Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2877/2025 17.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, X1 inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-12500 nömrəli qərarından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət vermişdir. Lakin həmin şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-1933/2025 nömrəli qərardadı ilə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, xx.xx.2025-ci il tarixli, 16/1-12500 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, «Honda» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol hərəkəti qayda pozuntularına görə Baş X4 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında vətəndaş X2 barəsində çıxarılmış EQ/16745153, EQ/17260811, EQ/18646179, EQ/16736964, EQ/17263299 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar məhkəmə qərarları əsasında ləğv edildikdən sonra inzibati xəta haqqında işlərə yenidən baxılmış və Baş X4 idarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə vətəndaş X2 barəsində hər biri 300 (üç yüz) manat məbləğində olmaqla 5 inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi hesab etmişdir ki, X1 şikayət verdiyi xx.xx.2025-ci il tarixli, 16/1-12500 nömrəli qərarı qəbul etmiş orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Binəqədi rayonu ərazisində yerləşdiyindən şikayətə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi qərardadında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 129.1.2-ci maddəsinə istinad edib, qeyd etmişdir ki, kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest - birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməli olduğundan inzibati xəta haqqında işə baxılması ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadındakı həmin mövqeylə aşağıdakılara əsasən fikir ayrılığı yaranır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-12500 nömrəli qərar kollegial orqan tərəfindən deyil, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardır. İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarında olan, X2 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2025-ci il tarixli vəsatətdən görünür ki, İlkin Ələsgərov vəsatətlə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-12500 nömrəli qərardan şikayətinə yaşayış yeri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş inzibati xəta haqqında şikayət və digər sənədlərin tədqiqi zamanı şikayət vermiş şəxsin işə yaşadığı yer üzrə baxılması barədə vəsatətinin olması nəzərə alınmamışdır. Yuxarıda qeyd edilən hallara Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadında qiymət verilmədiyindən, məhkəmə qərardaddakı həmin mövqe ilə razılaşa bilinməz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-12500 nömrəli qərardan verdiyi şikayət üzrə ərazi aidiyyətinin müəyyən edilməsi üçün şikayət və ona əlavə edilmiş sənədlər Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110, 118, 129cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X2 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-12500 nömrəli qərardan verdiyi şikayət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2877/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2877/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver