Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2885/2021 10.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: "xxxx" MMC (VÖEN **********) Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 9 A mkr., ev 72, mənzil 11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş 05.08.2021-ci il tarixli, MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 39401.46 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 24.07.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 39401.46 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi (vəkil) məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, "xxxx" MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, "xxxx" MMC ilə DONGFANG İMPORT AND EXPORT CO. LİMİTED arasında 17.10.2018-ci il tarixli, HY20181017 nömrəli və 02.08.2019-cu il tarixli, HW20190802 nömrəli eyni xarakterli müqavilələr bağlanmışdır. Hər iki müqavilənin predmeti eyni olmaqla uşaq mallarından ibarət olmuşdur. Müqavilələrin hər birinin 2-ci maddəsinə müvafiq olaraq DONGFANG İMPORT AND EXPORT CO.LİMİTED tərəfindən "xxxx" MMC-yə uşaq mallarının göndərilməsi, sonuncu tərəfindən isə malların qəbul edilib dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilələrə uyğun olaraq alıcı ilə satıcı arasında davamlı əlaqələr yaranmış və tərəflərindən müxtəlif vaxtlarda 17.10.2018-ci il tarixli müqaviləyə əsasən DONGFANG İMPORT AND EXPORT CO.LİMİTED-in hesablaşma hesabına 463350,00 ABŞ məbləğində pul köçürülmüş və buna müvafiq olaraq DONGFANG İMPORT AND EXPORT CO.LİMİTED tərəfindən 464580,30 ABŞ dolları məbləğində mal göndərilmişdir. Göstərilən bu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada Gömrük Bəyannamələri rəsmiləşdirilmişdir. Göründüyü kimi, 17.10.2018-ci il tarixli müqavilə üzrə tərəflərindən köçürülmüş vəsait müqabilində 1230,30 ABŞ dolları məbləğində çox uşaq malları göndərilmişdir. Bundan başqa 02.08.2019-cu il tarixli, HW20190802 nömrəli müqaviləyə əsasən DONGFANG İMPORT AND EXPORT CO.LİMİTED-in hesablaşma hesabına 461100,00 ABŞ məbləğində pul köçürülmüş və buna müvafiq olaraq DONGFANG İMPORT AND EXPORT CO.LİMİTED tərəfindən 437806,13 ABŞ dolları məbləğində mal göndərilmişdir. Göstərilən bu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada Gömrük Bəyannamələri rəsmiləşdirilmiş və iki müqavilə üzrə hər hansı vəsaitləri iki ildən artıq Respublikadan kənarda qalması faktı mövcud deyildir. Hazırda 02.08.2019-cu il tarixli, HW20190802 nömrəli müqavilə üzrə mal idxal edilməsi davam etməkdədir. O, göstərilən bu halları nəzərə alaraq, "xxxx" MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, "xxxx" MMC tərəfindən təqdim edilmiş bəyannamələrin olduğunu təsdiq edərək həmin MMC-nin barəsində iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 17.10.2018-ci il tarixli müqavilədən görünür ki, DONGFANG İMPORT AND EXPORT CO.LİMİTED və "xxxx" MMC arasında predmetini uşaq malları təşkil edən müqavilə başlanmışdır. 02.08.2019-cu il tarixli müqavilədən görünür ki, DONGFANG İMPORT AND EXPORT CO.LİMİTED və "xxxx" MMC arasında predmetini uşaq malları təşkil edən müqavilə başlanmışdır. 17.10.2018 və 02.08.2019-cu il müqavilələri üzrə rəsmiləşdirilmiş gömrük bəyannamələrindən görünür ki, "xxxx" MMC tərəfindən DONGFANG İMPORT AND EXPORT CO.LİMİTED şirkətinə ödənişlər həyata keçirilmişdir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 28.11.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda yaranır. Lakin, iş materiallarında olan "xxxx"dən görünür ki, Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vəsait avans yolu ilə xaricə köçürülmüşdür ki, həmin müddətdən 2 (iki) ilin keçməməsi hazırkı iş üzrə inzibati xəta hadisəsinin olmasını istisna edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta hadisəsi olmadığından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş 05.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2885/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2885/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver