Məhkəmə qərarları › İş №3(001)-2879/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2879/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2879/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 06 mart 2025-ci il tarixli EQ26449824 nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 06 mart 2025-ci il tarixli EQ26449824 nömrəli qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında 06 mart 2025-ci il tarixli EQ26449824 nömrəli qərar tamamilə əsassız və mövcud qanunvericiliyə ziddir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublİkasının Qanununun 48-ci maddəsinin İV hissəsinə əsasən xüsusi hərəkət zolağına yalnız aşağıdakı hallarda daxil olmaq icazəlidir. 1. Sərnişin mindirmək və düşürmək məqsədilə, 2. Yol hərəkəti qaydalarına uyğun olaraq maneədən yan keçmək məqsədilə 3. Yol nişanları və ya yol hərəkət qaydaları ilə müəyyən edilmiş digər hallar çərçivəsində. Onun hərəkəti məhz bu qanunvericilik çərçivəsində olmuş, sərnişinin təhlükəsiz şəkildə nəqliyyat vasitəsindən düşməsi üçün avtobus zolağından istifadə etməsi qanuni olmuşdur. Həmçinin dayanmanı qadağan edən hər hansı bir yol nişanı həmin ərazidə mövcud deyildir. Bununla yanaşı, avtobus zolaqları sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Yerüstü piyada keçidinin olduğu bir ərazidə ikinci zolaqda sərnişini düşürmək nəinki qanunvericiliyə ziddir həm də piyadaların və digər nəqliyyat vasitələrinin təhlükəsizliyini risk altına alır. Elektron protokolu tərtib edən şəxs həmin qərarı sərnişin təhlükəsizliyini nəzərə almadan insan hüquqlarını və yol hərəkəti qaydalarını pozaraq vermişdir. Bu halda sərnişin düşürmək istəyən sürücü necə davranmalıdır? Sərnişin təhlükəsizliyinin təminini necə etməlidir? Yol hərəkəti təhlükəsizliyinin əsas prinsipi piyadaların və sərnişinlərin qorunmasıdırsa belə bir qərar hansı prinsipə uyğunlaşır? Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verəni dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə GP 28464354 nömrəli qərardaddan görünür ki, X2 barəsində 06 mart 2025-ci il tarixli EQ26449824 nömrəli protokol tərtib edilmiş, həmin protokola əsasən X2 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə təqsirli bilinmişdir. Adıçəkilən qərarla X2 barəsində tərtib olunmuş EQ26449824 nömrəli inzibati xəta haqqında protokol və digər materialların baxılması üçün aidiyyəti üzrə Yasamal rayon DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Şikayətə əlavə edilmiş xüsusi texniki vasitə ilə çəkilmiş videogörüntüdən görünür ki, “Land-Cruiser Prado” minik markalı avtomobilin istifadəçisi X2 nəqliyyat vasitəsilə hərəkətdə olarkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş bütöv xəttlə ayrılmış hərəkət zolağına daxil olur və həmin zolağın daxilində sərnişin düşürmək üçün hərəkətini dayandırır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 48-ci maddəsinin İV hissəsinə görə 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. 81-ci maddəsinə görə bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Belə olan halda aydın olur ki, şikayətin “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Belə ki, “Land- Cruiser Prado” minik markalı avtomobilin hərəkət etdiyi yolun sağ kənarında ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaq mövcud olmuşdur. Yol nişanlanmasına əsasən həmin zolaq, digər nəqliyyat vasitələri üçün hərəkət və dayanma üçün qadağan edilmiş sahə hesab olunur. Qanuna əsasən, yalnız o halda ki, bu zolaq qırıq-qırıq nişanlama xətti ilə əsas hərəkət hissəsindən ayrılmışdır, digər nəqliyyat vasitələrinin dönərkən, yola girərkən və ya sərnişinlərin minməsi və düşməsi məqsədilə bu zolağa qısa müddətlik keçməsinə icazə verilir. Lakin hazırki mübahisəsi keçən yolda zolaq bütöv xəttlə ayrıldığı üçün bu istisnalara yol verilmir. Nəticə etibarilə, X2 idarə etdiyi avtomobillə bu zolağa daxil olaraq sərnişin düşürməsi ilə yol hərəkəti qaydalarının tələblərini ciddi şəkildə pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 06 mart 2025-ci il tarixli EQ26449824 nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 06 mart 2025-ci il tarixli EQ26449824 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar