırdalan dairəsində yerləşən “Aşıqlar” kafesində iki sərxoşun səs-küy salaraq dalaşdıqları bildirilmişdir. O, “Aşıqlar” kafesinə girdikdə, iki nəfər sərxoşun kafe işçiləri ilə dalaşdıqlarını gömüşdür. Adı sonradan məlum olan sərxoşlardan biri, yəni X6 döyülmüş vəziyyətdə olmuşdur. X2 döyülməsi barədə ərizə və izahatını almaq istəsə də, Əltağa Əmirov ilkin olaraq həkimə ehtiyacı olduğunu bildirmişdir. Bu səbəbdən o, Şəxs və X3 müayinə üçün 17 saylı TTYSna gətirmişdir. Lakin Şəxs 17 saylı TTYS-nin inzibati binasında səs-küy salmış, həkimlərlə mübahisə edərək, onlara qarşı nalayiq ifadələr işlətmiş və sərxoş halda polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş və barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək bildirmişdir ki, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, nömrəsiz evdə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 17:00-da tanışı X6 ilə yaşadığı qəsəbədə görüşmüş, “Şəki” kafesində pivə içdikdən sonra Xırdalan dairəsində yerləşən “Aşıqlar” kafesinə getmişlər. Orada onlar “Hell” enerji içkisi sifariş etmişlər. Lakin kafedə işləyən oğlan “Hell” enerji içkisini onlara qapağını açıq vəziyyətdə gətirmiş, eləcə də həmin içkinin mağazada olan qiymətindən 5 qat artıq qiymətə, yəni hər bir içki üçün təxmini 5 manat məbləğində pul istəmişdir. Belə olan halda Əltağa Əmirov kassa mədaxil qəbzini istəmiş, lakin kassir qəbzi təqdim etmək yerinə haqsız yerə onlarla mübahisə etmişdir. Mübahisə zamanı Əltağa Əmirov kafedə işləyən altı-yeddi nəfər tərəfindən nalayiq ifadələrlə söyülüb təhqir edilmiş, hətta döyülərək xəsarət almışdır. Hadisə yerinə gələn polis əməkdaşları Əltağa Əmirovun döyülməsi barədə ərizə və izahatı almaq istəsələr də, Əltağa Əmirov ilkin olaraq həkimə ehtiyacı olduğunu bildirmişdir. Polis əməkdaşları onları 17 saylı TTYS-na gətirmişlər. Tibb məntəqəsinə daxil olmaq istəsə də, həkimlər tibbi yardımı məntəqənin qarşısında olan avtomobildə ilkin yardım göstərəcəklərini bildirmişlər. Buna narazılıq etdikdə, TTYS-nin həkimləri ilə aralarında mübahisə yaranmışdır. O, həmin zaman əsəbiləşib nalayiq ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları onları polis bölməsinə aparmışlar. Bölmədə izahatı alınaraq barəsində İXM-in 510 və 535.1-ci maddələri protokol tərtib edilmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 izahatında bildirmişdir ki, o, hal-hazırda Biləcəri qəsəbəsi 17 saylı TTYS-də səyyar həkim işləyir. xx.xx.2020-ci il tarixdə, saat təxminən 22 radələrində 17 saylı bölmədə növbədə olan zaman polis əməkdaşları tərəfindən müayinə üçün xəstə gətirilmiş və xəstəyə sanitar avtomobildə müayinə olunacağı bildirilmişdir. Vətəndaş avtomobildə müayinə olunacağına etiraz etmiş və deyilənlərə baxmayaraq təhqiredici sözlərlə hücum çəkmiş və nalayiq söyüşlərlə söyməyə başlamışdır. Polis əməkdaşlarının onlara dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, aqressiv cavab verərək, sanitar avtomobilə oturmaqdan və müayinədən imtina etmişlər. Həmin zaman xəsarət almasa da, mənəviyyatı alçaldılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs 17 saylı TTYS-nin inzibati binasında səs-küy salmış, həkimlərlə mübahisə edərək, onlara qarşı nalayiq ifadələr işlətmiş və 17 saylı TTYS-nin iş rejiminə maneəçilik törətmiş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və buna görə də, Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişdir. xx.xx.2020-ci il tarixli, 2/8679 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs oğlunun müayinəsi zamanı onun alkoqol sərxoşluğunun dərəcəsi ortadır. Şəxs oğlu barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs oğlu barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, xx.xx.2020-cu il tarixdə Şəxs oğlunun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı onun alkoqol sərxoşluğunun dərəcəsi orta olduğu aşkar edilmiş və məhkəmə iclası zamanı sonuncu həmin gün alkoqoldan istifadə etməsini səmimi olaraq etiraf etmişdir. Beləliklə, Şəxs oğlunun İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs oğlunun İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilməsini məqsədə müvafiq hesab edir. Müdafiəçi Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 2 (iki) saat vaxt sərf etmişdir. İXM-in 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 2 (iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının DİN-nin Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2876/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2876/2020
28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver